Dahiliyimdən başqa heç nəyim yoxdur - Oskar Uayld

Dahiliyimdən başqa heç nəyim yoxdur -  Oskar Uayld
16 oktyabr 2017
# 21:00

Oskar Uayld həyatı faciələrlə dolu yazıçılardandır. Ona qarşı məndə həmişə qəribə sevgi olub. Çünki həyatını başqa cür qura biləcəyi halda, əlinə düşən imkanlardan imtina edərək öz bildiyi, sevdiyi həyatı seçib. Azacıq yalan satmaqla, prinsiplərindən azacıq dönməklə hamı tərəfindən qəbul oluna bilərdi. Amma o, buna qaçmayıb. Onun yerinə kim olsaydı o nəhayətsiz istedadla, necə deyərlər, dizini yerə atıb gecə-gündüz yazar, yazardı, amma o bunu da getməyib. Yazmağa da həyatı kimi əyləncəli, keflə yanaşıb. Buna baxmayaraq XIX əsrin ən böyük yazıçılarından biri kimi tarixdə qalıb. Onun “Dorian Qreyin portreti” romanı isə ədəbiyyat aləmində estetizmin şah əsəri hesab olunur. Romanın girişinə yazıçının yazdığı qeydlər isə estetizmin manifesti sayılır.

Bu gün bu bənzərsiz, böyük yazıçının doğum gündür. Bu münasibətlə onun həyatından maraqlı faktları təqdim edirəm.

- Oskar Uayldın anası şairə idi. Boyu 1.80 sm olan qadın qəribə paltarlar geyər, başına daş-qaş və lələklərdən hazırlanmış qeyri-adi bəzək əşyaları taxarmış.

- Uayldın atası Ser Uilyam Uayld da həm göz, həm qulaq sahəsində tanınmış həkim idi. Onun həyata keçirdiyi əməliyyatlar tibbdə qəbul olunmuşdu. Mastoid əməliyyatı zamanı aparılan kəsik onun adı ilə Uayld kəsiyi adlanır. Böyük Uayld da oğlu kimi məhkəməlik olmuşdu. İddiaya görə əməliyyat elədiyi qadın xloroformun təsirində ikən ona təcavüz edibmiş. Uayldın atası məhkəməni uduzmuşdu.

- Dahi yazıçının adı bildiyimiz kimi iki sözlü Oskar Uayld yox belədir: Oskar Finqal O Flahertie Uills Uayld.

- Olduqca qabiliyyətli şagird olan Oskar Dublindəki Triniti kollecində təhsil almışdı. O dövrdə cəmiyyətdə sayılıb-seçilən intellektual olmağın yolu Triniti kollecdə oxumaqdan başlayırdı Uayldın “Dorian Qreyin portreti” əsəri məşhurlaşandan sonra kollecin divarından onun adına lövhə asılmışdı. Uald homoseksual ittihamı ilə həbs olunduqdan sonra üstü qara rənglə boyanan lövhə yalnız dahi yazarın ölümündən uzun illər sonra bərpa olundu.

- Oksfordda təhsil aldığı zaman otağının mebellərini tez-tez dəyişməyi xoşlayar və buna xeyli pul xərcləyərdi. Böyük estet olan yazıçı beşinci dəfə otağının mebellərini dəyişdikdən sonra gündəliyinə belə yazıbmış: “Bu mavi çini qablarla yaşamaq getdikcə çətinləşir”.

- Tələbə olduğu ərəfələrdə Uayldın həyatı təkcə tez-tez bəzədiyi otağında deyil, fahişəxanalarda da keçirdi. Elə burdaca bir fahişədən sifilisə yoluxmuşdu. O dövrdə sifilisin müalicəsi üçün civə qəbul edirdilər. Civə xəstənin dişlərini qaraltmaqdan başqa bir işə yaramırdı. Bu isə Uayld kimi bənzərsiz estet üçün faciə hesab olunurdu. Odur ki, ömrünün axırına qədər söhbət edəndə əli ilə ağzına tuturdu.

- Uayld Oksfordda oxuduğu zaman Flo Balcombe adında bir qadına aşiq olmuşdu. Maraqlıdır ki, qadın onunla deyil, başqa bir irlandiyalı yazıçı Bram Stoker ilə evləndi. Stoker “Drakula” əsərinin müəllifidir. Təəccüblüdür, bir qadın niyə insanın yaxşı tərəflərini göstərən yazıçını yox, onun qaranlıq tərəflərini göstərən yazıçını seçsin ki?

- Estetikadan mühazirələr oxumaq üçün Amerikaya dəvət alan Uayl onu qarşılayan jurnalistlərin “Atlantik Okeanını keçməyinizlə əlaqədar nə deyə bilərsiz?” sualına “Atlantik okeanı məni xəyal qırıqlığına uğratdı” cavabını verir. Səhər “Nyu-York Tayms” qəzetinin kübar xronikası bölməsində “Atlantik okeanı cənab Uayldı xəyal qırıqlığına uğradıb” başlıqlı yazı dərc olunur. İki gün sonra isə qəzetin oxucu məktubları bölməsində belə bir məktub çıxır: “Cənab Uayld da məni xəyal qırıqlığına uğratdı. İmza Atlantik Okeanı”.

- Amerika səfəri zamanı gömrük yoxlamasında məmur soruşur: “Üstünüzdə gəzdirdiyiniz, bəyannamədə qeyd ediləsi bir şey varmı?” Uayld deyir: “Dahiliyimdən başqa üstümdə gəzdirdiyim bir şey yoxdur”.

- Amerika səfərindən qayıdandan sonra 28 yaşlı Uayld haqqında Londonda şayiələr dolaşmağa başlayır; kişilərlə sevişir. Uayld anlayır ki, bir qadın tapıb evlənməsə nə əlxaqçıların dilindən qurtulacaq, nə də sələmçilərin əlindən. Ən uyğun qadın isə dostunun bacısı Şarlotta idi. Çünki Şarlotta həm də varlı idi. Amma uğursuzluğa bax, Şarlotta dahi yazıçıya rədd məktubu yazır. Uayld Şarlottaya belə cavab verir: “Bu qərarınıza məyus oldum. Sizin pulunuz və mənim ağlımla çox iş görə bilərdik”.

- Onu gözləyən o məlum fəlakətə yaxınlaşmaqda olan Oskar günlərini əyləncə mərkəzlərində cavan oğlanların çevrəsində keçirirdi. Cavanların içində əksəriyyəti yazıçı olmaq istəyənlərdi. Vaxtının çoxunu kefə xərcləyən yazıçı bu məclisdə müxtəlif ideyalar səsləndirir və yazıçılığa namizəd gənclər isə ideyaları oğurlayaraq şeirlər, hekayələr yazırdılar. Deyilənə görə günlərin birində Uayld nəsə danışdıqdan sonra yanındakılardan xahiş edir ki, budəfəki mövzunu özü yazmaq istəyir, heç kəs ondan cəld tərpənib oğurlamasın.

- Alfred Duqlası homoseksual əlaqəyə cəlb etməkdə günahlandırılan Oskar Uayld iki il həbs həyatı yaşadıqdan sonra 1898-ci ildə azad olur. Viktoriya dönəminin qatı mühafizəkar Londondunda yaşaya bilməyəcəyini anlayan Uayld Parisə köçür. Həyat yoldaşı artıq boşanıb. Oğlanları ilə görüşə icazə verilmir. Amerika kilsələrində haqqında 800-dən çox moizə oxunaraq lənətlənib. Parisdə yoxsul həyat yaşayan Uayld atası öləndən sonra böyük sərvətə sahib olmuş Duqlasa məktub yazaraq borc pul istəyir. Köhnə sevgilisi Oskarın istəyinə belə cavab verir: “Qoca fahişələr kimi yaltaqlanırsan, Oskar. Pul üçün bir daha məni narahat etmə!”

# 867 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #