Nədi, qaqaş, nəsə pretenziyan var?

Nədi, qaqaş, nəsə pretenziyan var?
4 dekabr 2014
# 11:55

Oktyabr ayı idi, payızın ikinci yağışı dünən gecə yağmışdı. Səhərsə hava çox xoş idi. Pərdəni aralayıb ətrafa baxdım. Pəncərəni açdım, hava xoş idi. Həmişə parkların birində oturub, saatlarla yarıda qoyduğum kitabımı oxumaq istəmişəm. Çox fikirləşmədən portfelimə Kunt Hamsunum "Aclıq" kitabını qoyub paltomu geyindim və evdən çıxdım. Şəhərdə ən xoşladığım park Malakan bagı idi.

“Neftçilərdə” metroya düşdüm. “İçərişəhər” xəttini gözləyərkən portfelimdən kitabımı çıxarıb oxumağa başladım. Qatara mindim, gözümü kitabdan çəkmədən oxumağa davam edirdim. “Koroğlu” stansiyasına çatdıqda yanımda iki cavan oğlan dayanmışdı. Mən həmişəki kimi özümü “Söykənməyin” yazısına söykəmişdim. Oğlanlardan biri o birinə "Ora bax, kitab oxumağa yer tapıb bu da" dedi. Digəri də "Fikir vermə qaqam, özünü ağıllı göstərib qız tutmaq istəyir" deyə cavab verdi.

Özümü eşitməməzliyə vurdum. Əlimi oxuduğum səhifəyə qoydum, başımı qaldırıb yanımdakılara baxdım. Birinin əlində siqaret paketi, telefon və pul qabı vardı. Ən yaxınımdakı mənə baxıb dedi: "Nədi, qaqaş, nəsə pretenziyan var?"

İt oğlu, iki sözu bir araya gətirə belə bilmirdi. Başımı aşağı salıb, kitabımı oxumağa davam etdim.

Metrodan düşüb bağa getdim. Dünən yağan yağışa görə nə qədər istəsən boş skamya vardı. Nəm olmayan bir skamya tapıb oturdum. Portfelimdən kitabı götürüb oxumağa başladım. Üç-dprd səhifə oxumuşdum ki, cavan bir oğlan mənə yaxınlaşdı.

"Salam, qaqaşım" o dilləndi. Başımı yellədərək cavab verdim.

"Qaqam, sən gəl məni pis başa duşmə. Sumqayıta təcili gedib qayıtmalıyam, üstümdə pul yoxdu. Bəlkə üstündə 5 manatın ola, kömək edəsən mənə, hə, qaqam, olar üstündə pul?" deyə soruşdu.

Əvvəl heç nə demədim. Üst-başına baxdım. Geyimindən "şəhər uşagı"na oxşayırdı, başında da "çeçenka" vardı. "Üstümdə o qədər yoxdu" deyə cavab verdim. Əl çəkənə oxşamırdı, yanıma oturub yenə danışmağa başladı.

"Brat, yekə cayilsəne başa duş də məni, hamımızın başına gələ bilər də. Təcili gedib qayıtmalıyam. Oğlanlığa nə qədər varındı?" Mən "Üstümdə pul yoxdu" deyə təkrar etdim.


O, ayağa qalxdı. "Kantofka şeysən də, ala!" deyə söydü, "Oqlanlığıvı, s...m, ala, sənin!", "Mədəni dilənçi"

Heç nə olmamış kimi kitabımı oxumağa davam etdim. "Baş roldakı obrazın pul qazanıb qarnını doyurmaq üçün hər cəhti boşa çıxırdı. Amma o dik duramağı bacarır, yeri gəlsə acından ölər, amma dilənməzdi". Ah, bu küçə zibilləri “Aclıq”dan üçcə səhifə oxusaydılar.

Hava yamanca soyumağa başlamışdı, bir fincan isti qəhvə və keks əla gedərdi.

Ayağa qalxdım. Bağdan çıxanda Fransa səfirliyi yaxınlığındakı səkidə bayaqkı "mədəni dilənçi"ni gördüm. O tində dayanıb nəsə iyləyirdi. “Yəqin axırda Sumqayıta uça-uça getmək qərarına gəlib” deyə düşündüm.

Tini dönən kimi metrodakıları gördüm. Onlar "Azərbaycan maliyyə iqtisad kolleci"nin qabağında durub, cavan gözəl qızlara söz atıb cavablarında da qəşəng söyuşlər eşidirdilər.

Onların yanından sadəcə gülüb keçdim. Əslində bu çox əyləncəli idi.

Mən kafeyə gedib qəhvəmi içib keksimi yedim. Kitabımı açıb rahatca oxumağa davam etdim, çünki burada kitab oxuyana güləcək beyinlər yox idi.

# 1316 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #