Uşaq evində aktyora vurulan qız - REPORTAJ

Uşaq evində aktyora vurulan qız - REPORTAJ
15 dekabr 2014
# 11:37

Bakı Uşaq Teatrı 2001-ci ildən Mədəniyyət və Turizm İdarəsinin sərəncamı ilə yaradılıb və fəaliyyət göstərir. Diqqətli tamaşaçılar Bulvardakı karuselin yerində elə karusel formalı binada fəaliyyət göstərən teatrı xatırlayır. Uşaq teatrı tamaşaçıların tələbatını keyfiyyətli tamaşalarla təmin etməyə çalışırdı. Sonra bu canlı ünsiyyəti-teatrı cansız atlarla-3 dəqiqəsi iki manata olan karusellə əvəz etdilər. Bakı Uşaq Teatrı isə Sarabski adına Mədəniyyət sarayına köçdü. Burada olanda belə sadiq tamaşaçıları onları unutmamışdı. Amma Sarabski adına Mədəniyyət sarayı özəlləşdirilib satıldı. O binanın indi hansı təyinatla işləyəcəyi onu alandan asılıdır. Uşaq Teatrı Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində, dördyol deyilən yerə yaxın bir yerdə – Qurban Abbasov adına Mədəniyyət sarayında məskunlaşdı.

Artıq Bakı Uşaq Teatrına çatanda heyət ənənəvi həftəlik iclasına hazırlaşırdı. Truppanın yarısı hansısa cəzaçəkmə evində tamaşa göstərməyə getmişdi.

İclas sarayın zalındadır. Tamaşa zalı iri rahat, səhnə uyğun olsa da burada nadir halda tamaşa oynayırlar. Zal əsasən məşq və iclas üçündür. Dediklərinə görə, bura tamaşaçı cəlb etmək çətindir. Bundan başqa teatrın geyinib-soyunmaq üçün otaqları yoxdur. Cəmi iki balaca otağı var, bunlardan biri teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın, o birisi isə aktyorların, oturmaq və iki üç nəfərlik yüngül qəlyanaltı eləmək üçün balaca mizi olan, truppanın yerləşmədiyi otağıdır. Otağın ortasından pərdə çəkiblər, yəqin çox vacib hallarda, məsələn zalda tamaşa göstərərkən aktyor və aktrisaların eyni otaqda soyunub geyinməsini klassik bir üsulla həll ediblər.

“İclas” məsələsi

- Əvvəllər bu iclas deyildi, həftənin ikinci günü çay süfrəsi ətrafına bütün heyət toplanırdı, teatrın işlərini müzakirə edirik. İndi şəraitsizlikdən iclas formatına düşüb...- İntiqam Soltan yuxarı başda, səhnədə oturmağına “bəraət” qazandırır

- İşçi sayılan adam direktor sayılandan özünü uzaqda hiss etməməlidir. Direktor dərk etməlidir ki, o, işçini əzmək üçün deyil, problemin qarşısını kollektivə gəlib çatmadan almaq üçündür.

İclas cari işlərlə bağlıdır. Cədvəllərini, intizamsızlığı müzakirə edirlər. Zal soyuqdu. Az sonra direktorun otağında müsahibə formatına keçməli oluruq. Otaqda nəzərimi Hüseynağa Atakişiyevin şəkli cəlb edir. Bayaq soyuq zalda da onu xatırlamışdım. Bakı Uşaq teatrında Hüseynağa Atakişiyevin şəkli soyuq zallarla-soyuq münasibətlə assosiasiya olunur.

İntiqam Soltan az qala nəfəs dərmədən danışır. “Çevik naxçıvanlı beyni”nin üyütdüyü fikirlər sel kimi axır:

- Bir teatrın müəyyən ömrü var-xüsusən müəllif teatrlarının. Mən sadəcə səhvləri etmədən bu vaxtı uzatmağa çalışıram.

Məsələn, kimsə bir teatrdan başqasına gedirsə, buna qısqanclıqla yanaşmaq lazım deyil, əksinə, kömək eləmək lazımdır. Bizim teatr cəmiyyətimiz çox balacadır, aktyorların sayı min nəfərə çatır. Teatrın rəhbəri də yaradıcı adam olmalıdır. Deyək ki, “Azdrama”nın baş rejissoru yoxdur. Niyə? Çünki, baş rejissor-direktor mexanizmi Stalin zamanında yaradılmış əxlaqsız bir mexanizmdir. Bu teatrı aşağı çəkə bilər. Yaradıcılıq baş rejissorun əlində, maliyyə və möhür direktorun əlində olur. Yaradıcı kollektivlə məmur üz-üzə qalır. Hələ mən süni şəkildə yaradılmış bədii şuranı demirəm. Bədii şura yaradıcı mühiti daim çərçivədə saxlamaq üçündür. Amma teatrın rəhbəri vətəninə, dövlətinə, xalqına sadiq adamdırsa, peşəkardırsa, onu izləmək üçün bədii şuraya ehtiyac yoxdur...

Bilirsiniz, mənim teatr idarəçiliyimi bir cümlə ilə ifadə etmək olar: mən yalnız o adamları idarə edirəm ki, o adamlar özlərini idarə edə bilmirlər.

Bizim bir aktyorumuz cəzaçəkmə müəssisəsində tamaşada etikadan kənar bir replika ilə guya improvizə eləmişdi. Bu sözü xüsusən cəzaçəkmə müəssisəsində demək insanlığa sığmaz. Onu o tamaşadan çıxardım. O aktyor bu vaxtadək elə bilirdi ki, o rolu ondan başqa kimsə oynaya bilməz...

Həmişə deyirəm, mən aktyoram; səhnədə dayananda mənim topuğumla zaldan məni izləyənin başı bir səviyyədə olur. Mən elə etməliyəm ki, o, mənə aşağıdan yuxarı baxmağına peşman olmasın. Səhnədə danışdığım mövzuda onun başı biləni mənim ayağım bilməlidir...

- Truppada neçə aktyor var?

- Truppada 20 aktyor var və 90 faizi peşəkardır. Məsələn, 70-ə yaxın yaşı olan Sovqat xanım var, Cavanşir Məhərrəmov var, peşəkar deyillər, yəni, universiteti bitirməyiblər, amma çox yaxşı aktyorlardır.

Bilirsiniz, İncəsənət Universitetini bitirmiş məzunları işə götürəndə truppaya universitetin peşəkar kadr buraxmadığını göstərmək üçün “Teatr” və “aktyor” sözlərinin mənasını soruşdum, bilmədilər. Son illərə qədər universitetin buraxdığı mütəxəssislər bu səviyyədə olub, indi Fərəh xanımdan sonra necə olacaq, zaman göstərəcək...

Mən bu yaxınlarda onunla görüşmüşəm. Uşaq psixologiyası mövzusunda seminarların keçirilməsi barədə danışdıq. Bilirsiniz, yeni nəsil aktyorlar uşaqlarla ünsiyyət qura bilmir, rejissorlar uşaq tamaşası qura bilmir...

- Uşaq tamaşası qurmağın əsas qanunları sizcə hansılardır ki?

- Uşaqların öz qanunları var. Bəzən biz rejissorlar hansısa streotiplərdən çıxmağa qorxuruq. Deyək ki, informasiyanı səhnədən qəbul etdirməyin iki əsas yolu var: sözlə və görüntü ilə. Uşaqlar daha çox görüntünü qəbul edirlər. Amma biz informasiyanı sözə yükləyirik. Uşaq sözdən, məsləhətdən qaçır. Bizim pyeslərdə söz cəmi 3-4 səhifə olur. Söz yalnız görüntüyə, hərəkətə çevirmək mümkün olmayan hallarda istifadə edilir.

Bir də bu işin yazılmayan qanunlarından biri budur ki, personajların sayı çox olmamalıdır. Say nə qədər çox olsa, personajlar xaraktercə bir-birinə bənzəyəcək və uşaq çaş-baş qalacaq. Personaj çox olanda seçmək çətin olur. Tutalım 5 qəhrəman seçmək - mənfi, müsbət, gonbul, arıq və s. Onda uşaq daha rahat qavrayacaq və seçəcək.

- Rəssamınız varmı, dekorasiya işlərini necə həll edirsiniz?

- İndi bütün dünya şərtiliyə doğru gedir. Aktyor daha çox yüklənməlidir ki, dekorasiyaya ehtiyac olmasın. Əvvəla yerimiz yoxdur, ikincisi o qədər qayğı görmürük ki, hər tamaşaya dekorasiya hazırlada bilim.

Bizim dekorçu, tərtibatçı rəssamımız var. Mən özüm də dekorlar düzəldirəm. Yerimizin olmaması beynimizi daha çevik işləməyə vadar edir: elə dekorasiyalar düşünürük ki praktik və funksional olsun. Məsələn “Xaş-xaşın göz yaşları” tamaşamızı “tanqram” üstündə qurmuşuq. “Tanqram” çincə düşüncə deməkdir, 7 sayda, 3 adda fiqurdan mindən çox fiqur düzəltmək olur. Bu, bizə bütün səhnədəki məkanı işlətmək imkanı verdi. Həm səhnə yozumu olaraq yenilikdir, həm də daşınması çox rahatdır. Həm də tamaşaçı düşüncə oyunlarına öyrəşir. Uşaqların beyninin inkişafına cəhd edirik.

- Teatrın adı Uşaq Teatrıdır, amma böyüklər üçün də tamaşalar var...

- Tamaşaların 40 faizi böyüklər üçündür. Saqqalı uşaqlar üçün tamaşalarımız var. Elə tamaşalarımız var ki, mütləq valideynlə, yaxud da müəllimlə baxmalıdırlar. Müəllimlə uşaq, valideynlə uşaq arasında dialoqa meydan açsın deyə. Bəzi tamaşalarda valideyn üçün ayrıca xətlər var ki, valideyn baxanda darıxmasın. İki yaşından 92 yaşına qədər bütün uşaqlar üçün tamaşalarımız var. Bizim yanaşmamıza görə, hər kəs özü yaşda uşaqdır. 90 yaşında can verən insan anasını çağırır. Yəni, 5 yaşında insan 5 yaşında uşaqdır, 40 yaşında insan 40 yaşında uşaqdır. Sadəcə onlara öz yaşına uyğun yanaşmalıyıq. Bizim 3 fərqli yaşımız var- bədənimizin yaşı, qəlbimizin yaşı və beynimizin yaşı...

- Didaktik tamaşalar insanda qıcıq yaradır. Bunu bayaq özünüz də dediniz. Amma sizin press-relizinizdən, tamaşaların mövzusundan bu qənaətə gəlmişəm ki, tamaşalar tərbiyəvi əhəmiyyət daşıyır. Ümumiyyətlə, necə düşünürsünüz, teatr tərbiyə etməlidir?

- Hardasa hə... Bilirsiniz, belə bir teatr var: playback teatrı. Kafedə fəaliyyət göstərir. Kafeyə gələn kimsə öz problemini danışır, bir qrup aktyor o problemi öz aralarında çözür və problem hadisəni yığcam bir tamaşa kimi təqdim edirlər. Problemli adam problemi də, özünü də kənardan görə bilir...

Uşaqlara evdə, məktəbdə uşaq kimi baxırlar. Mən də ona uşaq kimi baxıb nəsə öyrədəcəmsə, daha bu nə oldu? Mən onunla dost olmalıyam. Hər şeyin bir təqdimetmə forması var. Mənim bir tamaşam var- Tülkü haqda. Tamaşanın əvvəlində tülkü soruşur ki, uşaqlar siz bilən, mən ağıllıyam, yoxsa hiyləgərəm? Tülkü deyir, qoyun mən bir əhvalat danışım siz baxın ki, mən ağıllıyam, yoxsa hiyləgər... Tülkü əhvalatı danışır və sonda bu suala cavab vermək üçün qərarı uşaqlar özü verir. AİDS-lə bağlı tamaşamız var, onu cəzaçəkmə müəssisələrində təqdim edirik. Bir hədəfimiz var, narkomanı təhqir etmək yox, başa salmaq lazımdır. Hüquq mühafizə orqanlarına görə, o cinayətkardır, mənim üçünsə xəstədir....

- Uşaqlara çox vaxt şirin nağıllar təqdim edirik. Reallıq başqadır. Bu nağılları təqdim edəndə ya özümüz gülünc görünürük, ya da onları aldadırıq....

- Yaponların bir atalar məsəli var - sevdiyin adama balıq vermə, balıq tutmağı öyrət. Tamaşaçılarımdan tutmuş, aktyorlarıma kimi heç kimə balıq vermirəm, balıq tutmağı öyrətmək istəyirəm.

- Tamaşalarınızın bir hissəsi xüsusi diqqətdə olan mövzulara həsr olunub. Layihələrin tələblərinə uyğun ola bilər əlbəttə. Heç başqa mövzulu tamaşalarla bu xüsusi müəssisələrə, AİDS-lə mübarizə mərkəzləri, yaxud cəzaçəkmə müəssisələri və sairəyə gedirsinizmi? Axı onların probleminə fokuslanan tamaşalar qıcıq da oyada bilər?

- Siz o tamaşalara baxsaz, orada qıcıqlı heç nə yoxdur. Məsələn “Qeyri-adi məhkəmə” komik planlı tamaşadır. Yəni, mövzunun təqdimatından asılıdır hər şey...

- Cinsi ayrı seçkiliklə bağlı da tamaşamız varmı?

- Yoxdur. Elə şeylər var ki, lazım deyil, yəni dəlinin yadına daş salmayaq. Amma “Fərqliyik bərabərik” tamaşamız bunları əhatə edir – həm əlillərə şamil etmək olar, həm gender məsələsinə... “Turpun nağılı” tamaşasında bir aktyora ciddi töhmət elədim. Tamaşada nənəni döymüşəm, demişdi. Ona dedim, sən uşaqlara izah edirsən ki, evdə kişi qadını döyməlidir? Axı tamaşanın əsas ideyası da bu idi ki, qoca, cavan, siçan, it, pişik, qadın, kişi –hamı birləşsə dünya bizim əlimizdə olar. O tamaşa həm də bizim dərs tamaşamızdır.

- Repertuarda neçə tamaşanız var?

-20-dən çoxdur. Tamaşaçılardan asılıdır. Biz repertuarı tamaşaçının qarşısına qoyuruq və o nəyi seçirsə, onu bərpa edib, məşq edib oynayırıq. Çevik işləyirik. Hətta hansısa mövzuda tamaşa sifariş alanda da onu az müddətdə və keyfiyyətlə hazırlamağa çalışırıq.

- Xüsusi təyinatlı müəssisələrdə tamaşalar oynayırsınız. Yaddaqalan reaksiyalar olubmu?

- Uşaq evində tamaşa oynadıq, çıxanda gördük qızlardan biri ağlayır. Deməli, aktyorlardan biri buna sevgi göstərib, başına sığal çəkib, indi balaca qız ağlayır ki, mən filan aktyora ərə getmək istəyirəm... Ona görə ki, sevgi görüb...

# 1964 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #