O oğlana görə heç kimi təbrik eləmədim – Aysel Əlizadə bayramdan yazır...

O oğlana görə heç kimi təbrik eləmədim – Aysel Əlizadə bayramdan yazır...
27 mart 2021
# 13:30

Kulis.az yazıçı-şair Aysel Əlizadənin “Ağ xəz” hekayəsini təqdim edir.

Bizim balaca evimizin eyvanından uzaqda səhraya oxşar bir çöllük görünürdü. Tez-tez pəncərədən ora baxırdım. Mən böyüyəndə orada yeni qəsəbə salındı. Çoxlu binalar tikildi və Qarabağdan gələn qaçqınların bir köçünü orada yerləşdirdilər.

O vaxt təqvimdə qırmızı rəqəmlər çox deyildi, hamının gündəlik iş-gücü vardı, hər dəqiqə hay-həşir olmazdı deyə, hamı bayramlara xüsusi hazırlaşardı. Hansı günün bayram, hansının iş günü olduğunu dəqiq bilirdik. Məhəlləmizdə hər bayramda uşaqlarla yığışıb tamaşalar, səhnəciklər hazırlayardıq. Qonşular öncədən bu bayram həyətdə nəsə bir proqramla çıxış edəcəyimizi bilirdilər.

Yeni ildə Şaxta Babanın libasını hazırlamaqdan ötrü bir az əlləşməli olurduq. Kimisə Şaxta Babaya bənzətmək çətin idi. Ən çətini də Şaxta Babaya saqqal düzəltmək idi.

Anamın boynunda ağ xəzi olan Nikolaydan qalma kürkü vardı. Mən elə hey anamın Nikolaydan qalma kürkünü əlimə götürüb boynundakı ağ xəzə baxırdım, bu xəzi əkişdirməyin yollarını axtarır, planlar üzərində baş sındırırdım. Ağlıma heç nə gəlmirdi. Anam müəllimədi. Bu kürkü almaqçün bir müddət yığımcıllıq edib, maaşından pul qırtmışdı. Ona görə artıq dəbdən düşən kürkü geyməsə də yaman əzizləyirdi. Beləcə hər il Şaxta Babanın saqqalını pambıqdan düzəltməli olurduq. Heç cür doğruçu saqqal, inandırıcı Şaxta Baba alınmırdı. Şaxta Baba haqda hamı hədiyyə gətirən, səxavətli bir qoca kimi danışırdı. Çocuq olanda hər il valideynlərimizə sifarişlər verib, Şaxta Babanın yeni il gecəsi istədiyimiz hədiyyəni gətirib küknarın altına qoyacağını gözləyirdik. Elə də olurdu. Ancaq bir az da böyüyüb bayramlar keçirdiyimiz vaxtlarda Şaxta Babanın torbasına özümüz pay-puş dolduranda gerçək babanın olmadığını anladıq. Xəyallar ilk dəfə belə puç oldu.

***

Təkcə həyətimizdə yox, məktəbimizdə də həvəslə şənliklər keçirərdik, biletlər düzəldib satardıq. İstəyən qabaqcadan bilet alıb şənliyə qatılırdı. Öncədən hay-həşir salıb şənlik edəcəyimizi bildirirdik. Hər kəs dost-tanışına xəbər edirdi. Beləcə başqa məktəblərdən də qonaqlarımız olurdu. Biletlərin puluna masalar düzəldər, zalı bəzəyər, oyunlar üçün həvəsləndirici hədiyyələr alardıq. Ancaq bəzi şeylər nəsə ürəyimizcə olmurdu. Yalançı Şaxta Baba, yalançı yolka şənliyimizin təbiiliyini pozurdu. Bir dəfə bayrama təbii küknar ağacı gətirmək ağlımıza gəldi. Çox axtardıq, soraqlaşdıq, doğruçu ağac çox baha idi. Pulumuzu ağaca versəydik, şənliyin qalan xərclərini ödəyə bilməyəcəkdik. Bir gün qarşıma saysız küknarların sıralandığı küçə çıxdı. Bu anı qaçırmaq olardımı? Vaxt itirmədən yoldaşlarıma xəbər verdim, onlardan biri əmək təlimi otağından gizlicə mişar götürdü və biz kiçik avtobus tutub, həmin küçəyə yollandıq. O vaxt təbiət qoruq kimiydi. Ağaclar olan hər yerdə gözətçilər dayanırdı. Bir budağa görə adamı əməlli-başlı danlaq gözləyirdi. Təkcə biz yox, öyrətmənlər, valideynlər də cavab verməli olacaqdı. Bunu yaxşı bilirdik, ancaq şənliyimizdə təbii ağacın olmasını çox arzulayırdıq deyə heç nəyə baxmadan getdik və səs-küy salmadan ağacı birtəhər mişarlayıb, maşına qoyduq. İş tamam olandan sonra hamımız miniyə doluşmuşduq ki, hardansa gözətçi peyda oldu. Çox həyəcanlandıq. Özümüzü itirmədən sürücüdən tez aradan çıxmasını istədik. O da sağ olsun, bizi pis durumda qoymadı, maşını raket kimi yerdən götürüb canımızı qurtardı. Beləliklə, şənliyimizdə başı tavana dirənən, iri, olduqca görünüşlü küknar ağacı dağ kimi dayanmışdı. Onu öncə nəm torpaqla dolu yekə bir vedrəyə yerləşdirdik, sonra yerə uzadıb bəzədik, zərlədik, oyuncaqları və işıqları asdıq. Sonra köməkləşib hamılıqla qaldırdıq. Vedrəni də ağ parçayla örtdük. “Öyrətim Qurumu”ndan çağırdığımız rəsmi qonaqlar sonradan oxulumuza özəl ödüllər, diplomlar da verdi. Ağacı hardan aldığımızı heç kim soruşmadı. Bu çox yaxşı oldu. Bir az da həvəsləndik. Bir-iki ay sonra Novruza hazırlıq görməyə başladıq. Novruz təbiətin oyanışını simvolizə edən bir bayramdı. Onun əsas personajları olan Keçəl və Kosa qışla yazın mübarizəsinə işarədi. Guya qış yerini yaza vermək istəmədiyi üçün Keçəllə Kosa arasında kiçik bir dartışma, oyunbazlıq baş verir. Ancaq Kosanın indiki kimi hər yerdə eyni cür çıxış etməsi, bəzən lap şitini çıxarması ürəyimizcə deyildi. Fikirləşirdik, niyə bizim bayramın əslində çox maraqlı məzmunu olan obrazı belə gülünc görünür. Eyni şeiri söyləyib durur. Bu azmış kimi hələ dilənir də:

Novruz-novruz bahara, ay bahara
Güllər-güllər nübara, ay nübara...

Bütün tədbirlərdə, televiziyaların bayram proqramlarında Novruz eyni ssenari üzrə hazırlanırdı: Hamı bir ağızdan deyirdi:

A kos-kosa, gəlsənə,
Gəlib salam versənə...

Kosa gələnə yaxın Keçəl hamıyla birgə bu sözləri deyər, sonra yıxılar, guya ölərdi. Ətrafdakılar Keçəlin üstünə su çiləyər, Keçəl də dirilib yerdən qalxardı. Bu yerdə Kosa gələr və şeirini deyib bir-biri adamlara yaxınlaşaraq pay dilənərdi:

Keçəli güldürsənə
Kosanın payını versənə... və s.

Bizim dilənçi Kosadan xoşumuz gəlməzdi. Görən niyə Şaxta Baba pay gətirən, əzəmətli, xeyirxah bir qoca, milli bayramın personajları isə cır-cındır geyimdə, dilənən, düşük-düşük danışan, komikliyin belə öhdəsindən gəlməyən obrazlardı? Bu tarixi yanlışı necəsə düzəltmək gərək idi. Çıxış yolu tapıldı. Uşaqlar bacardıqları şəkildə Kosanın şeirini dəyişdilər. Biz Kosaya yeni bir şeir yazdıq:

Bu novruz axşamında
Bir ağıllı oleydi,
yaxşı təbrik diyeydi
şeirlər söyliyeydi,
Bunun əvəzində mən
Vereydim paxlavadan,
Ya da şəkərburadan
Qarnını doydureydim
Nə oleydi, oleydi
Bir ağıllı çıxeydi
Hədiyyəsin vereydim...

Kosanı dilənçilikdən qurtardıq, ancaq bundan sonra başımıza gəlməyən qalmadı. Ölkədə savaş başladı. Biz - heç savaş görməyən çocuqlar birdən-birə məktəbimizə yurdlarından qovulub gələn qaçqın uşaqlar gördük. Heç nə başa düşə bilmirdik. Uşaqlar necə qaçqın ola bilər? Yavaş-yavaş bu duruma öyrəşirdik. Anlayırdıq ki, gözlənilmədən həyatın düzənini pozan amansız hadisələr baş verə bilər. Yeni yoldaşlarımıza dəstək olmağa çalışırdıq. Müəllimlər geymədiyimiz pal-paltar, məişət əşyaları, məktəb ayın-oyunları gətirməyimizi xahiş edirdi. Qohum-qonşudan soraqlaşıb, pal-paltar yığıb, məktəbə verirdik. Hər kəs ailəcə qaçqın uşaqlara əlindən gələn köməyi etməyə çalışırdı. Daha bayramlara hazırlaşmırdıq. O dönəmdə öncələr səhraya oxşayan, sonra qaçqınların yaşayış yerinə çevrilən qəsəbədən bir oğlanla tanış oldum. Onun əhvalatı heç vaxt yadımdan çıxmadı. Atası döyüş zamanı bərk yaralanır, Bakıya hərbi hospitala göndərirlər. Düşmən ordu rayona soxulanda aləm bir-birinə qarışır, hay-haray düşür, hərə canını götürüb bir tərəfə qaçır. Ailənin bütün kişiləri cəbhə xəttində olduğu üçün evlərdə yalnız qadınlar, cocuqlar və qocalar olur. Onlar da həyətdən çıxa bilmirlər. “9 yaşım olanda atam mənə öz “Kamaz”ını sürməyi oyrətmişdi” – danışırdı həmin oğlan. “O hadisələr zamanı 11 yaşına yenicə girmişdim. Hamı başını itirmişdi. Düşmən hər an həyətimizə girə bilərdi. Qonum-qonşu da bizim həyətdəydi. Düşmənin müqavimətsiz rayonumuza girdiyini eşidən kimi camaat bir-birinə dəydi. Anam birdən mənə yaxınlaşıb dedi: “Otur sükan arxasına”. Səsindəki əminlikdən ürəkləndim. Onsuz da başqa çarə yox idi. Həyətdə aciz-aciz vurnuxanlar maşına doluşdu. Sükan arxasına keçdim. “Kamaz”ı yerindən tərpətmək çox çətin idi. Həmin an birdən-birə bu günə kimi anlamadığım ilahi bir güc gəldi mənə. Maşını yerindən götürdüm. Elə təzəcə yola düzəlmişdik ki, qabağımıza düşmən tankı çıxdı. O qədər yaxınıydı ki, içindəkilərin səsini eşidirdim. “Kamaz”ı birtəhər arxaya verib, yolu dəyişdim. Hücuma, açılacaq güllələrə hazır dayandım. Nədənsə, bizə güllə atılmadı. Maşını rayondan çıxara bildim. Bakıya qədər heç nə hiss etmədim, heç nə eşitmədim. Dayanmadan sürürdüm. Gözümə heç nə görünmürdü. Bakının girəcəyində yolu kəsən əsgərləri, polisləri görəndə maşını saxladım”.

Uzaqdan gələn sürücüsüz “Kamaz”ı görən dövlət hərbçilərin gözləri bərəlir. Hər dəqiqə təhlükə baş verəcəyini gözlədikləri üçün tələsik həyəcan təbili çalırlar. Silahları maşına tuşlayıb hazır dayanırlar. Silahlı polislər qapıya tərəf qaçır. Boyu çatmadığı üçün sürücüsü çöldən görünməyən “Kamaz”ın qapısı açılanda heyrətdən donub qalırlar.

***

Evimizi dəyişdik, köhnə vərdişlər, tanışlar və yaşantılar geridə qalırdı. Səmimi məktəbimi, məhəlləmizi, balaca evimizi və uşaqlıq dostlarımı arxada qoyan yolumun hara uzanacağını bilmirdim. Universiteti qazandığım il anladım ki, burda müəllimlər məktəbdəki kimi doğma deyil, heç olmayacaqlar da. Qrup yoldaşlarım hərəsi bir tərəfdən gəlmişdi, oxuduğumuz 4 il ərzində ortaq sevinc, ya kədərimiz çox az oldu onlarla. Yalquzaq kimi özümə çəkilirdim getdikcə. Həyat adi keçir, bir az da anlamsız yorğunluq yükləyirdi. Ara günlərdə hərdən şəhəri veyl-veyl dolaşırdım. Bu şəhərin qədimliyi qəribə çağdaşlıqla əvəzlənirdi. Şəhərin keçdiyi həyat yolunu, xarakterini açan, sakinlərinin xatirələrini canlandıran heç nə qalmırdı. Hətta köklü sakinləri də hardansa bilinməz yerlərdən gələn, bu şəhərlə heç bir ruhsal, məntiqi bağı olmayan, onunla heç cür doğmalaşa bilməyən, nə vaxtsa biryolluq çıxıb gedəcək köçərilər kimiydi artıq. Şəhər öz yenilikləri və adamları ilə nənələrin gərəksiz əsgi-üsgünü bir-birinə yamayıb tikdikləri quramaları xatırladırdı. Nənə quramalarından fərqli olaraq bu calaqlar ayrı-ayrılıqda bəlkə də hansısa anlam daşıyırdı, şəhərlə birlikdə isə heç nə ifadə etmirdi. Yüklə dolu ticarət gəmisinə oxşayan bu şəhərə baxanda tab gətirməyib batacağından, ya da gücə düşən elektrik cihazı kimi partlayacağından qorxurdun. Düzdü, qulağımızın dibindəki bir ölkədən qonağımız gələndə, onu girintili-çıxıntılı, hər tərəfi qara şəlaləyə oxşayan eskalatorla çevrələnmiş, şüşəli liftləri olan modern ticarət mərkəzlərində qürurla gəzdirirdik. Ancaq yenə də, elə bil üstündə gəzən bu qayğıdan zavod kimi ağırlaşmış adamlar, köksündə boş yer qoymadan nəfəsini kəsən tikintilər şəhərin bağrını yarırdı. Nə vaxtsa bircə yolkanı kəsib aparmaq ürək istəyirdi. İndi isə kəsilən ağaclar üzündən şəhərimiz keçəlləşirdi. Onları kimlər kəsirdi, hara aparırdılar, kimdən razılıq alırdılar, bu suallar qarşısında məsuliyyət daşıyan yox idi.

***

Təzə evə köçəni çox olmuşdu, qonşularla hələ də tanış sayılmazdıq. Hərdən kiminsə salamını alır, kim olduğunu isə heç cür yadıma sala bilmirdim. Tanımadığı adamlara salam verənlərdən savayı, adamı görəndə özünü görməzliyə vuran, üzünü yana çevirib başqa səmtə baxan tanışlar da olurdu. Hamını elə bil tilsimə salmışdılar. Bir günorta həyətdən gurultu, qışqırıq eşidildi. Adamların səsi bir-birinə qarışmışdı. Demə, bizim binaya yaxın olan uşaq bağçası sahibkara satılıb. Bağçanı təcili boşaltmaq lazım gəlib. Tərbiyəçilər də uşaqları götürmələri üçün ailələrə xəbər verməli olublar. Balacaların günorta yuxusunu yarıda kəsib oyadır, bir-bir evə yollayırdılar. Tələsik bağçaya axışan valideynlər, bu işdən xəbər tutan qonşuluqda yaşayanlar hamısı bayıra axışıb. Ömründə belə şey nə görən, nə eşidən adamlar heç yerə getmədən həyətdən həmin bağçaya kimi iki-bir, üç-bir düzülüb bərkdən-bərkdən danışır, şaşqınlıqlarını, qarşı çıxdıqlarını ifadə edir, bir-birinə şikayətlənir, mobil telefonla harasa zəng vururdular. Az qala ürəyi partlayan bir qoca isə uşaq bağçasının ətrafında yarısını özü, yarısını sakinlər əkdiyi, ömrü boyu əzizləyib qulluq etdiyi qollu-budaqlı nəhəng ağacları ot kimi yolub tökən, ağackəsən dəzgahla əcaib mənzərə yaradan uniformalı adamlara əlacsız-əlacsız gah yalvarır, gah hədə-qorxu gəlirdi. Bizə gələn qonaqlar həmin ağaclığa zarafatyana “Quba meşələri” deyirdilər. Bu yerlərin havası həmin ağacların hesabına ciyərlərimizə yağ kimi yayılırdı. Ağacları kökündən çıxarmadan kəsirdilər. Adamlar qocanın və ağacların halına yanıb, döydükləri davanı unudaraq onun naləsinə hay verib dəstək çıxsalar da faydasız oldu. Hamısını doğrayıb, maşına yığıb, apardılar. Qoca ağlaya-ağlaya maşının dalınca deyindi. Təbiət daha qoruq kimi deyildi və yavaş-yavaş yoxa çıxırdı. Həmin gündən ağac kötüklərinin yanından ayrılmayan o qocanı gələn də görürdü, gedən də. Qoca bağbana baxanda yadıma Nazim Hikmətin

Yaşamaq!
Bir ağac kimi tək və azad
və bir orman kimi qardaşcasına...

misraları düşürdü...

***

Universiteti fərqlənməylə bitirməyimə baxmayaraq özümə iş tapa bilmirdim. İşə düzəlmək 15 il oxumaqdan çətin idi artıq. Çantamdakı fərqlənməylə ora-bura gedir, qəribə maraqlarla başımı qatır, gərəksiz kurslara yazılır, balıqqulağı toplayır, İtaliya futbol komandasına azarkeşlik edirdim. Kurslarda xarici dil öyrənirdim ki, iş tapmasam başqa bir ölkəyə köçmək haqda ciddi düşünüm. Psixoloji kurslara gedirdim ki, baş verən bu qarışıqlığı bəlkə analiz edə bildim. Balıqqulaqlarını bir məşğuliyyətim olsun deyə fiqurlar düzəltmək üçün yığırdım. İtaliya komandası isə bərbad halda olan futbolumuzun depressiyasına düşməmək üçün idi. Çünki bu estetik idman növünü sevirdim. Və yaraşıqlı, güclü oyunçuları izləmək futbol kultumu məhv olmağa qoymurdu. Xəritədə çəkməyə oxşayan bu “ayaqqabılar ölkəsi”nin futbolçularının ayaqdan çevik olmaları ölkələrini ustalıqla ifadə edirdi. Uzun zaman beləcə dolaşdım, baş qatdım. Bir gün gözlədiyim cavab gəldi. Məni işə götürmüşdülər. Minnət, tanış, tapşırıqla hər yerə üz tutmuşduq, bir az rüşvət, bir az inad sonucunda ucqar bir orta məktəbə uşaq birliyinin rəhbəri vəzifəsinə düzəldim. Məktəb illərindən söz deməyə xəsislik edən, ancaq ağzından çıxan hər kəlməni güddüyümüz qocaman bir müəllimənin nüfuzu və öyrətmən duruşu onun kimi olmaq arzusu oyatmışdı məndə. Keçmiş həyətimizdə keçirdiyimiz şənliklərdən savayı, tez-tez “məktəb-məktəb” də oynayır, qonşuluqda yaşayan uşaqları başıma yığıb dərs saatı düzəldir, həmin müəlliməni yamsılayırdım.

İşə düzələndən sonra bozarmış məktəb həyatının solğun, həvəssiz sakinlərini görüb, ümidimi itirirdim. Elə bil həmişə özünü öyrətmən kimi aparan mən deyildim. Öyrətmənlik alovum sönürdü yavaş-yavaş. Bir müddət sonra artıq dərs yüküm də var idi.

Sevdiyim işə, özü də belə çətinliklə düzəldiyimə görə sevinməliydim. Özümü sevindirməkçün fikirləşib tapdığım səbəblər, uşaqlıq arzum işə yaramırdı, nəsə sevinə bilmirdim. Məktəb həyatı əvvəlki kimi deyildi. Şagirdləri ələ almaq çətinləşmişdi, valideynləri iclasa çağırmaq üçün az qala evlərinə gedirdik, dərsə gəlməyənlər getdikcə çoxalırdı, uşaqlar ölüvay olmuşdular. Məktəb həyatı buz kimi soyuq və maraqsız idi. Heç kim məktəbə həvəslə gəlmirdi. Nə öncəki kimi şənliklər keçirilirdi, nə dərnəklər vardı, nə gəzinti saatları, nə də ekskursiyalar. Oxumağa da kimsənin halı yox idi. Müəllimlərin əmək haqqı çox aşağıydı. Ona görə də demək olar hamı gözünü bayramlarda şagirdlərin edəcəyi “hörmət”ə - verəcəkləri pula dikirdi. Universitetə hazırlaşanlar repetitor yanına gedir, məktəbə ayaq basmırdılar. Bütün bu dəyişikliklər məni üzürdü. Şəhərimizin adətləri də dəyişirdi. Qəribə yeni bayramlar yaranırdı. Onları yadda saxlamaq olmurdu. Əhali də canlı deyildi. Hamının yerişi dəyişmişdi sanki. Ağır-ağır addımlayan yorğun adamlar yeni şəhərin küçələrində yüklü, qoca dəvələri xatırladırdı. Yeni il qabağı küçələrdə qurulan bir cüt, bir tək yolkanın görünüşü yeni ildən çox qocalıq saçırdı. Qışı sevsəm də paltom köhnəldiyinə, yenisini isə almağa gücüm çatmadığına görə bitməsini səbirsizliklə gözlədiyim bu fəsli mənim acığıma hər il dartıb uzadırdılar elə bil. Ədabaz deyildim, ancaq uşaqların bahalı, şıq geyimlərinin fonunda kasıb müəllimə kimi görünməkdən bir az utanırdım. Hamımız dəyişirdik, mən, başqaları. Görünür, zaman hər şeyi dəyişdiyi kimi, çox şeyi öz öhdəsinə götürüb köməyimizə də çatır. Zaman keçdikcə mənə sinif də verildi. Sinif rəhbəri kimi özümü doğrultmağa çalışırdım. Şagirdlərlə ortaq dil tapmaq getdikcə asanlaşırdı. Adətən dərsin sonuna yaxın kitab-dəftəri yığışdırıb, müxtəlif mövzularda danışırdıq. Onlara uşaqlığımdan söhbət açırdım, küknarı necə oğurladığımızı nağıl edirdim. Əllərini çənələrinə qoyub, maraqla dinləyirdilər. Bir dəfə söz verdim ki, onları Dendroparka - xüsusi növ ağacların qorunduğu bağa aparacam. Həyəcanlandılar, yerlərində qurdalandılar, özümüzlə nə götürəcəyimizi, necə gedəcəyimizi götür-qoy etdik. Orada qar adamı düzəltmək istədikləri üçün tezliklə qarın yağmasını arzuladılar. Mən də onların sevincinə sevinirdim.

***

Yenə təm-tək şəhərin mərkəzində gözümü ora-bura dikib hər tərəfdə alaq otu kimi harda gəldi bitən binalara, şadlıq saraylarına, parklara, reklam şitlərinə baxıb, hərdən dayandığım, hərdən gəzişdiyim günlərin biri, qarşıdan kiminsə əl eləyərək tələsə-tələsə mənə tərəf gəldiyini gördüm. Yan-yörəmə boylandım, həmin adamın mənə işarə edib etmədiyini aydınlaşdırmaq istəyirdim. Çatıb nəfəsini dərdi. Üzünə diqqətlə baxdım. 11 yaşında “Kamaz”la Bakıya arvad-uşaq gətirən həmin oğlanı tanıdım. Geyimi yaxşı, üstü-başı səliqəli olsa da, elə bil qocalmışdı. Saçlarında çoxlu ağ tük sezdim. Bu ağlıq ona anlaşılmaz görkəm verirdi. Tanımayan adam onun yaşını ayırd etməyə çətinlik çəkərdi. Mənə elə gəldi ki, o, həmin balaca oğlanı çoxdandı hardasa gizləyib, məni görən kimi onu gizlətdiyi yerdən sevinə-sevinə çıxardı. Yenə məsum və ciddi görünürdü. O danışdıqca, qaşlarını çataraq vətəndaşlıqdan, torpaqdan, savaşdan, yaşı çatanda cəbhəyə gedəcəyindən, rayonlarını alacağından kişi-kişi söhbətlər edən balaca oğlan gözümün önündə canlanırdı. İkimiz də həmin mövzulara qayıtmamağa çalışırdıq. Hiss edirdim ki, əvvəlki günlərdən söz düşəndə o da, mən də “Kamaz” əhvalatından yan keçirik. Savaşdan isə danışmadıq. Gəzə-gəzə avtomobil parkına çatdıq. Par-par yanan, tünd qəhvəyi, uzunluğu eni bilinməyən klassik “inomarka”sını təntənəylə göstərib, dedi:

- Bu maşını özüm almışam. Anam deyir səninlə fəxr edirəm. Məmləkətdə vicdanını bulamadan özünə bu yaşda belə bir maşın alan çox az kişi var. Almaniyadan gətirmişəm.

Nəzakətlə gülümsədim. O, yenə nələrdənsə danışıb birlikdə şam etməyimizi istədi. Gözümü “inomarka”sına dikmişdim. Bir az düşünəndən sonra önəmli bir işim olduğunu deyib, şama gedə bilmədiyim üçün üzr dilədim. Sağollaşmağa hazırlaşırdım, paltosunun sol tərəfindəki üst cibindən vizit kartını çıxarıb mənə verdi. “Bu yaxınlarda yenə Almaniyaya gedəcəm, ancaq bu səfər maşın gətirmək üçün yox, başqa işlə bağlı”, - dedi. Mənim koordinatlarımı istəmədi. Əlaqə saxlayacağıma söz verdim. Doğma adamlar kimi ayrıldıq. Getdim. Marşruta qədər bir az yeridim, cılız vücuduyla nə vaxtsa olduqca ağır yükün altına girən balaca oğlanın sıxıntı dolu gözləri yaddaşımı rahat buraxmırdı. Kiçik ovuclarıyla zorla tutduğu yekə, narahat “Kamaz” sükanının arasından yola baxaraq hansı ürəklə və necə Bakıya qədər gəlib çıxdığını anlamağa çalışırdım...

Özümü evə qədər, demək olar, daşıdım. Yaxşı, ətirli çay düzəldib, vedrə boyda fincanımı ağzına qədər doldurdum ki, durub təkrar çay süzməyimə gərək olmasın. Eləcə divana yapışıb qaldım. Əgər kimsə bizim xalqın ortaq zövqünü araşdırsa, birmənalı olaraq hamımızın çay sevdiyini görər. Türkiyəlilər hazırladıqları qəhvəni, ingilislər südlü çaylarını öydükləri kimi biz də pürrəngi çayımızla öyünürük. Evimizə dəvət olunan adamı mütləq çaya qonaq edirik və bütün günü, yeri gəldi-gəlmədi, çay içirik. Çay qurtum-qurtum içimi isitdikcə başımın dumanı açılırdı. Axır zamanlar yerli televiziyalar hamını mənasız verilişlərlə bezdirdiyi üçün əhali demək olar heç birinə baxmırdı. İntellektsiz üzlər görməkdən yorulmuşduq. Baxımlı bir proqram axtarıb xarici kanalları çevirirdim ki, moda TV-lərinin birində manekenlərin əynində anamın boynunda ağ xəzi olan Nikolaydanqalma kürkünə bənzər üst geyimləri gördüm. Ekranın aşağısında və manekenlərin gedib-gəldiyi podiumun fonunda “Yeni ilin qış kolleksiyası” yazılmışdı. Dəbdə olan kürkləri sərgiləyən manekenlər isə ola bilər ömrü boyu köhnəliyi yenilik kimi təqdim etməkdən təngə gəldikləri üçün cansız görünürdülər. Çayımı yarımçıq qoydum, manekenlər haqda çox düşünmədim, qaçıb köhnə pal-paltar olan dolabı eşələyib, kürkü tapıb çıxardım. Yerə sərib tumarladım, ağ xəz təp-təzə qalmışdı, təravətini itirməmişdi. Onu yumşaq iri dişli şotkayla darayıb, asılqana keçirdim. Kürkə xeyli məmnun-məmnun baxdım və sonra mutluluq duyğusuyla yerimə uzandım.

Bu kürk mənim şirin xatirələrimin hopduğu yaddaş abidəsiydi. Bu kürk mənim keçmişimin yumağa dönmüş şəkliydi. Köhnə şəhərimin kino lenti olan bu kürk bir də heç vaxt duymadığım o havanı, görmədiyim o adamları, yaşamadığım o rahatlığı anidən qaytardı mənə. Qaranlıq dolabın küncündə büzüşüb qalan kürklə yenidən qovuşduğumuzda hiss elədim ki, o da mənim kimi qəfildən yalqızlıqdan qopdu elə bil . Yerimdən atılıb, onu asılqandan çıxarıb yenə bərk-bərk qucaqladım. Adam xatirələrini qucaqlayanda xəfif hisslər keçirirmiş. Düşündüm ki, yaxşı oldu. Madam dəbdədir, köhnə paltomu onunla əvəz edərəm. Sevincək yuxuya getdim. Ancaq olmadı. Səhər evdən çıxanda kürkü geyinmək fikrindən daşındım. Beləcə, hər gecə onu səhər geyinmək üçün hazır qoydum, sonra da köhnə paltomu geyinib getdim.

***

Uşaqlarımla Dendroparka gedəcəyimiz gün evdən çıxanda mənə elə gəldi ki, hər yer gözəlləşib. Sakit, aydın hava içimə dolub dinclik yaradırdı. Özümü yenilənmiş hiss edirdim. Qar yağmadı, ancaq biz kefimizi pozmadan yığışıb dendroparka getdik. Orada nadir bitkilərin qorunduğu az-maz hiss olunurdu. Ağaclar yerindəydi. Şagirdlərim pişik balaları kimi atılıb-düşürdü. Ora hoppanırdılar, bura dırmaşırdılar, bir-birilə zarafat edir, hər şeyə gülürdülər. Parkı bir-birinə qatan şagirdlərimə baxmaq ağ xəzli kürk qədər həzin hisslər oyadırdı məndə. Bir də onlara baxanda uşaqlıq dostumu düşünürdüm. İnsanları özü də anlamadığı dəhşətlərdən qurtaranda yaşca bu uşaqlardan kiçik olub. İndi anlayırdım ki, biz tanış olanda o artıq yetəri qədər böyük idi. Bəlkə də yalnız indi diqqətimi çəkən saçları o vaxt, balaca əlinə sığmayan sükanın arxasında ağarmışdı. Uşaqlar əldən düşənə qədər gah katamaranda dəniz qulduru, gah “Arşın mal alan ” filminin qəhrəmanları, gah qorunan ağacların həndəvərində tülkü, çaqqal, ayı oldular. O qədər bu sevincə burun soxmaq istəmirdim ki, bircə dəfə də onlara “evə getmək vaxtıdı” demədim. Gözlədim. Uşaqlarımın təbii sevincinə baxıb başa düşürdüm ki, bu sevincin bircə şeyə ehtiyacı var - azadlığa. Hava əməllicə qaralanda özləri yaxınlaşıb artıq yorulduqlarını və evə getmək istədiklərini dedilər.

***

...Yeni il yaxınlaşırdı. Şagirdlərimə şənlik keçirməyi təklif etdim. Yazıq uşaqlar elə bir hay-həşir qopardılar, elə qışqırışdılar, sanki heç vaxt şənlik görməyiblər və ən böyük xəyalları bu olub. Ciddi-cəhdlə hazırlıqlara başladıq. Sinif otağını bəzədik. Qar qız, Şaxta Baba seçdik. İndi Şaxta Baba o qədər də dəbdə deyildi. Hardansa dənizlərin o tayından gələn Santa Klaus gündəmi tutmuşdu. Hər yerdə ondan danışılırdı. Bu avantürist Santa Klaus ölkələri, şəhərləri basa-basa gəlib bütün qədim simvolları arxada qoymuşdu. Bu Santanın amacı nəydi?! O bizə nələri aşılamaq, nələri unutdurmaq istəyirdi?! Hər nə idisə biz Şaxta Babanı onun ayağına vermədik. Kürkü yerəcən uzanan, ucaboy, gur səsli Şaxta babanı balacaboy, qısa gödəkcəli Santaya dəyişmədik. Məşq edirdik. Hər şey maraqlı alınırdı. Bircə Şaxta Babanın saqqalından başqa. Şaxta Babanın saqqalı düzəlmirdi ki, düzəlmirdi. Pambıqdan, parçadan, yundan nə qədər düzəldirdiksə yaraşıqlı olmurdu. Ürəyimdə deyirdim görən bu saqqal problem nədi axı məndən illərdi əl çəkmir. Necə edək Şaxta babamız təbii görünsün, inandırıcı olsun. Axşam elə bu fikirlə evdə gəzişirdim. Yenə kürkümü hazır qoyub səhər geyəcəyimi düşünürdüm. Bu kürk mənə nə qədər xoş hisslər ötürürdüsə bir o qədər kədərləndirirdi. Ona baxanda yadıma uşaq ağlımla xəzi əkişdirmək üçün uydurduğum bəhanələr düşürdü. Sevimli və sızıltılı hiss idi. Birdən yerimdən durub qayçını götürdüm. Bir anın içində xəzi kəsib kürkdən ayırdım. Xəz qucağımda xeyli tərpənməz oturdum. İçimdə elə bir dalğasız, sərhədsiz bir dəniz vardı. Gözlərimdən ayaq barmaqlarıma bir rahatladıcı sükut yayıldı. Həmin gecə çox yaxşı yatdım. Səhər istəsəm də artıq kürkü geyinə bilməzdim. Əvəzində isə xəzi özümlə məktəbə apardım.

Şagirdlərim bu möhtəşəm saqqala baxıb heyrətə gəldilər. Bundan gözəli ola bilməzdi. Üstümə atıldılar. Məni öpüb qucaqladılar. Onun hardan aldığımı bilmədilər. Onlar sevindikcə mən uşaqlaşır və anamdan bu xəzi qoparmış kimi hiss yaşayıb xoşbəxt olurdum. Çiyinlərim boşalmışdı. Yüngülləşmişdim. Gözlərim arxadan çəkilib önə baxmağa hazır idi. Həmin qışı da köhnə paltomda ötüşdürdüm. Müəllimi köhnə paltoda görmək hamı üçün adi idi. Bəlkə elə müəllimi köhnə paltodan tanıyırdılar. Biz indi anam kimi maaşımızı yığıb özümüzə kürk almaq haqda xəyal belə etmirdik. Yeni şəhərdə köhnə paltoyla keçinməklə yetinirdik. Beləcə, səbrlə bu il də yazın gəlişini gözlədik.

Təbiətin, daha doğrusu ağacların və insanların havaya, fəsillərə münasibəti başqa başqadı. Ağaclar qışda çılpaq soyunur, adamlarsa bacardıqca qalın geyinir, ağaclar bahar gəlincə geyinməyə başlayır, adamlarsa əksinə, əyinlərini yüngülləşdirir. Görəsən, ağaclar hansı fəsli daha çox sevir? Yəqin ki, yazı. Ağaclar yaz gəlincə inanılmaz gözəl olurlar. Yalnız sevgi belə gözəlləşdirə bilər. Və yalnız gözəllik sevinc gətirər. Mən də ağac kimi daha çox yazı sevirəm. Bu yəqin həm də genetik yaddaşla bağlıdı. Türklər yazın gəlişini bayram ediblər həmişə. İl yazla başlayıb. Yaz yenilik fəsli, oyanış, yaranış rəmzi olub. Yaz bayramı bir vaxt oda həyatın simvolu olan Günəşin balası kimi baxan ocaqsevər insanların çox uzaq zamanları adlayıb keçən, əsrlərlə özü-özünü kimsənin göstərişi olmadan yaşadan, dərin kökləri olan Novruz adıyla keçirilir. Novruz millətin bütün taleyini açıb ortaya qoyan, kimliyini, haralardan gəlib hara yuvarlandığını büsbütün göstərən adətlərlə doludu. Novruzda küsülülər barışar, adamlar əzizlərini, dostlarını təbrik edər, ən kasıbın da masasında yeməyə nəsə tapılar. Uşaqlar qapılara papaq atar, yığılan payla bayramın dadını çıxararlar. Heç kim ac qalmaz bu bayramda. Kosaya gəldikdə, onun durumunu yalnız gələcək nəsillər dəyişə bilər. Gözləri keçmişdən qopub önə dikilən nəsillər.

***

Novruz axşamı evdə xonçanın ətrafında yanan şamlara baxıb kimləri təbrik etmək istədiyimi düşünürdüm. Birdən ağlıma uşaqlıq dostum gəldi. Mənə verdiyi vizit kartını tapıb zəng vurdum. Telefona bir xanım cavab verdi:

- O, Almaniyaya köçüb. Daha burda yaşamır. Axırıncı dəfə gedəndə işləri elə gətirib ki, orda qalası olub. Zəng etsə nə deyim?

- Yox, çox sağ olun, heç nə, - deyib, dəstəyi asdım.

Kimsəni təbrik etmədim o axşam. Paltomu geyib həyətə çıxdım. Məhəllənin uşaqları həyətdə böyük ocaq çatmışdılar. Ocaq bir-birini tanıyan-tanımayan, mehribanlıqla salamlaşan, özünü görməzliyə vuran bütün qonşuları başına yığmışdı. Hamı hoppandı, arzu tutub qapı pusdu, zarafatlaşdı...

***

Həmin axşam yadıma Nazim Hikməti salan qoca bağban doğma ağac kötüklərinin yanındaca dünyadan köçdü.

# 4642 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #