“Məni ədəbiyyata Füzuli gətirib”

“Məni ədəbiyyata Füzuli gətirib”
2 fevral 2015
# 11:25

Kulis.az şair Zakir Fəxrinin “Aydın yol” qəzetində çap olunan müsahibəsini təqdim edir

O ağlayan kimdi elə,

Ağlaya-ağlaya gülür...

Sinəsini qan aparır,

Yarasının düyməsini

Bağlaya-bağlaya gülür...

- Zakir müəllim, ilk şeirinizi yazdığınız günü xatırlayırsınızmı?

- Şübhəsiz, xatırlayıram. İlk dəfə əlimə qələm alıb qəzəl yazmışam. Mən şeirə sevgidən yox, qısqanclıqdan gəlmişəm. Orta məktəbdə çox mükəmməl oxumuşam, məktəbi qızıl medalla bitirmişəm. Rəhmətlik Yaqub Məmmədov toylarda Füzulinin qəzəllərindən oxuyurdu, hamı deyirdi Füzuli yaman yazıb, tərifləyirdilər. Mən də uşaq ağlımla düşündüm ki, məni niyə tərifləməsinlər, mən də qəzəl yaza bilərəm. Onda da artıq əruzu bilirdim, başladım Füzulini dərindən oxumağa. Beləcə, qəzəl yazmağa başladım.

- Onda neçə yaşınız vardı?

- Təxminən, 15-16 yaşım olardı.

- Siz az yazan şairlərdənsiniz. İlham gələndə yazırsınız, yoxsa bu, ovqatla bağlıdır? Yazmaq üçün mütləq ilham pərisi olmalıdırmı? Sizə şeiri yazdıran nədir?

- Mən o prosesi izah etməkdə çətinlik çəkirəm. Məsələn, fikrimdə olanı yazmaq istəyirəm, amma tamam başqa bir şey yazıram, izaholunmaz bir hissdir. Məsələn, elə hal olur ki, hansısa bir ovqatda oluram, o hiss şeirə, yazıya çevrilməyənə qədər üç ay, dörd ay, bəzən altı ay məndən əl çəkmir. Şübhəsiz, ilhamsız heç nə yazmaq mümkün deyil. Dünyada çox nöqtələr var, dünyanın havası, suyu, küləyi, sevgisi, dərdi, qüssəsi o nöqtədə olur və ondan da şeir yaranır. Bir şeir minlərlə, milyonlarla insanın ovqatıdır. Günəş enerjisi kimi bu enerji də şairin içinə yığılır və bundan şeir yaranır. Bir mövzuya, bir hadisəyə min cür yanaşma ola bilər, hər şairin də öz baxış bucağı var. Bu baxış bucaqları dünyadakı şairlərin sayı qədərdir.

- Mətbuatda da çox az-az görünürsünüz. Bu, nəylə bağlıdır?

- Mənim borcum yazı yazmaqdır. Şövqlə, həvəslə yazdığım yazını dostlarıma oxuyuram. Təzə nəsə yazanda dostlarımı başıma yığıram və o təzə yazını dostların müzakirəsinə buraxıram. Mənim üçün ən böyük mətbuat dostlarımdır. Qəribə görünsə də bu, məndə bir adət halını alıb. Dostlar da çox vaxt təkid edirlər ki, bəlkə bunu dərc etdirəsən? Onda bir-iki şeir seçib mətbuata verirəm.

- Siz əsərlərinizdə şeirlə nəsri birləşdirirsiniz. Dilimizin dastan qatında yazırsınız. “Qara Məlik, Qara Qəzənfər və mən”, “Rekviyem” , “Qaranlıqdan aydınlığa” əsərləriniz üslub və orijinallığı ilə seçilir. Bu əsərləri hansı janra aid edirsiniz?

- Mən heç bunun janrını bilmirəm. Şeir qurtaran kimi nəsr başlayır, nəsr qurtaran yerdə şeir başlayır. Bu, çox ağır, mürəkkəb bir formadır. Bu da məndən asılı olmayan bir şeydir. Belə deyək, bir təpəni çıxırsan və düzənlik görünür, düzənliyə enirsən, qarşına çaylar çıxır, çayı keçirsən, yenə təpəylə üzləşirsən. Mənim yazdıqlarım da buna bənzəyir.

- Zakir müəllim, çoxları belə düşünür ki, indi artıq qəzəldə təzə söz demək mümkün deyil, qəzəlin bütün imkanları tükənib. Sizin yaradıcılığınızda da qəzəl janrı ayrıca yer tutur. Doğrudanmı, qəzəl bir janr olaraq öz dövrünü başa vurub?

- Məncə, istənilən formada fikri ifadə etmək mümkündür. Hər janrın öz gözəlliyi var. Qəzəl çox mürəkkəb bir janrdır. Füzulinin, Hafiz Şirazinin, Əlişir Nəvainin, Nəbatinin, Seyyid Əzimin qəzəllərini oxuyursan, görürsən ki, bir qəzəlin içində böyük romanın əhatə etdiyi mətləblər var. Forma şərt deyil, əsas fikrin necə ifadə edilməsidir. Bir misal çəkim:

Fəxri, günah evidir, dünya,

günah, yoxsa ki, mən

yuyunub göz yaşında gündə

qüsul almaz idim.

Bu, tamamilə yeni bir fikirdir və əruzda yazılıb. Başqa formada bunu demək olmaz. Bu, mənim mütləq qənaətimdir. Dünyanın bir kədər nöqtəsi var, sonda insan o kədərdən sıyrılıb azan səsinə gəlir.

- Sufizmə bağlı bir insansınız. Yaradıcılığınızda da sufizmə söykənirsiniz. Bu bağlılıq hardan gəlir?

- Gəncliyimdə sufizmlə, Həllac Mənsurla maraqlanırdım. Böyüklərimiz, rəhmətlik nənəm bu şeyləri çox yaxşı bilirdi. Hamı dünyadan gileylənir, amma sufizmdə dünyadan giley yoxdur, dünyadan qopmaq var. On səkkiz yaşım olanda bir qoşma yazmışdım, üstündən uzun illər keçəndən sonra o qoşmanı oxuyanda gördüm ki, bu elə sufizmə söykənir.

Nə ömrə, nə günə bir xətəri yox,

Rəngin qarasa da, ağsa da, dünya.

Giley eyləməyə səndən yeri yox,

Sinən daşlıqsa da, bağsa da, dünya.

Yəni dünyanın ağ, ya qara olmağının insan üçün heç bir əhəmiyyəti yoxdur. Həmin şeirin bir bəndində yazmışam:

Kiçik qətrələrlə dərya dolammaz,

Tale ki, buz oldu, odla qalanmaz.

İşıqlı qismətə kölgə salammaz,

Göydə qara günəş doğsa da, dünya!..

Çünki qismət İlahidəndir, ona görə də onun mayasında bir işıq var. Yeri, Göyü yaradan Allahdır və hər şey bu ilahi nizama bağlıdır. Hər şey İlahidən gəlir və ona da dönür. Sufizmə bağlanmağımın bir səbəbi də var, bir müddət bundan əvvəl Afaq Məsud sufi alimlərin əsərlərini dilimizə çevirməyə başladı. Bundan sonra mən o havanın içinə düşdüm, o havaya düşdünsə, heç vaxt çıxa bilməyəcəksən. Mən “Xəzər” jurnalının saylarını həmişə özümlə rayona aparıram, qardaşım Fazil oxuyur. Bir gün evdə oturmuşduq, Fazil dedi ki, heç kəs məni başa düşə bilmir, bax, mən özümü bu sufi mətnlərində tapmışam. Mən deyəndə ki, hər şeyin mahiyyəti birdir, rəng, forma dəyişir, inanmırdınız. O, Nəsəfini oxumuşdu. Orda belə bir ifadə var, deyir “bizdən əvvəl olanlar biz idik, indi olanlar da bizik, bundan sonra olacaqlar da bizik”. Görün, nə gözəl sözdür! Afaq xanım onu çox gözəl tərcümə edib. Qardaşım bu fikri oxuyub çox sevinmişdi, bundan sonra o, bu mübahisələrdən, tənqidlərdən qopdu, azad oldu və sübut etdi ki, bu cür düşüncə də var. Afaq xanım o kitaba çox gözəl ad seçib, “Xilas yolunun yolçuları”. Yəni xilas Allaha gedən yoldadır.

- Ən çox sevdiyiniz şair kimdir? Dünya ədəbiyyatında və Azərbaycan ədəbiyyatında.

- Bilirsən, mənim sevdiyim şairlər çoxdur. Ən çox sevdiyim şairlərin birincisi Füzulidir, sonra Nəbati, Seyyid Əzim Şirvani gəlir. Mən Səməd Vurğundan çox qidalanmışam, eləcə də Əli Kərim çox gözəl şairdir. Mikayıl Müşfiq qaranlıqda bir işıqdır. Dünya ədəbiyyatından şeirlərini dilimizə çevirdiyim şairləri çox sevirəm. Onları sevməsəm, çevirə bilmərəm. Müasir poeziyamızda isə dörd şairin adını çəkə bilərəm. Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı və Musa Yaqub.

- Tərcüməçiliklə nə vaxtdan məşğul olursunuz?

- Bir gün işə gəldim, rəhmətlik Natiq Səfərov mənə dedi ki, bir ingilis yazıçısının əsərini çevirmişəm, orda iki bəndlik şeir var, onu çevirmək lazımdır. Dedim mən heç ingiliscə bilirəm ki? Mənlik deyil. Qızımı nəzərdə tutub dedi ki, sənin ingilis dili mütəxəssisin yanındadır, özü də sətri tərcümə əsasında edəcəksən. Dedi sən canın, mətn yarımçıq qalıb, bunu çevir, mətnə daxil edim. Edqar Ponun şeiri idi, bu iki bəndi çevirib gətirdim, oxudu, diqqətlə üzümə baxdı, bildim ki, bəyənib. Sonra Çeslav Miloşun şeirlərini verdi ki, bunları da çevir. Sonradan bildim ki, bu, Afaq xanımın ssenarisidir. Bu, “Xəzər” jurnalının öz nəşrini bərpa elədiyi dövr idi, iki mininci illərin əvvəlləriydi. O vaxtdan ardıcıl olaraq dünya poeziyasından çevirmələr edirəm.

- Əsasən belə deyirlər ki, poeziya tərcümə olunmamalıdır. Çünki şeiri adekvat olaraq başqa dilə olduğu kimi çevirmək mümkün deyil. Siz necə düşünürsünüz?

- Mən bu fikirlə heç vaxt razı ola bilmərəm. Şeir bir dildən başqa dilə tərcümə olunanda mühitini, havasını dəyişir, amma şeirin canı, ruhu qalır. Şeirin ovqatı, görünüşü, cövhəri qalır. Bir də şeiri mütləq şair tərcümə etməlidir, o şairin də müəyyən səviyyəsi, bazası olmalıdır.

- Öz tərcümələrinizdən razısınız?

- Razı olmasam, onları çapa vermərəm. Tərcümə etdiyim şeirlərə baxanda görürəm ki, istədiyim nəticəni əldə edə bilmişəm, onlar məhz mənim görmək istədiyim kimidir.

- Tərcümə prosesində hansısa çətinliklərlə rastlaşırsınızmı?

- Əlbəttə. Mən Amerika şairi Ceyms Arlinqton Raytın şeirlərinin tərcüməsinə altı ay vaxt sərf etdim. O şeirlər “Xəzər”in son sayında dərc olunub. Eys Kriqenin “Aya dualar”ı mənim çox xoşuma gəlmişdi. Onu oxuyanda yadıma Laçındakı Bəyaz arvad düşdü. Şeirdə deyir görəsən, sabaha çıxa biləcəyəmmi, yemək yeyə biləcəyəmmi, şükür edə biləcəyəmmi? Bəyaz arvad deyirdi ki, Ay, yolunu məndən sal. Çıxış yolunu işıqda axtarırdılar, o işıq da mənim zənnimcə, Tanrıdır. Şeirdə şairin demək istədiyini, sətiraltı mənaları tapmaq çox çətindir. Bunun üçün biliklə yanaşı güclü duyum, fəhm lazımdır.

- Ən çox kiminçün darıxırsınız?

- Mənim “Qara Məlik, Qara Qəzənfər və mən” kitabımda bir yer var, deyir ay Qəzənfər, bir hövsələn olsun, otur, darıxma. Qəzənfər deyir gedirəm çölə, ev üçün darıxıram, gəlirəm evə, onda da çöl üçün darıxıram. Ona deyirlər ki, sən gəldiyin yer üçün darıxırsan. İmam Həsən Bəsrinin əsərində bir yer var, bir dərviş gəlib ona deyir ki, ya şeyx, çox narahatam. O da deyir ki, ey bəndə, dünya o qədər narahatdır ki, fırlanır, sən bu narahat dünyada hansı rahatlıqdan danışa bilərsən?

- Ədəbi prosesi izləyirsinizmi? Gənc ədəbi nəsil haqqında nə deyə bilərsiniz?

- Çox istedadlı gənclər var, onlardan bəziləri özlərini ifadə etmək üçün dolanbac yollar axtarırlar. Ruminin böyüklüyü onun sadəliyindəydi. Gənclərin çoxu elə bilir ki, mürəkkəb formada yazmaq istedad göstəricisidir. Əsla belə deyil. Yazı, mətn oxucunu tərpətməlidir, mücərrədliyə qaçmaq lazım deyil. Xüsusən şeir şairin öz dilindən səslənəndə sən o ovqatın içinə düşürsən, şeir yaşanmış və yanmış bir kül kimidir, külə qarşı bir üsyandır. Söz səmimiyyətdir. İsa Məsihə sual verirlər ki, göylərin bağlı qapısının açarı varmı? O deyir ki, sən səmimi ol, qızmar günəşin altında, şor suyun sahilində Allahdan bir kölgəlik istə, ordan bir ağac boy atıb sənə kölgə yaradacaq. Səmimiyyət göylərin bağlı qapısının açarıdır.

- Zakir müəllim, şeirləriniz başqa dillərə tərcümə olunubmu?

- Bəzi şeirlərim tərcümə olunub. Amma şeirlərimin tərcümə olunmasında heç vaxt maraqlı olmamışam. İndi isə düşünürəm ki, bu, lazımdır. Yeri gəlmişkən, onu da deyim ki, Tərcümə Mərkəzinin yaradılması bizim ədəbi, mədəni həyatımızda ən parlaq hadisələrdən biridir. Bizim ədəbiyyatımız dünyaya çıxacaq, dünya bizim dəyərlərlə tanış olacaq.

Söhbətləşdi: Kənan HACI

# 802 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #