Vaqif Səmədoğlu: “Gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır” MÜSAHİBƏ

Vaqif Səmədoğlu: “Gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır” MÜSAHİBƏ
28 yanvar 2015
# 13:54

Kulis.az Vaqif Səmədoğlundan 3 il qabaq götürdüyü müsahibəni yenidən təqdim edir.

- İnternetdə çox fəalsız. Bu, sağlamlığınıza pis təsir etmir ki?

- Mənim yaşıdlarımın çoxu bulvarda domino oynayır, mənimsə bulvarım Facebookdur. Günümün təxminən 4 saatını ara verə-verə internetə həsr edirəm. Bütün günümü sərf etsəm, əlbəttə pis təsir edər. İnternetdə əsas yazışmalarım Novosibirski Akademiyasının fizikləri ilə olur. Onlar mənə çox doğmadır. Onlarla söhbətim elə yaxşı tutur ki...Facebookda dostlarla da danışıram. Onların göndərdiyi bütün linklərə like qoyuram. Bir məqamsa lap çox diqqətimi çəkir. İstisnaları çıxmaqla, Facebookda qızların ümumi səviyyəsi ağıllı oğlanlardan daha çoxdur. Qızlar qat-qat ağıllıdır, hətta siyasətdə də. Mədəniyyətləri oğlanlardan yüksəkdir. Bir də görürsən oğlanlar çatda yazır: “Ya Allah, nətərisən müəllim?”. 72 yaşında bir adama necə bu cür yazmaq olar axı... Qızlar isə ədəblə, mərifətlə “Salam Vaqif müəllim, necəsiz” - deyə müraciət edirlər.

- Deyirlər, internet asılılıq yaradır. Bəs Sizdə belə bir asıllıq varmı?

- Gənc olanda küçələrdən ayağım çəkilmirdi. Evə gəlib yemək yeyirdim, paltarımı belə dəyişmədən yenə küçəyə qaçırdım. Tez Torqovuya çıxırdım ki, tanış görüm, söhbət edim. İndi isə internet var. Mahiyyətcə eynidir. İnternet insan həsrətini, tək qalmaq qorxusunu aradan götürür. Əvvəl kimisə görmək üçün küçəyə çıxırdın, indi internetə daxil olursan.

- İnternet həm də adamları sıx olan böyük küçədir... Əsl küçədə bir-iki adam görərsən, ya görməzsən.

- Əvvəl Torqovuda 20-30 adam görürdüm, indi Facebookda 50-60 adam görürəm. Məsələ burasındadır ki, Torqovuda Novosibirski fiziklərini görmə imkanım yox idi. (gülür)

- İstərdinizmi, gəncliyinizdə də Facebook olsun?

- O vaxt Facebook olsaydı, bu gün göz əməliyyatına dözməzdim. Yəqin 50 yaşımda rəhmətə gedərdim. Çünki Facebookun yoxluğu məni küçələrə çıxarırdı, gəzirdim. Oğlanlar indi qızlarla Facebookda danışır, mənsə o vaxt arxalarıyca düşürdüm, qızın o biri divanəsinə toy tuturdum. Bir-birimizin üstünə bıçaq çıxarırdıq. Enerji var idi.

- İndiki oğlanlarda o cəsarət azalıb, yoxsa?

- Mənim üçün bir gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır. İndiki oğlanlar qızları Facebookda yoldan çıxarmağa çalışır. Amma mən saatlarla dalıyca gedirdim, qardaşıyla vuruşurdum. Rəqiblərimə toy tuturdum.

- Amma indi heç bir oğlan qızın qardaşıyla dava etməyə cəhd göstərməz.

- Bir dəfə qızla əl-ələ tutub, gedirdik. Sən demə, qızın qardaşı balkondan görürmüş. Qardaşı gəlib qabağımızı kəsdi, ona necə kəllə vurdumsa, bu günə kimi yadımdan çıxmayıb. İnternetin pis cəhəti odur ki, gəncləri canlı ünsiyyətdən mərhum edib, təbiətdən uzaqlaşdırıb.

(Bu məqamda Vaqif müəllimin xanımı Rəna xanım zəng vurub, harda olduğunu soruşur. O isə müsahibə verdiyini və bizə cavanlığından danışdığını bildirir. Telefon danışığını bitirdikdən sonra Vaqif müəllim üzümüzə baxıb və deyir: Baxın, budu məhəbbət)

- Deyirlər, şairlər tez-tez vurulur. Vaqif Səmədoğlu neçə dəfə sevib?

- Ən uğursuz ilk məhəbbət səadətdir, ən uğurlu son məhəbbət fəlakətdir. Bu saat ən çox məhəbbətdən qorxuram.

- Yenə sevə bilərsiz?

- Əlbəttə, hətta uşağım da olar. (gülürük)

- Məhəbbət nədir?

- 40 yaşım var idi. Moskvadan Bakıya qatarla gəlirdim. Bir qadın yarıyolda düşürdü. Mənə dedi ki, mənimlə düş, bir yerdə gedək. Düşmədim, o qadın çıxıb, getdi. Bu günə kimi mənə elə gəlir ki, bəlkə də səadətim, məhəbbətim o idi.

- Ədəbiyyatdan danışaq. Atanız sovet dövründə istisnasız şəxsiyyət idi. Səməd Vurğunu necə xatırlayırsız?

- Atam rəhmətə gedəndə mənim 17 yaşım var idi. O vaxt hələ şeir yazmırdım. Səməd Vurğunla mənim nə siyasi, nə də başqa səpkidə söhbətlərimiz olub. Siyasi məsələlərdə onunla heç danışmaq mümkün deyildi. Çünki o nəsil siyasi məsələlərdə çox qapalı idi.

- Evdə də danışa bilmirdilər?

- Əlbəttə danışa bilmirdilər. Canlarından qorxurdular. Evdə bu barədə hərdən danışanda belə, Stalinin adını böyük sayğı ilə çəkirdilər. Başqa nə danışa bilərdilər ki?

- Səməd Vurğun necə insan idi?

- Həyati işlərdə mən ona minnətdaram. Onun kimi demokratik ikinci adam tanımıram. Bir neçə il Avropa Şurasının Parlament Assambleyasında üzv olmuşam. Bir avropalıda Səməd Vurğun demokratiyası görməmişəm. Şəxsiyyət kimi çox demokratik idi.

- Övladlarına qarşı da?

- Bəli, övladlarına qarşı da demokratik idi. Onun iş otağı düz mənim otağımın yanında yerləşirdi. Vaqif Mustafazadə, Tofiq Mirzəyev və başqaları mənim otağıma yığılıb, fortepianoda, zərb alətlərində məşqlər edirdik. Səməd Vurğun bir dəfə demədi ki, mənə mane olursuz, sakit olun. Axırda anam gəlirdi ki, Allah evinizi yıxsın, kişinin başı səsdən getdi, sakit olun. Həm də ona minnətdaram ki, məni təbiətə öyrədib. 9 yaşım olanda mənə tüfəng aldı və ova apardı. Əvvəlcə Yusifi aparmışdı, sonra Yusifin üstündən xətt çəkdi.

- Niyə?

- Anam soruşmuşdu ki, ov necə oldu, çörək yedilər? Yusif deyib hə. Anam soruşub bəs araq içdilər? Yusif yenə deyib hə. Amma məndən soruşdu ki, çörək yedilər? Dedim hə... Soruşdu, araq içdilər? Dedim ki, balıq tuturdum. Araq içdiklərini demədim, Yusif isə demişdi. Görünür bu xasiyyətim onun çox xoşuna gəlmişdi. (Gülür)

- Çoxları deyir, yaradıcılıqda Səməd Vurğunun oğlu olmadız?

- Niyə olmadım?

- Şeirləriniz çox fərqlidir.

- Dil, səliqə, deyim tərzi Səməd Vurğundan gəlir.

- 70-ci illərin gənc yazarlarını, o cümlədən Sizi ittiham edirdilər. Səbəb kimi isə göstərirdilər ki, oğlu atasından fərqli yazır.

- Elə anlar olub. Siz onları ciddi qəbul edirsiz?

- Hər halda yazırdılar.

- O fikirləri heç vaxt ciddi qəbul etməmişəm.

- O yazıları yazanlar əsasən partiya tənqidçiləri idi.

- Partiya tənqidçiləri deyildi, avamlığın ruporu idi onlar. Ancaq vacib məsələlərdə partiya işə qarışar, ya kimisə öz xeyrinə, ya da zərərinə işlədirdi. Özlərini elə aparanlar var idi ki, guya Səməd Vurğunu məndən çox istəyirlər. Adamdan soruşarlar, mənə həyat verən insanı kimsə məndən necə çox istəyə bilər? Amma yaxşıdır ki, onun sağlığında yazmırdım. Çünki indiki kimi yazsaydım, o, mənə mane ola bilərdi.

- Nə mənada mane olardı?

- Ya yazı tərzimi dəyişərdim, ona uyğunlaşdırardım, ya da ki ümumiyyətlə qələmi yerə qoyardım. Bu iki şeydən biri ola bilərdi.

- Şeirlərinizi oxusaydı bəyənərdi?

- Səməd Vurğun sağ olsaydı, ondan soruşsaydılar ki, ən böyük yazıçı və şair kimdir? Deyəcəkdi ki, ən böyük yazıçı Yusif, ən böyük şair isə Vaqifdir.

- Sizcə niyə elə deyəcəkdi?

- Yəni övladları olduğumuz üçün elə deyərdi.

- Bilirik ki, həm də gözəl foto şəkillər çəkirsiz. Bir neçə fotoaparatınızın olduğunu da bilirik. Şair olmasaydız, hansı sənətin sahibi olardız?

- Ya ədəbiyyatçı olardım, ya da fortepianonu seçərdim. İkisindən birinin sahibi olardım. Fortepianoda da klassik musiqini deyil, caz musiqisini ifa edərdim.

- Bəs aşıq mahnılarını dinləyirsiz?

- Əlbəttə dinləyirəm.

- İfa edə bilirsiz?

- Çox az.

- Səməd Vurğun saz çala bilirdi?

- Çox yaxşı saz çalırdı. Hər halda Hüseyn Arifdən, İlyas Tapdıqdan min dəfə yaxşı çalırdı. Səməd Vurğun skripka, saz, tütək də çala bilirdi.

- Qazax seminariyasında öyrənmişdi?

- Qazax seminariyasında hər şey öyrədirmişlər, hətta skripka çalmağı da. O seminariyanı bitirənlərin əksəriyyətini tanıyıram. “Komsomol” poemasının qəhrəmanlarının hamısına əmi demişəm, təkcə 37-ci ildə güllənənlərdən başqa. Bəs niyə onlar skripka çala bilmirdilər, Səməd Vurğun çala bilirdi? Ona görə ki, istedadlı adam idi. Osman Sarıvəlli də yaxşı saz çalırdı. Onlar bir yerdə oxuyublar.

- Sizin keçmiş deputat həmkarınız Nizami Cəfərov orta məktəb dərsliyində Osman Sarıvəllinin anadan olduğu və vəfat etdiyi dövrü yazır. Sonda da yazır ki, Səməd Vurğunun dostu olub.

- Düz deyir.

- Orta məktəb dərsliyində Sizcə o kəlmənin yazılmasına nə qədər ehtiyac var?

- Yəqin ehtiyac var ki, yazıb. Osman Sarıvəlli ilə Səməd Vurğun bir yerdə oxuyublar, həm də çox yaxşı dost olublar.

- Osman Sarıvəlli xatirələrində yazıb ki, bir çarpayıda yatırdılar.

- Dost olublar, amma bir dəfə Moskvada az qalıb ki, Səməd Vurğun Osman Sarıvəllini Moskva çayında batırsın.

- Bilə-bilə?

- Hər ikisi tələbə olublar. Bir qız çimərlik paltarında çayın kənarında uzanıbmış. Səməd Vurğun qıza yaxınlaşıb, deyib ki, sizin yaxşı üzdüyünüzü gördüm, ancaq mənim dostum sizdən daha yaxşı üzür. Üzünü tutub Osmana deyib ki, ə Osman soyun bir buna qırdırma (üzəndə əllərini arxaya tərəf hərəkət etdirmək- red.) göstər. Bu da başlayıb qızı bişirməyə. Osman da çayın ortasına qədər üzüb, geri qayıtmaq istəyəndə Səməd Vurğun deyib ki, ə, bir az da üz. Osman Sarıvəlli də az qalıb çayda boğulsun.

- Xanımlara ithaf etdiyiniz şeirləriniz çoxdur?

- Qızlara şeirləri əsasən rus dilində yazırdım. O şairdə ki məhəbbət şeiri yoxdur, deməli, onun məhəbbətdə problemləri də yoxdur, işləri yaxşı gedir. Şair məhəbbət şeirlərini qadınsızlıqdan yazır. Elə bilirlər ki, qızlar şeiri oxuyub və onun tənhalığına yazığı gəlib, zəng vuracaq. (Gülür) Belə hallar olmur. Yusifin əsərlərində məhəbbət motivi yoxdur. Mənim ciblərim 2 qəpiklərlə dolu olurdu. Hamısını da qızlara zəng etməyə xərcləyirdim. Yusifin cibində isə bir dəfə də 2 qəpiklik olmayıb. Əksinə, həmişə qızlar ona zəng vururdu.

- Şeir yazmağa necə başladız?

- Məktəbdə oxuduğum illərdə ilk məhəbbətdən yazmağa başladım. Həmçinin bir-birimizə həcvlər yazırdıq.

- Səməd Vurğun sağ idi?

- Sağ idi, amma şeirlərimi ona göstərmirdim.

- Atanız heç bir şeirinizi oxumayıb?

- Xeyir, oxumayıb. Yusifin bir neçə hekayəsini oxuyub.

- Necə qiymətləndirmişdi?

- Dahi, ondan böyük yazıçı yoxdur, oğuldur demişdi. (Gülür) Obyektivlik prinsipi itirdi, sırf ata kimi qiymət verirdi.

- Atanızın vəfatından sonra yazmağa başladız?

- 1959-60-cı illərdə yazmağa başladım. Artıq 20 yaşım var idi.

- Səməd Vurğun şeirlərində axın, həyat eşqi, gurlayan dağ çayının səsi var. Amma Sizin şeirləriniz çox fərdiyyətçi, kədərli, melanxolikdir.

- Səməd Vurğunda olan kədərli şeirlər heç Füzulidə yoxdur. Səməd Vurğun şeirlərinin ən üstün keyfiyyəti dilidir. Çox axıcı, səlis dildə yazırdı. Mikayıl Rəfili bir dəfə ona deyir ki, sənin dilin məndə olsaydı, bu saat Azərbaycan yox, dünya şairi idim. Səməd Vurğun da cavab verir ki, elə olanım budur, onda başqa nəyim var ki?

- 60-cı illərdə fərdiyyətçilik, kiçik insan problemi çox idi. Sizin də şeirlərinizdə fərdi kədər çoxdur...

- Mənim şeirlərim kədərlidir, dramaturgiyam komediyadır. Amma əsas mahiyyəti yenə də kədərdir. İncəsənətin, fəlsəfənin kökündə sevinc deyil, kədər dayanır. Kədər hissi də məhəbbət kimi həmişə təzədir.

- Hər bir yazıçının, şairin mütləq bir davamçısı olur. Amma deyəsən əvvəl Sizin estetikada yazan olmayıb.

- Ədəbiyyata gələndə dünya ədəbiyyatından xəbərdar idim. Şair kimi formalaşmağımda “Azərbaycan” jurnalının rolu Moskvada dərc olunan “İnostranniy literatura” jurnalından qat-qat az olub. Dünya ədəbiyyatını çox oxuyurdum, bəlkə ona görə idi. Kamyunun nitqini ilk dəfə “somezdat”da oxumuşdum.

- “Somezdat”la kimlər məşğul olurdu?

- Moskva yəhudiləri.

- Kamyunun çıxışını hardan tapırdılar?

- Xaricə gedən diplomatlarımız gətirirdi.

- Siz “Somezdat”da nəyi çoxaltmısız?

- “Royal”, “Şəffaf balıq” poemalarımı.

- Onları kimə paylayırdız?

- Paylamaq təhlükəli idi.

Sən mənim doğma anamsan azadlıq,

Mən sənin yad qapılarında böyümüş balan.

Sən son ümidimin qaldırdığı ağ bayraqsan, azadlıq

Mən səni yellədən külək.

Bu şeiri o zaman paylamaq olardı? Təbii ki, yox.

- Qardaşınızın redaktoru olduğu jurnalda da dərc etdirə bilməzdiz?

- Yusifi niyə pis vəziyyətdə qoymalıydım ki? Onsuz da çap edə bilməyəcəkdi. Ya ərizə verib işdən çıxardı, ya da çap etdirməzdi. Bu tilsimi 1981-ci ildə Əkrəm Əylisi qırdı. Çap olunmamağıma son qoydu.

- O vaxta qədər çap olunmurduz ki?

- Düz 11 il çap olunmamışam. Yalnız iki dəfə pyesim dərc olundu və mahnılarım səslənirdi. Şeirlərimsə dərc olunmurdu. Doğum günümdə Əkrəmlə görüşdük. O günü qeyd etdik. Bu içkinin murdar bir tərəfi var, həmişə çatmır. Sonrası yadıma gəlmir ki, Əkrəmi necə yola saldım. O vaxt Əkrəm Əylisli “Azərbaycan” jurnalının redaktoru idi. İki dəftərimi oğurlamışdı. Bir də zəng etdi ki, gəl dəftərləri götür, şeirlərin çapa getdi. 30-a yaxın şeirimi çap etdirdi.

- Birdən-birə 30 şeir çox deyildi?

- Mənim şeirlərimin həcmi guya nə qədər idi ki? Tofiq Abdinin yaxşı bir sözü var, deyir ki, sovet vaxtı qlavlit bircə şairdən misra çıxara bilmirdi. O da Vaqif Səmədoğludur. (gülür)

- Tofiq Abdin deyir ki, Vaqif Səmədoğlu da xalq şairidir, Zəlimxan Yaqub da. Amma Vaqif Səmədoğlu elə bil xalqın şairi deyil. Hamı onun şeirlərini sevir, oxuuyur, ancaq elə bil xalqdan uzaqdır, elitar şairdir. Özünüzü xalqdan uzaq hiss edirsiz?

- Buna kompleks şəklində baxmaq lazımdır. Xalqa yaxınlıq təfəkkürü kökündən yanlışdır. Kiril əlifbasına qədər Azərbaycan ədəbiyyatı elitar olub. Xalq meyar deyil. Xalq aşığı tanıyar, məsələn, hər zonanın öz aşığı, öz igidi olur. Həmin zona da onları yaxşı tanıyır. Elə bilirsiz, Abbas Tufarqanlı, Ələsgər bütün Azərbaycanın aşığı olub? Xeyr. Onları bizim Elmlər Akademiyası xalqın edib. Bizdə hələ bu düşüncə qalıb. Azərbaycanda şeir kitabı 200 min tirajla dərc olunurdu. Amerika Birləşmiş Ştatlarında isə min tirajla. Biz Amerikadan ağıllı idik? Xeyr. Ədəbiyyat elitar olmalıdır. Mikayıl Müşfiq Səməd Vurğuna yazmışdı:

Dalğlardan gəlerəm ayə, a Puşkin

Salmışam üstünə saya, a Puşkin

Oxuyur şeirimi dağda çoban da,

Görməmiş mənimtək şair baban da.

Mən istəmirəm məni dağda çoban oxusun. Əgər mənim 50 nəfər oxucum varsa, xoşbəxtəm.

- Bilmirsiz, nə qədər oxucunuz var?

- 100 olar.

- Təvazökar cavabdır.

- Vallah, 100-dən artıq olmaz. Başqa təhlükə isə fanatların olmasıdır. Fanatlar çobanlardan min dəfə pisdir. Yalnız bir şairi oxumaq, ondan başqa poeziyanı heçə saymaq doğru deyil.

- Azərbaycanda fanat oxucusu olan şair var?

- Zəlimxan Yaqubu, Ramiz Rövşəni, Səməd Vurğunu deyirlər.

- Sizcə əsl şair ayağını zamanın cızığından kənara qoymağa cəsarəti çatandı, yoxsa zamanın sözəbaxan övladı olaraq qalan?

- Şairlər öz taleyini yaşayan adamlardı. O, bilmir hansı cığırla gedir, sağ, sol harada yerləşir. Allahın ananın bətnindən torpağın bətninə qədər verdiyi vaxtı nəyləsə doldurmalıdır, ya yox?

- Başqa insanlardan fərqi yoxdursa, o zaman şairlə şair olmayanın fərqi nədir?

- Yəqin ki, istedad.

- Taleyinizdən razısız?

- Razı olsam, bir dənə də misra yaza bilməzdim. Özündən razı bilirsiz kimdir? Tibdə onlara şizofrenlər deyilir. Başqa insan özündən necə razı ola bilər? Bir də qadınlar həmişə özündən razı olmalıdır. Çünki gözəllik əbədi yaradıcılıqdır.

- Siz də gənc olmusuz və özünüzdən əvvəlki ədəbi nəsli tənqid etmisiz. Bu gün də bu tendensiya var. Sizcə yaşlı nəsil onlar haqqında yazdıqlarımızı sizin əvvəl tənqid etdiyiniz ədiblər kimi qarşılayır? Bizmi daha sərt yanaşırıq, yoxsa sizlər?

- Mən bir dəfə də siz gənclərə cavab yazmamışam.

- Amma cavab yazanlar var...

- Cəlil Məmmədquluzadə deyir ki, çox düşündüm, müsəlman olmaq nə deməkdir, nəhayət bu nəticəyə gəldim: məşğuliyyətdi. Yazmaq da məşğuliyyətdir də.

- Süleyman Rəhimovu, Əli Vəliyevi və başqalarını Anar, Əkrəm Əylisli, Siz daha çox nəyə görə tənqid edirdiz?

- Çox şeyi tənqid etmişik. Mən həmişə soyuqqanlı olmuşam. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, bir dəfə də iclaslarında iştirak etməmişəm, həmişə qaçmışam.

- İclaslardan qaçmağınıza səbəb nədir?

- Dəqiq bilirəm ki, ədəbiyyat Yazıçılar Birliyində yaranmayıb.

- Onda o quruma nə ehtiyac var ki?

- Siz deyirsiz ehtiyac yoxdur. Ancaq ingilis, fransız yazıçıları mənə həsrətlə deyiblər ki, sizdə dövlət tərəfindən maliyyələşən qurum var, bizdə isə yoxdur.

- Sizə Yazıçılar Birliyində vəzifə təklif ediblər?

- Mənim orda vəzifəm var.

- Ağsaqqallar Şurasının sədrisiz?

- Ağsaqqallar hamısı ölüb, mən orda təkəm. (gülür)

- Zarafatla deyirsiz, yoxsa ciddi?

- Ciddi deyirəm. Kamal Abdulla, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub Ağsaqqallar Şurasının üzvləridir. Onlar ağsaqqal deyillər, ona görə deyirəm ki, mən təkəm.

- Nə vaxtdan yazıçı Anarla dostsuz?

- 7 yaşından.

- Anar yaradıcı adamdır. Yazıçılar Birliyində necə işləyir?

- Uşaqlıqda oyun oynayardıq. Anar deyirdi mən Nazirlər Sovetinin sədriyəm. Başqa bir dostumuz da deyirdi ki, mən də mədəniyyət naziriyəm. Anar ona deyirdi, idiot, səndən mədəniyyət naziri olar?. Anar uşaqlıqdan iddialıdır.

- Millət vəkili seçildiyiniz Qazax rayonuna axırıncı dəfə yolunuz nə zaman düşüb?

- İl yarım olar ki, Qazaxa getmirəm.

- Qazax Sizə doğma gəlir?

- Əlbəttə doğma gəlir.

- Deyirlər, Qazax əhli yeyib-içəndi. Səməd Vurğun içən idi?

- Mən bircə dəfə onu ayaqüstə dura bilməyən, piyan görmüşdüm. Dostları deyirdi ki, Səməd nə qədər içsə də piyan olmurdu. 50 yaşı olmasına, arıqlığına baxmayaraq canlı adam idi. Səhər 6-dan axşam saat 6-ya kimi kəklik ovunda olurdu. Ovda da dərə-təpə çox olurdu. Evdən çıxırdı, bir də 12 saatdan sonra qayıdırdı. Bir gün Jdanovun çıxışı var idi. Fadayev də tədbirin aparıcısı olub. Zoşenka, Anna Axmatova da orda imiş. Səməd Vurğun da içib, həmin tədbirə gedib. Deyib ki, Saşa, məni də o siyahıya əlavə et. Əsl ədəbiyyat Zoşenka və Axmatova olan yerdədir. Fadayevə Saşa deyə müraciət edirdi. Fadayev də yaxınlaşıb Səməd Vurğuna və deyib ki, sənə 100 dəfə demişəm belə tədbirlərə piyan gəlmə. O, bilirdi ki, bu söz Kremlə çatacaq. Beləliklə o atamı böyük bir bəladan qurtarıb.

- Fadayevlə dost idilər?

- Çox yaxşı dost idilər. Çox qəribədir ki, Səməd Vurğunun Azərbaycan yazıçıları içərisində dostları olmayıb. SSR-də Fadayev, Konstantin Simonovla, Şoloxovla çox yaxşı dostluqları olub. Onları insan kimi yaşamağa qoymadılar. Həmişə qorxu, təhlükə içində oldular. İnsan bütün ömrünü səksəkədə yaşayar? Fadayev 100 adamın ölümünə imza atıb, amma 200 min adamı ölümdən qurtarıb. Bir şeyi unutmayın, Səməd Vurğun, hətta Əli Vəliyev, Süleyman Rəhimov nəsli heç kim olublar. Onların hər şeyini, evlərini dolanışığını sovet hökuməti verib. Onlarda minnətdarlıq hissi var idi. Amma mənim qorxum olmayıb. Dünyada nə baş verdiyini biz bilirik. Onlar nə bilirdilər ki? Avropa ədəbiyyatından, mədəniyyətindən xəbərləri belə yox idi.

- Dediniz, Səməd Vurğun Şoloxovla da dost idi?

- Onlar çox yaxşı dost idilər. Anamın rus yazıçılarının ikisindən zəhləsi gedirdi, onlardan biri Şoloxov idi. Ona görə ki, anam atamla Moskvaya gedəndə həmişə deyirdi, tək qalıram. Deyirdi ki, Səməd Şoloxovla görüşəndə mən yaddan çıxıram.

- Deyirlər, Siz də məclis adamısız. Atanıza çəkmisiz...

- Bəli, amma mən bir dəfə də içib, yerə yıxılmamışam. Amma bir dəfə içib Gülüstan sarayının pilləkənlərini Əbülfəz Elçibəylə qalxanda bərk səslə Marqarita Tetçerin anasını söymüşəm.

- Gülüstan sarayında rəsmi tədbirdə içmişdiz?

- Hazır getmişdim. (Gülür) Yazıçılar Birliyində bir neçə yazıçı ilə birgə içirdik. Çingiz Abdullayev gəldi ki, Siz nə edirsiz, bizi tədbirdə gözləyirlər.

- Yazıçılar içərisində hazırda dostluq etdikləriniz kimlərdi?

- Posternak, Homer və başqaları...

- Onlar məcazi dostlarınızdır.

- Onlar mənim həqiqi dostlarımdır.

- Yazıçıları çox oxuyursuz, yoxsa şairləri?

- Mənə yazıçılar daha çox implus verir, nəinki şairlər.

- Tez - tez oxuduğunuz yazıçı kimdir?

- Çexov.

- Tolstoy Çexov haqqında deyirdi ki, pyesləri əladır, hekayələri zibil. Razısız?

- Tolstoy səhv deyir, amma Çexovun da xalturaları var.

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz şair kimdir?

- Abbas Tufarqanlı.

- Nazim Hikməti canlı görmüsüz?

- Onun Moskvadakı evində olmuşam. O çox istəyirdi Bakıda evi olsun. Hər dəfə Bakıya gələndə Mehdi Hüseynə deyirdi ki, ona ev versin. Deyirdi, nə vaxta qədər Bakıya gələndə oteldə qalacaq. Mehdi Hüseyn etiraf etmirdi, amma Moskva onun mənzillə təmin olunmasına icazə vermirdi.

- Nazim Hikməti necə xatırlayırsız?

- Həyatımda üç möhtəşəm insan görmüşəm. Onlardan biri də Nazim Hikmətdir. Mavi gözlü bir div idi. Zahirən çox gözəl idi. Qızların ona baxmağı, qadınların onu gözlə yeməyi hələ də gözümün qarşısındadır. Çox fanfaron adam idi, zövqlə geyinərdi. Onunla küçədə gedirdik, Alen Delon onun yanında heç nə idi. Qızlar yanından keçəndə ayaq saxlayıb, Nazim Hikmətə baxırdılar. Amma harda adama oxşamaz var idi, onu tapıb, yaşayardı. Qalya da, Vera Tulyakova da adama oxşamırdılar. Sizə onunla bağlı bir hadisə danışım. Bir dəfə könlünə Baxın əsəri düşmüşdü. Fortepianoda bu əsəri çaldım. Mənə dedi ki, kimi çox seviyorsun, Üzeyir Hacıbəyovu, yoxsa Qara Qarayevi? Mən dedim ki, ikisini də. Nazim baba isə dedi ki, kəndini və torpağını sev. Bu sözündən düzü heç nə anlamadım. Bir dəfə isə onunla bir tədbirdə idik, tədbir sonrası məni o qədər içirtdi ki. Özü isə qurtum-qurtum içirdi. Məni içirdə-içirdə deyirdi: “İç, iç didim sana”. Məni içirtməklə, elə bil özünü sakitləşdirirdi.

- İçə bilmirdi, yoxsa içmirdi?

- İkinci dəfə infarkt keçirmişdi, ona içmək olmazdı.

- Şeir yazdığınızı bilirdi?

- Yox bilmirdi.

- Nazim Hikmətlə Səməd Vurğunun söhbətlərinin şahidi olmusuz? Əsasən nədən danışardılar?

- Nazim Hikmətlə Səməd Vurğunu heç vaxt bir yerdə görməmişəm. 1956-cı ildə Səməd Vurğun vəfat etdi, ilk dəfə isə Nazim babanı mən 1957-ci ildə gördüm. Atamın vaxtında gəlsəydi, görərdim. Atamın vəfatından sonra bizim ailəyə baş çəkməyə, bir dəfə də Yusifin toyuna gəlib. Elə orda da onu Yusifi Səmədoğlu etdi.

- Bəs Sizin soyadınızı kim dəyişdi?

- Yusif.

- Türkiyədə “Nazim Hikmətin Bakı izləri” adlı kitab çıxıb. Orda Səməd Vurğuna yazdığı şeiri də yer alıb.

- Oxumuşam, çox yaxşı şeirdir.

- Həmin kitabda Mikayıl Rəfiliyə yazdığı şeirləri də yer alıb. Deyilənə görə, Səməd Vurğunla Mikayıl Rəfilinin münasibətləri çox gərgin olub.

- Əksinə, çox mehriban olublar. Səməd Vurğun təkid etdi ki, evi Rəfiliyə versinlər. O vaxt kosmopolitizm adı altında kompaniya başlanmışdı. Rəfilini də kosmopolit kimi tanıyırdılar. Kosmopolitizmə, o cümlədən Rəfiliyə qarşı çıxışlar oldu. Çox təəssüf ki, belə çıxışlardan birini də Səməd Vurğun edib.

- Atanız dostuna qarşı çıxıb?

- Zaman atamın dostuna qarşı çıxıb.

- Bəs Sizi sovet vaxtı nədə ittiham edirdilər?

- Çox şeydə.

- Abstraksionizmdə ittiham olunurduz?

- Edirdilər. Mücərrəd humanizmdə, formalizmdə çox ittiham olunmuşam. Hamısı boş şeydir. Sən yazansansa, otur yazdığını yaz.

- Sovet vaxtı Azərbaycan dilində olan tərcümələri oxuyurduz? Məsələn, Dostoyevskini, Tolstoyu..

- Uşaqlıqda mütaliə etmişəm. Mikayıl Quluzadənin tərcüməsində “Robinzon Kruzo”nu oxumuşam.

- “Yevgeni Onegeni” oxumusuz?

- Səməd Vurğunun tərcüməsində bəli, oxumuşam.

- Deyirlər, yaxşı tərcümə edib.

- Çox güclü tərcümə edib. Amma poeziya tərcümə olunmur. Puşkin kimi şairi ruslar tanıda bilmirlər. Bizim Füzulimiz var. Kimdir onu tərcümə edən? Kim onu tərcümə edə bilər ki? Poeziyanı tərcümə etmək mümkün deyil. Üzeyir Hacıbəyov bir vaxt musiqini tərcümə edirdi. Onun xalq çalğı alətlərində bir marşı var. Motsartın kontatasını götürüb bizim lada keçirmişdi və bir neçə bu cür şeylər edib. Bu adam nə qədər iş görüb.

- Üzeyir Hacıbəyov necə xatırlayırsınız?

- Onu mən bir-iki dəfə musiqi məktəbində görmüşəm. Axırıncı dəfə 1948-ci il, avqust ayında idi. Atam bizi onunla tanış etdi və dedi ki, Üzeyir bəyin əlindən öpün. Yaxınlaşdıq, birinci Yusif, sonra Aybəniz əlindən öpdü. Çox rahat şəkildə əlindən öpməyə icazə verdi. Sonra mən əlindən öpmək istəyəndə məni qucaqladı. O vaxt çox balaca idim.

- Murad Köhnəqala sizin “Allah məni yarı öldür, yarı saxla ağlamağa” şeirinizə cavab yazıb. Yazıb ki, “belə olmaz, orda burun, burda burun”. Sizin şeirlərinizə qarşı tənqidi münasibəti necə qarşılayırsız?

- Normal qarşılayıram. Mən də çoxları haqqında çox yazmışam ki...

- Məsələn, nə yazırdız?

- Məmməd Rahim, Zeynal Xəlilə yazmışam. Məmməd Rahimin elə şeiri yox idi ki, “ey şux” sözünü işlətməsin. Mən də ona aid bir şeir yazdım.

Top girir doqquzluğa,

Stadion at dedi,

Rahimin könlü isə

Ey şux, buna bax dedi.

Zeynal Xəlil qafiyə xətrinə şeirdə gah həmin, gah həmən, gah da haman işlədirdi. Mən ona cavab yazmışdım.

Gözüm düşdü yaman qıza,

həmin, həmən, haman qıza.

Belə şeylər çox yazırdım. Ən yaxşısını isə Fikrət Qocaya yazmışam. O şeirə görə mənə 7 şüşə şampaniski aldı ki, bir də onu oxumayım.

- Fikrət Qocanın yaxşı şeirləri var?

- Əlbəttə.

- Son dövrlər yazdığı şeirləri çox pisdi. Məsələn, Qəbələyə aid yazdığı şeiri buna misal ola bilər.

Yəni bura elədi,

yəni bu, Qəbələdi?

Belə şeir olar?

- Siz pis deyirsiz, amma kimlərsə oxuyur.

- Çox primitivdir...

- Yenə başladız birmənalı qiymət verməyə.

- Bir şeirində isə deyir:

Nə vaxt arvad istədim,

gördüm namaz üstədi.

- Siz fikirləşdiyiniz deyil, yəqin acıbmış, yemək istəyirmiş. Arvad da namazda imiş. (Gülür)

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #