Rəsulzadənin Amerikada satılan 50 manatlıq mirası - REPORTAJ

Rəsulzadənin Amerikada satılan 50 manatlıq mirası - <span style="color:red;">REPORTAJ
24 dekabr 2014
# 08:45

Kulis.Az Azərbaycan Filatelistlər Cəmiyyətindən reportajı təqdim edir.

Monitora yaxın əyləşin, sizə şad xəbərim var. Deməli, Sovet dövründə işlənən qəpiklər, “məmməd,”lər, “şirvan”lar vardı e, onları evinizdə saxlamısızmı? Saxlamısızsa, arxayın olun, yeni il qabağı qabağa düşmək ehtimalınız var. Məsələn, evinizdəki sovetdənqalma qəpiklərin arasında 1971-ci ildə çıxmış 50 qəpiklik varsa elə hesab edin 150 manat qabaqsız. Və ya o vaxtın “məmməd”i rahat 10-20 manata sata bilərsiz. Qalanını isə aşağıda deyərəm.

Azərbaycanda poçt markası, kağız pullar, sikkə pullar, kiçik maşınlar, döş nişanları, müxtəlif əşyaların kolleksiya edən adamların toplaşdığı cəmiyyətin olduğunu bilirdizmi? Bəli elə bir cəmiyyət var: Azərbaycan Filatelistlər Cəmiyyəti. Cəmiyyətin 150-yə yaxın üzvü var. Onların arasında yazıçı Elçin, bəstəkar Xəyyam Mirzəzadə kimi tanınmış simalar da yer alır.

Cəmiyyət üzvlərinin daimi yerləri olmadığı üçün hər həftənin şənbə-bazar günləri Mirəli Qaşqay küçəsində yerləşən zirzəmi-kafedə yığışırlar. Əksəriyyəti yaşlılar olan kolleksionerlər kataloqlarını gətirir, kolleksiyalarına əlavə etdikləri yeni nümunələri göstərir, hansı nümunəni hardan tapmaq olar deyə müzakirələr aparır, onları dəyişir, satır, alırlar.

1970-ci illərdən kolleksionerlik edən Azər dayı bunun xəstəlik olduğunu deyir: “Kolleksiya toplamaq xəstəlikdir. Buna yoluxursan, sonra heç cür əl çəkə bilmirsən. Bunun da neqativ tərəfləri var. Birincisi vaxtın gedir, evdə yer tutur, nə qiymətdə olursa olsun, boğazından kəsib filan markanı, pulu alırsan kim, kolleksiyana daxil edəsən. Kolleksiyaçıların əsasən ölüb gedəndən sonra kolleksiyalarının it-bat olmasından qorxurlar. Ailədə onların yolunu davam etdirən olmur. Uşaqların da başı çıxmadığı üçün dəyər-dəyməzinə satırlar. Daha bilmirlər ki, hər bir kolleksiyaçı onu toplamaq üçün illərlə nə qədər əziyyət çəkib. Amma o kolleksiyalar da hərlənib fırlanıb ya alverçilər tərəfdən, ya da elə həmin adamların öz övladları tərəfdən bizə gəlib çıxır”.

Sovet dövründə çox adamda kolleksiya toplamaq hobbisi çox geniş yayılıbmış. Bu hobbi məktəblərdə təbliğ olunur, uşaqlarda həvəs yaradılırmış: “İndisə demək olar ki, elə şey yoxdur. Adicə bizim cəmiyyətə baxın. Aralarında gənclər çox azdır”.

Azər dayı Sovet dövründə tez-tez sərgilərdə iştirak etdiyini deyir: “Hazırda sərgilər çox az keçirilir. Sonuncu sərgi 9 Noyabrda Bayraq günü ilə əlaqədar keçirilib”.

Füzuli dayı masaya müxtəlif əşyalar düzüb. Masanın üzərində nişanlar, müxtəlif sikkə pullar, Sovet dövrünün talonları, kinoteatr, tramvay biletləri var: “Sovet dövrünün tramvay biletlərini, talonlarını saxlamışam. Qoy gələcək nəsillər əyani surətdə keçmişlə tanış olsunlar. Mağazalardakı o bolluğu görən indiki nəslin o dövrdə ərzağı talonlarla almağımızdan xəbəri yoxdur. O talonları saxlamışam.

Mənim əsas həvəsim kibrit kolleksiyası yığmaqdır. Kolleksiyamda dünyanın müxtəlif yerlərində istehsal olunmuş kibritləri toplamışam. Kolleksiyamda 1860-cı ilə aid kibrit də var. Azərbaycanda kibrit kolleksiya edən yeganə adamam. On il əvvəl Yaponiyadan bir nəfər gəlmişdi, kolleksiyamı görüb heyrətləndi, 150 min dollar ödəmək istəyirdi. İndi lap baha olar”.

Elə buna görə də Füzuli dayı şəkil çəkdirməyə qorxur. Deyir ki, dəfələrlə televiziyadan gəlib kolleksiyasını çəkmək istəyiblər. Amma o razı olmayıb: “Kriminal hadisələrin sayı o qədər artıb ki, qorxuram, belə dəyərli kolleksiyamın olduğunu öyrənib evimi yaralar, özümə xəsarət yetirərlər”.

Füzuli dayı kolleksiyasının çoxluğundan evində şəraitsizlik olduğunu deyir: “Əlaqədar təşkilatlara müraciət etmişəm. Gələcəkdə muzey açmağı düşünürəm”.

Cəmiyyətin gənc üzvlərindən biri də Daşqındır. Daşqın sikkə, kağız pullar toplamaqla yanaşı, poçt markaları da yığır: “Mən kolleksiyalarımı xüsusi dəstlə yığıram. Misal üçün, Sovet dövründə çıxmış qəpikləri ayrı-ayrı ayrılıqda toplayıram. Maraqlı bir şey deyim. Kənardan baxanda asan görünə bilər. Amma Sovet qəpiklərinin elələri var ki, çox çətin tapılır. Sovetlər dağılandan sonra vaxt var idi, o qəpikləri banka-banka yığıb atırdıq. Nə biləydik ki, onların da zamanı gələcək. 1927-ci ildə basılmış 2 qəpiklik 2000 manatdır. 1972-ci ildə çıxmış 5 qəpiklik 60 manatdı. 1966-cı ildə çıxmış 10 qəpiklik 40 manatdı. 1971-ci ildə çap olunmuş 50 qəpiklik 150 manatdı.”

Daşqın da kolleksionerliyin azart olduğunu deyir. Kolleksiyasında çatışmayan qəpiklərdən bəzilərini alsa da bəzilərini hələ axtarır, ya da lazımı kolleksiya nümunəsini almaq üçün pul toplayır: “Poçt markalarını da xüsusi tematika ilə yığıram. Cümhuriyyət dövründə, Azərbaycan Zaqafqaziya Demokratik Federativ Respublikası dövründə, Sovet dövründə çıxmış markaları toplamışam. İndi də tematik mövzuları toplayıram. Məsələn Üçüncü Reyx dövründə Almaniyada çap olunmuş markalar. Bu markaların maraqlı xüsusiyyətləri var. Hitler hansı dövləti tuturdusa o dövlətin markasına dəymirdi. Həmin dövlətin markası olduğu çap olunurdu, amma əvəzində o markaların üstünə Üçüncü Reyxin simvolu həkk olunurdu.

Müstəqillik illərinin ilk dövründə tədavülə buraxılmış pulların əksəriyyəti kolleksinerlərə paylanılsa da, üzərində "Məhəmməd Əmin Rəsulzadənin təsviri olan əskinazlar paylanılmayıb. Ona görə də üzərində Məhəmməd Əminin təsviri olan min manatlıq əskinazlar hazırda çox çətin tapılır. Qiymətləri isə keyfiyyətindən asılı olaraq 10 manatdan 20 manata qədər dəyişir”.

Rəşad da kağız pullar, marka kolleksiya edir: “Mən əsasən internetdən, hərracda sifariş verib alıram. Keçən dəfə bir pul var idi. On beş dəqiqə gecikdim, sonra girib baxdım ki, alıblar. Maraqlı fakt deyim. Cümhuriyyət və Azərbaycan ZSFR dövrünə aid markaların əksəriyyəti əsasən ABŞ-da satılır. Rusiya və keçmiş SSRİ ərazisində bu markaları tapmaq olmur. ADR dövründə ilk marka 1919-cu ildə Fransada çıxıb. Ona görə üstündə əski əlifba ilə yazılmaqla yanaşı fransızca da yazılar var. Cümhuriyyət dövründə cəmi 16 marka çıxıb, onların da hamısını bir yerdə Amerikadan 50 manata almaq olar”.

Oqtay dayı isə qırx üç dəfə kiçildilmiş kiçik maşınları kolleksiya edir: “Dünyada elə maşın yoxdur ki, məndə olmasın. Kolleksiyamda min ədəd maşın var. Aralarında Sovet maşınları da, xarici maşınlar da, hətta Hitlerin mindiyi maşının da modeli var. İlk maşınımı 1977-ci ildə Adlerdə olanda dollarla almışam, oğlum təzə anadan olmuşdu. 40 ildir maşın yığıram. Bir də 50 qramlıq içki şüşələrini kolleksiya edirəm”.

Cəmiyyətin ən gənc üzvü olan Nicat məşhur şəxslərin təsvirləri həkk olunmuş metal pulları toplayır: “Hər həftə bura gəlirəm, təcrübəli kolleksionerlərlə söhbət edirəm, internetdə axtarış verirəm, rastıma maraqlı bir şey çıxanda alıram. Kolleksioner üçün qiymət fərqi yoxdur. O, nəsə maraqlı şey tapanda nəyin bahasına olursa olsun pul verib alacaq. Kolleksiyanın qiyməti isə heç vaxt düşmür. Çünki nə vaxtsa ən azı aldığın qiymətə sata bilərsən. Axı onlar nadir nüsxələr olurlar. Kolleksiyanın qiymətinin düşməsi heç vaxt mümkün deyil”.

Kolleksiyaçılarla görüşdən sonra evə qayıdan kimi vaxtilə yığdığım markaları, sikkələri, kağız pulları, köhnə açıqcaları saxladığım diplomatımı açıram. Onları yenidən nəzər keçirirəm. On beş ildən çoxdur ürəyimdə dəfn etdiyim kolleksiyaçı hissim yenidən oyanır. Dərhal da diplomatın qapağını çırparaq bu istəyimi yenidən alovlanmağa qoymuram. İki yüz, üç yüz oxucunun olduğu ölkədə yazıçılıq elə hobbi deyilmi?

# 2658 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #