Polisi şişə çəkənlər - 18+

Polisi şişə çəkənlər - <span style="color:red;">18+
7 fevral 2015
# 11:09

“Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Klod Faraldonun “Temrok” filmini təqdim edirik.

Faraldo 1936-cı ildə Parisdə italyan mühacirinin ailəsində doğulub. 13 yaşından 26 yaşına kimi müxtəlif ağır işlərdə çalışıb.

Sonra aktyor olmaq üçün kurslara gedib. 1960-cı illərin sonundan başlayaraq filmlərə çəkilib.

Daha sonra rejissorluq fəaliyyəti ilə məşğul olub. Rejissor təhsili olmayan Faraldonun filmləri əsasən etiraz ruhundadır, sosial anarxiya ideyalarına əsaslanır. Qəhrəmanları sosial şərtləri rədd edən, öz istədiyi kimi yaşayan, cəmiyyətin autsayderi olan insanlardır.

Onun ilk tammetrajlı “Bof, daşınmanın anatomiyası” (1970) filmindən sonra rejissor kimi tanınıb. Burda qəhrəman özünün konstitusion hüquqlarının realizəsini tələb edərək işini atır, oğurluğa başlayır və qrup şəklində sekslə məşğul olur.

"Bal çiçəkləri” (1976) filmində burjua ailəsi proletar ailəsinə qarşı qoyulur və rejissor özünün anarxist fəlsəfəsinə yenə sadiq qalır.

“Günəşdə iki aslan” (1980) ekran işində fəhlə sinfindən olan iki nəfərin homoseksual münasibətləri göstərilib. Sosrealzm üslubunda nəql olunan əhvalatda həyatdan usanmış iki kişi zavodda işləməkdən imtina edir, yoxsul həyatdan bezərək fırıldaqla məşğul olurlar.

Layihədə rejissorun müasir cəmiyyətə satira olan “Temrok” (1973) anarxist farsını təqdim edirik. Film orta yaşlı fransızın həyat hekayəsini anladır. 1970-ci illərdə Fransada bir fəhlə adi axarda keçən boz, kasıb həyatının mənasız olmağına, kapitalizmə etiraz edərək əmlakını sıradan çıxarır, evinin divarlarını, eyvanını dağıdır, ondan mağara düzəldir və ibtidai şəkildə yaşayır.

Yavaş-yavaş şəhər əhalisi də ona qoşulur və ölkə anarxizmə doğru gedir.

Filmdə dialoqlar çox azdır. Anlaşılmaz dildə bir-iki dialoq var. Bu isə ümumilikdə filmin ruhu ilə vəhdət təşkil edir. Kino dili çox güclü, ifadəli olduğu üçün mətnsiz də film anlaşılır.

Əsas qəhrəman ancaq böyürür, cürbəcür heyvan səsləri çıxarır və tədricən şəhəri əhalinin ciyiltisi, ulaması, böyürməsi bürüyür. Hadisələr polisin nəzarətindən çıxır və bütün Paris qəhrəmanın həyat tərzinə qoşulur.

Qərb cəmiyyətinin ən tabu mövzularını - kannibalizmi və insesti əks etdirdiyi üçün film böyük rezonansa səbəb olub. Ona görə yaşı 18-dən yuxarı olan publika üçün nəzərdə tutulub. Personajın bacısı ilə cinsi əlaqəsi baş verir. Başqa bir epizodda isə o, gecə polisi ovlayıb şişə çəkir.

Bu, istehlakçılıqdan imtina, avtoritarizmi bütün formalarda inkar edən filmdir.

Filmin 1970-ci illərdə kinoteatrlarda böyük uğurla göstərilməsinin səbəblərindən biri o dövrün ruhu ilə bağlıdır. Çünki onda insanlar daha çox 1968-ci il may hadisələrinin, siyasi ideyaların təsiri altında idi.

Filmin ideyasının, mövzusunun dövlətə, sahibkarlara qarşı olması, qəhrəmanın cəmiyyətin ənənələrini dağıtmaqla azad olmaq istəyi insanlarda rəğbət yaradırdı.

Baş rolu dünya kinosunu parlaq simalarından biri Mişel Pikkoli oynayıb.

Filmin çəkilməsinə özü də pul ayırıb.

Bunueldən tutmuş Nanni Morettiyə kimi nüfuzlu rejissorlarla işləyən Pikkoli həm aktyor kimi iştirakı ilə, həm də şəxsi maliyyəsi ilə dəfələrlə gənc rejissorların ən qeyri-adi filmlərinə dəstək verib.

... Klod Faraldo 2008-ci ildə ürək tutmasından vəfat edib.

# 1745 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #