Baxdığım erotik filmin atamın əlinə keçməsi

Baxdığım erotik filmin atamın əlinə keçməsi
19 fevral 2015
# 11:05

Bu hadisə biz uşaq olanda baş verib. Hələ o vaxtlar idi ki, SSRİ dağılsa da, insanlar mehriban idi, bir-birinin qapısını açırdı, bir-birinin həyətinə yığılırdı.

Sərin yay axşamlarının birində də qohumlar, qonşular bizim həyətimizə yığışıb həyətə çıxartdığımız televizora baxır, çörək yeyir, deyib-gülürdülər. Televizorda əyləncəli bir veriliş göstərirdilər. Nəsə bayram havası vardı. Allah bilir ötüb keçmiş hansısa bayram şənliyini təkrar efirə verirdilər. Pəhləvanlar döyüşür, qurşaq tutur, ağırlıq qaldırır, dişləri ilə maşın çəkir, şüşə qırıqlarının üstündə ayaqyalın oynayırdılar. Yadımda deyil, aparıcı uşaqları televizorun qarşısından uzaqlaşdırın deyə bir elan eləmişdi, ya yox. Valideynlərim uzaqlaşmağımız üçün heç nə deməmişdilər. Əksinə, atam pəhləvanı qardaşlarıma göstərir, deyirdi: “Görürsüz, nə güclüdü? Siz də böyüyəndə belə güclü olacaqsınız!”

Anamgilin başı artıq hamının əl çəkdiyi, yeyib doyduğu süfrəni yığışdırmağa qarışanda, boş butulkaları da daşıyıb boş qaraja yığmağı qardaşlarıma həvalə elədilər. Çox keçmədi, böyük qardaşım harayla gəldi ki, balacanın ayağını şüşə kəsib. Anamla birgə mən də yüyürdüm. Gedib nə görsək yaxşıdı? Qardaşım butulkaları çırpıb bir-birinə sındırıb. Uşaq ağlıyla pəhləvanlıq eşqinə düşüb. Şüşənin üstünə çıxıb oynayan kimi ayaqlarını qan aparıb. İndi də zülüm-zülüm ağlayır.

Atam nəinki qardaşımı danlamadı, başını oxşadı, üzündən öpdü. Mənim oğlum pəhləvanlıq eşqinə düşüb dedi. Düzdü, sənə hələ tezdi-filan dedilər, amma ciddi tənbeh eləmədilər.

Halbuki televizorda adi qucaqlaşma, öpüşmə səhnələri olanda valideynlərim bizi ekran qarşısından uzaqlaşdırırdılar. Bunu o qədər təkrar etmişdilər ki, biz niyə uzaqlaşdırıldığımızı onsuz da bilirdik. Baxmasaq da gedib o yanda kinonun davamına xəyalımızda baxa bilirdik.

Bilənlər bilir ki, ixtisasca kinoşünasam. İtaliya kinosunda neorealizm cərəyanını və tənqidi realizm bölümünü keçəndə Pyero Paolo Pazalininin “Sadomun 120 günü” filminin üstündən sükutla keçə bilmədik. Çünki dünya kino tarixinə düşmüş ən qalmaqallı filmlərdən biri sayılırdı. Kurs rəhbərimiz Həmidə Ömərova universitetimizin kino zalında bu filmi bizə nümayiş etdirmədi. Çünki qrup uşaqlarının hamısı filmi həzm edəcək səviyyədə deyildi. Filmə baxmaq istəyənlərə məsləhət gördü ki, “zamdekan”dan kaseti alsınlar, üzünü köçürə-köçürə bir-birlərinə ötürsünlər. Film həm də hər bir kinoşünasın şəxsi film fondunda olmalıdır. Kaseti götürdüm (disklər o vaxt belə yayılmamışdı). Evə gətirib pul istədim. Atam dedi, bir dostu kaset köçürməklə məşğuldu elə. Aparar, pulsuz köçürüb verər. Təxminən bilirdim ki, film sadizm və faşizmdən bəhs edir. Amma filmə hələ baxmadığıma görə ondan mənə gələcək ziyandan xəbərim yox idi. Atam kaseti aparar, dostuna verər, dostu kaseti köçürə-köçürə maraq xatirinə filmi də izləyər. Və şoka düşər. Atamı təcili çağırıb deyər: “Allah evini yıxsın, sənin xəbərin var ki, qızın nə işlə məşğuldu?”

Atam başılovlu evə gəldi. Həmin gün mənim anadan əmdiyim südü burnumdan gətirdi. Universitetdən çıxsın, lazım deyil onun oxuduğu, biabır oldum camaatın içində deyə anama bağırırdı. Mən artıq 3-cü kurs tələbəsiydim, 20 yaşım vardı. Şüşənin üstünə çıxıb pəhləvanlıq eləməyə çalışan qardaşımdan hardasa 15 yaş böyükdüm. 5 yaşım yox idi ki, filmə baxıb ordakı pis keyfiyyətləri nümunə götürəydim. Zatən film sadizmi, faşizmi pisləyirdi.

Türkiyədə baş verən məlum tükürpədici hadisədən sonra Türkiyədə də, bizdə də feyzbuk istifadəçiləri yazmağa başladı ki, Özgəcanı zorlayan adamlar bir-iki gün əvvəl “Fatmagülün suçu nə?” serialındakı zorlama səhnəsinə baxıb ordan təsirləniblərmiş. Əgər bişmiş toyuq olsaydım, buna gülməyim gələrdi.

Cem Yılmazın sözü olmasın, bu, səfehlər o filmə baxanda niyə Fatmagülün iztirablarını görmədilər, zorlayanların sonrakı peşmançılıqlarını görmədilər, zorlanma səhnəsində aldıqları həzzi gördülər, ondan təsirləndilər? Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki Xeyir və Şər obrazlarını müqayisə edəndə kimsə Şəri seçirsə, səhradakı yoldaşının bir içim su əvəzində iki gözünü deşib çıxarırsa, sual edirəm sizə “Nizami Gəncəvinin suçu nə?”

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #