Arvadını hər gün döyən qızıl medallı boksçu...

 

Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

 

 

1.

"Təzədi!" deyib götürdü,
kiminsə "köhnədi..." deyib atdığı pencəyi

 

2.

Əsgərlik xatirəsi kimi danışacaq

ilin ən uzun gecəsini bomj

 

3.

Təmirdən çıxmış yolun yaddaşından

heç bir qəza silinməmişdi

 

4.

Sevdiyi qızı öpə bilməmişdi

öpüşənləri cərimələyən gənc polis

 

5.

Ömürlük məhbuslardan tarixi soruşmurdu heç kim

 

6.

- Son arzunu de

- Məni tez öldürün!

 

7.

Həmişə dənizə baxan evi olsun istəyirdi

boğulmamışdın əvvəl

 

8.

Vitrindəki şam ağacı

Küçədəki şam ağaclarından utanırdı

 

9.

Uşaqlar Şaxta-babaya daha çox inanır

nəinki Allah babaya

 

10.

Biletsiz gəlmişdi Ayın qatara düşən işığı

 

11.

Kürəyindəki izlər əlindəki bıçaqdan dəriniydi

 

12.

Əlinin çatdığı qızlara boyu çatmadı

boyunun çatdığı qızlara əli

 

13.

Vaxta bir saat qalmış intihar edib

qumar borcunu ödədi

 

14.

Mərhumun əlindən düşən kola qapağında

“Bəxtinizi bir daha sınayın” yazılmışdı

 

15.

Kafenin xadiməsi

axşamdan qalan söyüşləri süpürürdü

 

16.

Bütün şəkilləri ikiyə böldü

birini yandırdı: qucaqlaşmışdılar

 

17.

İşini tez qurtardı ki, rahat darıxsın

 

18.

Arvadını hər gün döyən qızıl medallı boksçu

bütün ölkənin fəxriydi

 

19.

Saatları bir saat geri çəkdilər

elə bildi ki bir saat çox yaşayacaq

 

20.

Balaca qız uşağı heyvanxanadakı leyləkdən

ölmüş qardaşını geri istəyirdi

 

21.

Qara qutudakı səsi

yadigar saxlamışdı pilotun qızı

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017