Sizinki kitab deyil, dolmadır

Sizinki kitab deyil, dolmadır
2 dekabr 2014
# 11:33

Bu yaxınlarda radiolardan birində dinləyicilərə belə bir sual verilmişdi: Bir saat ərzində ölkəni tərk etməli olsanız özünüzlə aparacağınız beş şey nə olardı? Maraqlı sualdır. Amma cavablar da maraqlı idimi?

Görəsən bizim vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalsalar özləri ilə nə aparardılar? Seçimlər belə idi:

Bir banka dolma

Nərd

Samovar

Qoz mürəbbəsi

Paxlava

Azərbaycan çayı

Xaş...

Çox da uzatmayaq. Müxtəlif yemək adları, mürəbbə siyahısı uzanıb gedirdi. Bəziləri isə daha “peşəkar” idi. Onlar banklardan kredirt götürüb əkilmək istəyənlərdi.

Verilişə saat yarım qulaq asdım. Bu müddətdə bir nəfər də olsun özü ilə xaricə kitab aparmaq istəyən tapılmadı. Doğrudanmı bizim insanın həyatında kitab heç bir yer tutmur? Bizim insan üçün əziz olan və getdiyi hər yerə özü ilə aparmaq istədiyi, sevdiyi bir kitab yoxdurmu? Doğrudanmı onun ömrü boyu sevdiyi, oxuduğu kitabınının müxtəlif yerlərini cızıb qaraladığı, dəfələrlə vərəqlədiyi bir kitabı (lap elə Çingiz Abdullayevin bir əsəri) yoxdur?

Məsələ kitabda deyil.

O suala cavab verənlərin heç biri özü üçün əziz olan bir əşyanın adını çəkmədi. Məsələn, filan vaxtı filankəsin mənə hədiyyə etdiyi suveniri özümlə aparardım. Filan rəssamın əsərini özümlə aparardım.

Əslində bu cür qeyri-rəsmi sorğuların keçirilməsi cəmiyyətin səviyyəsini müəyyən etmək üçün əla vasitədir. İnsanın incəsənətə marağı, sevgisi onun sosial varlıq olmasının sübutudur. Həyatında incəsəntin yeri olmayan, bir kitabı, bir rəsm əsərini sevməyən, bir muqisi əsərinin aşiqi olmayan adam ancaq bioloji varlıqdır, vəssəlam.

İnsan sosial varlıq kimi təkcə yeməklə, içməklə kifayətlənmir. Onun daha fərqli, orijinal həyatı olur. O, hamı kimi ömrünü dolma yeməklə, samovar çayı içməklə, nərd oynamaqla keçirmir. Bunlar onun həyatının mənası deyil.

İnsan əgər özünü sosial varlıq hesab edirsə yaradıcı olmasa belə, incəsənətə hardasa uzaq olsa belə öz həyatını maraqlı etməyi bacarır. Məsələn, o poçt markaları kolleksiya edir, kağız pullar toplayır. Müəyyən bir epoxaya aid əşyaları yığır, turalım musiqi vallarını toplayıb kolleksiya edir. O, bir saat ərzində ölkəni tərk olanda belə özü ilə öz kolleksiyasını götürür, daha bir banka dolma aparmaq eşqinə düşmür.

Əgər bir adamın özü ilə xatirə olaraq aparacağı şey yalnızca yemək, içmək, əyləncə vasitəsidirsə, burda sözün bütün mənalarında insandan danışmaq yersizdir. Bu köçdür. Soyuq ölkələrdən isti ölkələrə özü ilə dimdiyində bir-iki qıça yarpaq, bir- iki gilə dən aparan quşların köçü.

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #