ANS-in “Şəxsiyyət vəsiqəsi”

ANS-in “Şəxsiyyət vəsiqəsi”
8 yanvar 2015
# 14:27

ANS kanalında Həmid Herisçinin aparıcılığı ilə efirə çıxan “Şəxsiyyət vəsiqəsi” verilişinin Əliağa Vahidə həsr olunmuş buraxılışına mən də baxdım. Bakı mühitində böyüdüyüm və klassik ədəbiyyata kifayət qədər bələd olduğum üçün düşünürəm ki, bu konuda mənim də az-çox söz demək haqqım var.

Əliağa Vahid haqqında ilk dəfə deyil ki, yazıram. Bundan əvvəl də qəzəlin bu sonuncu mogikanı, eləcə də Vahidin ustadı olmuş Məşədi Azər, Bakı şairlərinin toplaşdığı “Məcməüş-şüəra” ədəbi məclisinin bir sıra tanınmış nümayəndələri haqqında tanıtım yazıları yazmışam. Sözümün mabədi budur ki, Vahid teması mənə çox yaxındır və vaxtilə onun, eləcə də klassik janrda yazıb-yaratmış şairlərin həyatı və mühitini araşdırdığımdan onların istedadını klassikaya yönləndirən amillərin hardan qaynaqlandığını da çox yaxşı bilirəm.

Əvvəla, biz klassiklərə, tarixi şəxsiyyətlərə qiymət verərkən hər dəfə eyni səhvləri təkrarlayırıq. Onlara yaşadıqları dövrün kontekstindən kənarda, bu günün ölçüləriylə yanaşırıq. Bu da həmişə olduğu kimi, səhv qənaətlərə gətirib çıxarır. Həmkarlarım Vahidi bəsit yazmaqda günahlandırdı. Ekranda nümayiş etdirilən ensiklopedik məlumatda da yazılmışdı ki, Vahid yalnız mollaxana təhsili alıb, o da ala-yarımçıq. O, çox kasıb bir ailədə böyüdüyündən heç təhsilini də başa vura bilməyib. Firavan, qayğısız uşaqlığı olmayıb onun. Çox sonralara yazdığı “Mollaxana” poemasında belə misralara rast gəlirik:

Mollanın haqqını hər ayda gərək,

hələ-əlbət bizə borc idi verək.

Mümkün etməzdi yenə bir paramız,

verə bilməzdi – yox idi paramız.

Mollanın haqqını verə bilmədiyindən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdı Əliağa. On dörd yaşındaykən həyat onu işləməyə məcbur edib, çilingər yanında şagirdlik edib evə çörək pulu aparıb. Vahid gözünü açıb şeir adına ancaq qəzəli görüb. Yeniyetmə vaxtından Məşədi Azərin, Əbdülxalıq Yusifin, Seyid Zərgərin yazdıqlarını oxuyub və onlar Əliağanın fitri istedadını məhz qəzəl üstündə kökləyiblər. Onun təbi klassika mühitində cilalanıb. O dövrdə demək olar ki, bütün Bakı şairləri əruzun əsarəti altındaydılar. XX əsrin əvvəllərində yazıb-yaratmış Bakı şairlərinin yaradıcılığına nəzər salın, onların böyük əksəriyyəti Füzulinin, Seyid Əzimin təsirindən çıxa bilməyib. Amma gül-bülbül şüərası içində bəxti üzünə gülən yeganə qəzəlxan Vahid olub. Vahid klassik janrda yazsa da özünün baməzəliyi, bir az da tərki-dünyalığı ilə qəzələ yeni rəng qata bildi, qəzəlin dadını-duzunu artırdı, onu xalq dilinə bir az da yaxınlaşdırdı.

Vahidin öz müasirləri olan xalq şairləri kimi Moskvada təhsil almaq imkanları olmayıb. Onun böyük istedadı əlindən tutdu, beyni nə qədər dumanlansa da Vahid ədəbi huşyarlığını heç vaxt itirmədi.

Şifahi xalq ədəbiyyatında lirik növün hansı janrı Bakı mühitində inkişaf etmişdi? Bu mühitdə bircə aşıq yetişmişdimi? Yox. Çünki Bakı mühitində ədəbiyyatda qəzəl, musiqidə isə muğam dominantlıq edirdi. Tam təhsil ala bilməmiş Vahid bu mühitin təsirindən kənarda qala bilməzdi.

XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif ədəbi məktəblər yaranmışdı. Romantizm ədəbi məktəbinin nümayəndələri Hüseyn Cavid, Məhəmməd Hadi və digərləri öz şeirlərində mürəkkəb ərəb-fars tərkib və məcazlarından istifadə edirdilər. Bu da onları oxucu kütləsindən ayrı salırdı, xalq onların yazdıqlarını anlamaqda çətinlik çəkirdi. Vahidin ilk şeirləri də bu təsirdən kənarda deyildi. O, satiralar, həcvlər də yazırdı, amma yaradıcılığının ana xətti qəzəl idi. O, Füzuli kimi, Seyyid Əzim kimi yazsaydı, bəlkə də bu qədər sevilməzdi. O, Vahid kimi yazdı və sevildi.

Vahid qəzəlxan idi, meyxanaçı deyildi. Onun bədahətən söz demək məharəti vardı və bu da əlahiddə bir istedad tələb edir. Hər şair bədahətən söz qoşa bilmir. Amma bu gün qəzəlin doğub-törəmək imkanları tükənib. Vahid klassik düşüncənin son istismarçısı idi və elə buna görə də ondan sonra gələn qəzəlxanların heç biri Vahid zirvəsini fəth edə bilmədi...

Əlahəzrət zaman qəzəlin də sonunu gətirdi. Bu, Vahidin günahı deyil...

# 853 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #