Camaat nə deyər?

 

Biri var idi, biri yox idi. Məmləkətdə CAMAAT adlı biri var idi. Hamı ondan çəkinərdi. Ərə gedəndə, uşaq doğanda, oğul evləndirəndə, təndirə fətir yapanda - bir sözlə, bütün işlərdə Camaatla hesablaşardılar.

 

Uşaqdan-böyüyə hər kəs Camaatı tanıyardı. Amma bu bildiyiniz tanışlıqlardan deyildi. Adamların onun sadəcə varlığından xəbərləri var idi. Bilirdilər ki, hardasa, yaxınlarda-uzaqlarda Camaat var, onları dinləyir, görür. Məsələn, birinin qızına elçi gələn kimi, başqasını əri döyən zaman Camaat xəbər tuturdu. Allah deyildi ha, əstəğfürullah! Amma adamlar Allahın əmrindən çox, Cammatın tənəsindən çəkinərdilər.

 

İndiyədək Camaatı görən olmamışdı. Yaşını, boyunu, rəngini bilən yox idi. Amma deyilənə görə, çox yekə qulağı və uzun dili olub. Məmləkətdə elə söhbət yox imiş ki, Camaatın qulağına çatmasın. Çox ürəyi açıq və səxavətli imiş. Gözə görünmədən adamların arasında dolaşır, eşitdiklərini paxıllıq etmədən başqalarının qulağına pıçıldayırmış. Özü də birinin üstünə beşini əlavə etməklə. Toplama- çıxma, vurma-bölmə əməllərini çox sevərmiş.

 

Bu Camaat adamlara elə qaynayıb-qarışmışdı ki, onsuz yaşaya bilmirdilər. Camaat öz vəzifəsini həvəslə yerinə yetirər, heç zaman işini axsatmazmış. Obanın bir başında olan hadisəni qısa zamanda o biri başına çatdırarmış. Qış, qar, çovğun onun işinə əngəl yaratmazmış. Xəstə halında da öskürə-öskürə Afət xalanın qudası ilə davasını adamlara yayarmış. Bu dərəcədə işinə qarşı məsuliyyətli imiş.

 

Camaatın sehrli tərəzisi də varmış. Adamlar bir işə başlamazdan öncə istəklərini onun tərəzisində ölçərlərmiş. İndiki “El gözü tərəzidir” məsəli də Camaatdan qalıb.

 

Hə, mənim əzizlərim, nağıl burada bitir. Amma sonda “göydən 3 alma düşdü” deyə bilməyəcəyəm. Əslində heç vaxt eyni anda 3 alma düşməyib. Bu da Camaatın toplama əməlinin nəticəsidir. Odur ki, alma sonluğunu dəyişmək istəyirəm. Yenilik olması üçün nağılı gerçək bir nəticə ilə yekunlaşdırıram.

 

Bilin və agah olun ki, nağıldakı Camaat hələ də sağdır, bu gün də aramızda yaşayır. Öz işinə sədaqətlə bağlıdır, müasir dövrdə daha ustalıqla çalışır, texniki imkanlardan faydalanır. 

 

Çində aparılan araşdırma nəticəsində Camaatın foto-robotu çıxarılıb. Deyilənə görə, hərəmizə bir az bənzəyir. Ən önəmlisi, onun gizli sxemlərindən biri deşifrə edilib. Ona MCD (Müasir Camaat Dövrəsi) də deyilir. Camaat bu sxemi özəl olaraq, sırf qızlar üçün işləyib hazırlayıb. Əldə edilən məlumatı olduğu kimi, heç bir redaktə etmədən diqqətinizə çatdırır və nağılı MCD ilə bitirirəm:

 

- Qız uşağısan, az hoppan-düş! CAMAAT nə deyər? Ağır ol, sonra alan olmayacaq!

 

- Nə? Baytar olmaq istəyirsən? Qız hara, baytarlıq hara? CAMAAT nə deyər? Qızın sənəti müəlliməlikdir. Ya müəllimlik oxu, ya da filankəsin qızı kimi həkim ol. Ən yaxşısı bağça müəlliməsidir. Uşaq-muşaqla işləyərsən, kollektivdə kişi-zad da olmaz. CAMAATın da dilinə düşməzsən, adına söz  çıxmaz.

 

- Kim? Aktyor? Artistdən adama ər olar? Deməzlər ki, filankəsin kürəkəni artistdir? CAMAAT adama nə deyər? Ağlını başına yığ, bala, bizi CAMAATın yanında rüsvay eləmə.

 

- Bir ildir nişanlısan? CAMAAT şübhələnir e. O gün deyirlər ki, niyə bunlar toy eləmir? Qaynanan da deyəsən bayramda sizə gəlməyib. CAMAAT danışır ki, deyəsən, oğlan evi nişanı qaytarıb, gizlədirsiniz. Nəbadə nişanın qayıtsın ha! Kim alacaq nişanı qayıtmış qızı? Özün cəhənnəm, evdəki bacılarını da düşünmürsən? CAMAAT adama nə deyər? 

 

- Ayağını dirə sənə yaxşı cehiz versinlər. Kimin qızından əskiksən? CAMAAT nə təhər, sən də elə. İmkan yoxdur, dədən mebellərini gedib kreditlə alsın. CAMAAT indi qızı elə köçürür. Sonra qaynata-qaynana yanında da urvatın olmaz.

 

- Yeddi aydır ərdəsən? Hələ bir şey yoxdur? Həkimə gedibsiniz? O gün toyda CAMAAT sizdən danışırdı. Deyirdilər, görəsən bunların uşağı niyə olmur? Filankəsin gəlini səndən 2 ay sonra köçüb, boyludur. Bir az tez tərpənin, sonra söz-söhbətlər çoxalacaq. CAMAATın ağzı torba deyil ki, yığasan!

 

- Bıy, gözün aydın! Əlində-ovcunda qalsın! Neçə aylıqdı? Nə yaxşı oldu, CAMAATın dilindən canın qurtardı. Yoxlatdırıbsınız? Oğlandı, qız? Vaxtına nə qədər var? Doğacaqsan, yoxsa əməliyyat olacaq? Allah eləyə oğlan ola, ər evində yerin də bərkiyər.

 

- Qızın oldu? Heç nə olmaz, ürəyini sıxma, ikincisi oğlan olar. Köpəyin qızı necə oğlana oxşayır, dalınca oğlan gələcək! Neçə kilodu? Süd əmir, yoxsa uşaq yeməyi verirsən? Kimə oxşayır? İlk uşaqdır, atasına oxşasa yaxşıdır. Ərin cəhənnəm, CAMAATın dilinə düşməyəsən.

 

- O bantikli sənin qızındır? Gözün üstündə olsun, qız uşağıdır. Ağılla oturub-dursa, CAMAATın da danışmağa sözü olmaz. Zəmanə pisdir, qulağını indidən doldur ki, pis qız olsan, dədən də yıxıb başını kəsər. Ona bax, hoppana-hoppana bura gəlir.

 

- Ay qız, ay bala, qız uşağısan, az hoppan-düş! CAMAAT nə deyər? Ağır ol, sonra alan olmayacaq!

 

- ...

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017