Evə Qar Qız çağıran yazıçımız - SORĞU

Evə Qar Qız çağıran yazıçımız - <span style="color:red;">SORĞU
23 dekabr 2014
# 08:30

Kulis.az yazıçıların Şaxta Baba xatirələrini təqdim edir.

Əkrəm Əylisli: “Mənim yaşadığım kənddə Şaxta Baba olmayıb. Kəndin ortasında bir radio quraşdırmışdılar, bütün xəbərləri ordan alırdıq. Şaxta Babanın adını yəqin, birinci dəfə orda eşitmişəm. Şaxta Babanı məktəbdəki tədbirlərdə görmüşəm. Məktəbdə də bayram naminə bayram keçirirdilər. Mən Şaxta Babanı yaxından nəvələrim olandan sonra gördüm”.

Natiq Rəsulzadə: “Mənim uşaqlığımın keçdiyi 50-ci illər çox ağır, insanların yoxsul olduğu illər idi. O vaxt indiki kimi təmtəraqlı bayram şənlikləri keçirilmirdi. Mənim atam fəhlə işləyirdi. Bayramlarda məni Fioletov klubunda keçirilən şənliklərə aparırdı. Orada uşaqlara yeni il hədiyyələri verilirdi.

Məncə, Şaxta Babaya inanmaq bir az təxəyyüllə bağlı məsələdir. Hansı uşağın təxəyyülü genişdirsə, Şaxta Babaya, onun göydən gəlməsinə, arzuları yerinə yetirməsinə daha çox inanır. Mən uşaq olanda insanlar o qədər yoxsul idilər, problemlərin içində o qədər boğulurdular ki, elə şənlikdən çıxan kimi Şaxta Baba haqqında o cür fikirlər yox olurdu.

Yadımdadır, bir sinif yoldaşım var idi. Atası vəzifəli adam idi. Biz zirzəmidə, rütubətli evdə yaşadığımız halda onların geniş mənzilləri var idi. Onlar hər il evlərində yeni il şənlikləri keçirir, mənim kimi bir neçə şagirdi də dəvət edirdilər. Məni də adətən anam aparırdı. Hardasa dörd-beş il onlarda keçirilən yeni il şənliyində iştirak etmişəm. Yadımdadı, sinif yoldaşımın bəzən atası, bəzən də dayısı Şaxta Baba geyimini geyib bizi şənləndirirdi.

Ümumən isə o dövrün insanları belə uzunmüddətli şənliklərə meylli deyildilər. Çünki 1937-ci illərdə, müharibə illərində, aclıq, yoxsulluq görmüş insanları idilər. Ona görə aza qane olurdular”.

Etimad Başkeçid: “Şaxta Babanı ilk dəfə görəndə 4-5 yaşım olardı. Gürcüstanda – Rustavidə yaşayan xalamgildəydik. Küçədə dolaşan on-on beş Şaxta Baba görüncə çox məyus oldum, bayramın ləzzəti qaçdı, çünki ona qədər Şaxta Babanın gerçək olduğuna inanırdım. Yeni il bayramı öncəsi anamla oturub, böyük bir siyahı düzəldərdik, hüsn-xəttlə onların hamısına açıqcalar yazıb göndərərdik.

Yeni il bayramını uşaqlıqda çox təmtəraqlı qeyd edirdik. İndinin özündə də bu, ən çox sevdiyim bayramdır. Uşaqlarımın ağlı kəsməyən vaxtlarda onlara Şaxta Babaya məktub yazdırırdım, çalışırdım ki, ondan istədiklərinin hamısını alıb, bayram axşamı onlara çatdırım. Amma indi yalnız yolka bəzəməklə yola veririk”.

Seymur Baycan: “Şaxta Babaya heç vaxt inanmamışam. Bizə heç kim deməyib, izah eləməyib ki, Şaxta Baba var və o uşaqlara hədiyyə-filan gətirir. Zəhmətkeş ailədə böyümüşəm, heç kim bu barədə düşünməyib. Yeni il hədiyyəsi almamışıq heç vaxt. Çünki bizə Yeni il hədiyyəsi vermək ağıllarına gəlmirdi. Kobud, qəddar bir dövrdə və cəmiyyətdə yaşayırdıq. Məktəbdə Yeni il bayramları keçirilirdi, ancaq çox sönük. Hamı eyni paltarda Yeni il şənliyinə gedirdi. İndi uşaqlardan kim istəyirsə hörümçək adam olur, kim istəyirsə tülkü, dovşan, canavar. Maskalar da yox idi. Məktəbdə verilən konfetlər çox keyfiyyətsiz idi, Allah bilir hardan almışdılar. Nə yemək olurdu, nə çay içmək. Evdə yolka qurulurdu, amma oyuncaqları olmurdu. Oyuncaq almaq üçün gərək Stepanakertə (indiki Xankəndi – red.) gedəydin. İndi vəziyyət çox fərqlidir, uşaqlar normal bayram keçirə bilirlər.

Yadımdadır ki, Yeni ildə həmişə hinduşka bişirirdilər. Axşam da Az TV-nin bayram proqramına baxıb yatırdıq.

Kim deyirsə ki, o dövrlərdəki yeni il bayramları daha maraqlı keçirdi, qələt edir, başını daşa döyür. O dövrlərdəki Yeni il heç bir halda indikilərlə müqayisə oluna bilməz. Həmin dövrlərin Şaxta Babası o qədər depressiv idi, indi də yadıma düşəndə qanım qaralır.

O vaxtlar Novruz bayramı çox yaxşı keçirilirdi, indikindən çox yaxşı. Bu günlə müqayisədə daha maraqlı, daha məzmunlu idi. Ona görə də Novruz bayramı ilə bağlı daha maraqlı xatirələrim var.

Bir şeyi də deyim, ilin əvvəlindən pul yığmışam ki, ilin sonunda evə Şaxta Baba və Qar Qız çağırım. Görməmişəm axı indiyədək, ona görə mənə çox maraqlı gəlir”.

Aqşin Yenisey: “Kəndli-müsəlman ailəsində böyüdüyüm üçün mənim də ilk tanıdığım uşaq personajları qorxulu məxluqlar olub; qəbirdən çıxan xortdanlar, gecələr ağ libasda rəqs edən halarvadları, ağacda gizlənib gecələr həyətə çıxan uşaqları oğurlayan cuhudlar və başqa kriminal miflər. Bu milli adamyeyən ünsürlərdən fərqli olaraq uşaqları sevən, hədiyyə-zad verən Şaxta Babanı isə, sözsüz ki, ilk dəfə görüntü olaraq televizor qutusunda görmüşəm. Ancaq orta məktəbdə bir kitabda oxudum ki, sən demə, XIV, ya da XVI Lüdovikə qədər Şaxta Baba da xristian uşaqlarının zəhrini yaran qoca manyak görkəmində imiş. Maarifpərvər kral əmrlə ona uşaqları sevməyi tapşırıb. Düzünü deyim ki, mənim uşaqlığıma “Arxiv baba və Lyonka”nın yoxsulluğu dünyanın bütün Şaxta Babalarının və Qar Qızlarının şitliyindən daha doğma idi.

Şərif Ağayar: “Şaxta Babanı həyatda ilk dəfə kənd klubunda görmüşəm. Amma elə görən kimi də xəyallarım suya düşdü... O, klubun girəcəyində saqqalını çənəsinin altına keçirib siqaret çəkirdi. Halbuki, Şaxta Baba haqda nə xəyallar qurmuşdum! Əslində, bu, həyatda qarşılaşdığım ilk sarsıdıcı yalan idi. Niyə sarsıdıcı deyirəm... O yaşda uşaq Şaxta Babaya inanmalıdır. Hər yaşın öz yalanı var. Guya indi əmin olduğumuz bir çox həqiqətlər Şaxta Babadan daha gerçəkdir? Günü bu gün də, hərdən Şaxta Babaya inandırıram özümü. Şaxta Baba, xeyirxahdır, işıqlıdır, adama yaşamaq üçün ruh verir”.

# 1250 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
#
#
# # #