Qadınlığını unudan Səriyyənin sonu

Qadınlığını unudan Səriyyənin sonu
22 yanvar 2015
# 15:00

İşlədiyim məktəbdə bir qapıçı qadın vardı. Vardı, deyəndə ki, bu sətirləri yazdığım andan iki gün öncəyə qədər biz hamımız uşaqlı-böyüklü, valideynli-müəllimli məktəb binasının qapısını onsuz təsəvvür etmirdik.

Qapıçı Səriyyə.

Ümumi isimlə xüsusi ismin birləşməsindən yaranan bu birinci növ təyini söz birləşməsi heç bir cinsə mənsub olmayan anlayış ifadə edirdi.

Səriyyə özü də qadınlığını unutmuşdu. Sanki onun enli kürəyi elə ömrü boyu, yay-qış açıq olan o qapını bağlamaq, qabarıq sinəsi isə balacalara qoşulub dərsdən tez çıxmaq istəyən yuxarı sinif avaralarına sipər olmaq üçün yaranmışdı.

Üç il öncə məktəb təmir olunmuş və uniformalı, səliqəli kişi qapıçılar işə götürülmüşdü.

Amma bu sökük-salxaq geyimli, qalın səsli, hay-küylü qadını işdən çıxarmamışdılar, onu ən balaca korpusun qapısına keçirmişdilər.

Bu qadını işdən qovmaq olmazdı, hamı yaxşı bilirdi ki, Səriyyənin borcları var.

Ondan “Necəsən?” soruşardıq, hal-əhval tutardıq, salam verərdik. Bütün sualların cavabını, bütün söhbətlərin axırını gətirib eyni yerə çıxarardı:

“Borcum var”.

Son vaxtlar Səriyyə heç kimin salamını almırdı, başını qaldırıb içəri girənlərin üzünə də baxmırdı.

Amma yenə də onun kələ-kötür sifətinə həmin o müxtəsər cümlə yazılmışdı:

“Borcum var!”

Bu qadının kimə, nə üçün, nə qədər borcu olduğunu bilmirdik, heç maraqlanıb soruşmurduq da.( Bəlkə də, indi- təzədən bu dünyaya qayıdıb gəlsə, yenə də soruşmarıq. Bu dünyada hər kəs öz borcuna özü cavabdehdi)

Dumanlı şəkildə bilirdik ki, onun hamıya, hərəyə müxtəlif məbləğdə borcu var. Birindən alıb, o birinə qaytarır. Bu bankdan o kreditə, bu qonşudan o qohuma, bu sələmdən o faizə. Və beləcə məbləğ get-gedə artıb bizim qapıçının imkanlarından kənarlara daşırdı.

Səriyyə bu borclarla birlikdə uzun müddət yaşamış, uşaqlarını böyütmüş, qızlarını ərə vermişdi, oğlunu ərsəyə gətirməyə lap az qalmışdı və hələ də yükün altında tək idi.

Bu günlərdə qısa müddətə getdiyim səfərdən qayıdanda evdə ilk eşitdiyim xəbər bu oldu:

“ Ana, qapıçı xala ölüb.”

İş yoldaşıma zəng edib dəqiqləşdirdim:

- Düzdü ki, Səriyyə ölüb?

- Hə, intihar edib.

- İntihar? Niyə?

- Borcu varmış...

Əslində, iş yoldaşım marağın təbii axarıyla “nə qədər?” sualını gözləyirdi. Yəqin ki, artıq hamı bu məbləğlə açıq-aydın maraqlanırdı. Amma mən soruşmadım. İnsan həyatının konkret qiymətini bilmək nəyimə lazımdı ki.

Otuz min, əlli min, yetmiş min, varmı artıran?! Və yaxud da aşağı yeri varmı?!

Əvəzində başqa söz xəbər aldım.

Cavab təəccüblü olmadı.

O, zəhər içibmiş.

Bəlkə də, əlaqəsi yoxdu, gözümün önünə Səriyyənin qapıda oturub plastik qablarda tort yediyi səhnələr gəldi. Bəzən şagirdlər sinif otaqlarında kiçik şənliklər keçirər, ya doğum günündə yoldaşlarına şirniyyat qonaqlığı verərdilər. Heç vaxt da Səriyyəni unutmazdılar.

Sonra başqa ştrixlər, özünəməxsus xüsusiyyətlər də var ki, bunların hamısını yazsam, siz də onu mənim kimi tanıyarsız, amma qətiyyən roman yazmaq fikrim yoxdu. Zatən hər insan ömrü bir romandı.

Həyatın dibindəki yaşantılar daha təbii, bu həyatdan bəhs edən romanlar daha bədii alınır, bilirəm. Xeyli simvolik, kədərli açar sözlər də var: Qapı və Səriyyə, həyat və ölüm, borc və intihar, tort və zəhər.

Amma qorxmayın, mən qapı ağzında keçən bu ömürdən bəhs edən o kədərli romanı yazmayacam. Siz də onu oxuyub, kefinizi pozmayacaqsız.

Sadəcə intihar xəbərlərindən birini adi statistikadan fərqləndirmək istədim. İnsanların canına qıymasına gətirib çıxaran səbəblərdən ən dəhşətlisi haqda bir az düşünmək.

Qəribə deyilmi, “Borclu borclunun sağlığını istər”kən borclular ölməyi üstün tuturlar.

Qapı ağzında plastik qablarda tort yeyə-yeyə keçən bir ömrə bir-iki damcı zəhərlə son qoymağı.

Çünki Tanrıya olan yeganə can borcunu qaytarmaq hərəyə bir az olan xeyli pul borcunu qaytarmaqdan daha asandı.

# 940 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #