Türk filminə Bakıda böyük hörmətsizlik

Türk filminə Bakıda böyük hörmətsizlik
30 yanvar 2015
# 13:53

Qadın xəyanətindən “Anna Karenina” də yazmaq olar, bulvar romanı da.

Əsas müəllifin fərqli yanaşmasını ortaya qoya bilməsidir.

Bir qadın uzaq bir əyalət qəsəbəsinə gəlir...

Olduqca sadə bir mövzu... Sonrasını siz düşünün.

Lakin bu mövzunu biri çəkir film “Doqvill” olur, o biri çəkir, “Aşk sana benzer” olur.

Çəkir də deyirəm, dünən qala gecəsində olduğumuz filmin heç bilmədim rejissoru kimdir. Və mən səhnəyə tuşlanmış telefonların işığında ulduzlu səmaya bənzəyən qaranlıq salona gələnlərin hamısının məhz aktyor Burak Özçivitə görə burda olduqlarını başa düşdüm. Onlara film maraqlı deyildi.

Film isə...

Təsəvvür edin, filmdən sonra aktyorlar səhnəyə çıxdı. Birinci Burak Özçivit, sonra Fehriye Evcen, daha sonra Selim Bayrakdar danışdı. Ən axırda filmin “mağmın” rejissoru “bir kaç kəlmə” dedi. Elə bu vaxt səhnədəki afişaya göz atdım ki, görüm axı kimdi Burakın bığının altında itib-batmış rejissor: Taner Elhan.

Adətən film təqdimatlarında birinci rejissor danışır, daha sonra aktyorlar. Burda isə aktyorların birinci danışmağından bilinirdi ki, filmin məqsədi sənət-filan yaratmaq yox, aktyorlar və bir-iki baxımlı (peyzaj) səhnə sayəsində gənc oğlan və qızları kinoteatrlara yığmaq, qazanc götürməkdir.

Doğrusu filmdə elə bir xüsusi rejissor işi yox idi. Əvvəlindəki kamera titrəyişlərindən elə bildim rejissor “Doqma-95” stilində çəkir. Sonra gördüm yox... Sadəcə operatorun əli əsirmiş.

Filmdə xeyli dəniz səhnələri vardı. Bu filmlərin də xüsusi cəlbediciliyi ondadır ki, əlahiddə süjeti olmasa da peyzajlar tamaşaçını dincəldir. Belə dənizli-qayıqlı filmlərdə bir də çimərlik paltarlı qızlar bol olur. Amma nədənsə “Aşk sana benzer”də kiçik bir səhnədən başqa belə qızları görmədik.

Və qəribəsi odur ki, eşq sevdasından Məcnuna dönüb beş dəqiqədən bir zülüm-zülüm ağlayan Alinin (Burak Özçivit) qabağında yarım qədəh ayran belə yox idi. Təəccüblüdür, filmdə bu qədər yemək səhnəsi varkən rakıya rast gəlinmirdi. Əskidən türk filmlərində qəhrəmanların ağladıqları səhnələr rakısız keçməzdi. Yəqin filmin istehsalçıları hökumətin xoşuna gəlmək üçün belə ediblər. Özünü dünyada indi-indi tanıtmağa başlamış türk film sektoru bu gedişlə tənəzzül etməsə yaxşıdır.

Gəl-gələlim gənc qızların sevimlisi Burak Özçivitin oyununa. “Çalıquşu” serialının bir-iki bölümünə baxmışdım. İnsafən yaxşı oynayırdı. Bu filmdə isə onun yersiz gülüşü (dişlərini ağardaraq), qollarını yana açıb yeriməyi sanki bir məqsədə hesablanmışdı: qız tutmağa!

Yəni, daha çox gənc qızın bu filmə baxışını təmin etməyə.

Qorxuram bizim cavan oğlanlar “Aşk sana benzer”ə baxandan sonra poladələmdarlığı buraxıb bundan sonra Ali kimi yeriməyə, onun kimi hərəkət etməyə başlasınlar.

“Möhtəşəm yüzil”dən Sürməli Ağa kimi tanıdığımız Selim Bayrakdar öz rolunu xeyli yaxşı oynayıb. İnsafən əksəriyyəti gənc olan tamaşaçılar da Burakın cazibəsinə uyub çıxış edən Selim Bayrakdarın filmdəki zəhmətini yerə vurmadılar. O, danışmağa başlayan kimi tamaşaçılar sürəkli alqışladılar.

Və sonda... Sonda nə olacaq? Tamaşaçılar filmin titrləri ekranda görünməmiş yerlərindən qalxdılar. Bir qismi salonu tərk etdi, digərləri isə türk aktyorların əyləşdiyi tərəfə yönəldi. Burak Özçivit fanatların bu reaksiyasına baxmayaraq hələ xeyli müddət yerindən durmadı: Sanki öz kiçik aksiyası ilə demək istəyirdi ki, filmə bu cür hörmətsizlik etməzlər...

# 971 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #