Tank lüləsində striptiz- Dahiyanə filmlər

Tank lüləsində striptiz- Dahiyanə filmlər
24 noyabr 2020
# 21:00

Kulis.az “Baxılası 50 film” layihəsində bu gün 66 yaşı tamam olan, müasir kinonun vacib isimlərindən biri, serb rejissoru Emir Kusturitsanın “Anderqraund” filmini təqdim edir.

Kusturitsa 1954-cü ildə Sarayevoda doğulub.

18 yaşında Praqaya gedir, təhsilin burda davam etdirərək İncəsənət Akademiyasının kino və televiziya fakültəsini bitirir.

O, ilk filmlərini də Praqada çəkib: qısametrajlı “Həqiqət payı” (1971)“Payız” (1972).

Onun diplom işi olan 25 dəqiqəlik “Gernika” (1978) filmində 1930-cu illərin sonu göstərilir. Yəhudi oğlanın əhvalatı danışılır. Film Karlovı-Varıda tələbə festivalında əsas mükafat alır.

Sarayevoya qayıdandan sonra Kusturitsa yerli televiziya üçün bir neçə film lentə alır. Onlardan biri “Gəlinlər gəlir” (1978) o dövrün əxlaqi-etik qaydalarına uyğun gəlmədiyi üçün yayımlanmadı. Kusturitsa sonralar müsahibəsində deyirdi ki, bu filmi çəkmək onun həyatında çox önəmli addım idi.

1981-ci ildə o, tammetrajlı filmdə debütünü edir. “Dolli Belli xatırlayırsanmı?” 1960-cı illərdə yaşayan Slavko adlı qəhrəmanın həyatından bəhs edir. Bu, ilk yuqoslav filmi idi ki, rəsmi serb-xorvat dilində yox, Bosniya dialektində çəkilmişdi. Film Venesiyada mükafat alır.

Onun növbəti “Atam ezamiyyətdədir” (1985) dramında müharibədən sonrakı Yuqoslaviyaya uşağın gözü ilə baxılır. Filmdə müharibədən sonrakı repressiyalar xatırlanır və həmin dövrdə marşal Tito hakimiyyətdə olmasa da, bu, hələ də qadağan edilmiş mövzu idi. Kann festivalında nümayiş olunan film rejissora ilk “Qızıl palma budağı” gətirdi, eyni zamanda Oskara nominant oldu. O zaman Kannda jürinin sədri olan məşhur rejissor Miloş Forman Kusturitsanı Avropa və dünya kinosunun əsas ümidi adlandırmışdı.

İtalyan və Britaniya prodüserlərinin dəstəyi ilə çəkilən “Qaraçı zamanı” (1988) rejissorun qaraçı mövzusunda ilk filmi idi. Bu, həm də kino tarixində qaraçı dilində çəkilən birinci ekran işiydi.

Musiqini rejissorun digər iki filmində əməkdaşlıq etdiyi məşhur bəstəkar Qoran Breqoviç yazmışdı. Kannda “Qaraçı zamanı” rejissurasına görə mükafata layiq görülür.

1990-cı illərdə Kusturitsanı M. Forman Kolumbiya universitetinə mühazirə oxumağa dəvət edir. Burda onun tələbəsi Devid Atkinsin ssenarisini yazdığı Conni Depp və Fey Danaueyn baş rol oynadığı “Arizona arzusu” (1993) tragikomediyasını çəkir.

Film prokatda iflasa uğrasa da tənqidçilər onu müsbət dəyərləndirdi və Berlin festivalında “Gümüş ayı” aldı.

1992-ci ildə Yuqoslaviyada müharibə başlayır, Kusturitsanın Sarayevodakı evi dağılır və bundan sonra onun atası Murat ürək tutmasından vəfat edir. Ailə Çernoqoriyada sığınacaq tapır. Bu ərəfədə yeni filmini “Anderqraund”u çəkmək üçün vətənə qayıdır.

Üç il sonra rejissor yenidən qaraçı temasına qayıtdı və “Qara pişik, ağ pişik” (1998) komediyasını çəkdi. Film Venesiyada göstərilsə də mükafat almır.

2000-ci illərdə Kusturitsa Patris Lekontun “San Pyerli dul qadın” və Nil Cordanın “Yaxşı oğru” filmində oynayır.

Onun “Həyat möcüzədir” (2004) tragikomediyası Bosniya müharibəsi zamanı serb kişi ilə müsəlman qadınının sevgisini anladır. Fransanın “Sezar” mükafatını alan filmdə rejissor yenə antimüharibə mövqeyini bildirir.

2005-ci ildə Kusturitsa Kannda jürinin sədri olur və “Qızıl palma budağı”nı Dardenn qardaşlarının “Övlad” filminə verilir.

2008-ci ildə o, Maradonaya eyni adlı sənədli film həsr edir.

Onun sonuncu filmi 2012-ci ildə Monika Beluççinin iştirakı ilə ekranlaşdırdığı “Sevgi və müharibə” dramıdır. Rejissor Bosniya müharibəsi zamanı sonradan rahib olan əsgərin sevgi hekayətini ekranlaşdırıb.

Kusturitsa siyasi baxışlarına görə tez-tez hücumlara məruz qalır. Xüsusən rejissor Yuqoslaviyanın dağılmasının əleyhinə olub. Və özünü indiyə kimi yuqoslav adlandırır.

1993-cü ildə isə o, serb radikal millətçiliyinin liderlərindən biri Voislav Şeşeli Belqradın mərkəzində duelə çağırsa da, ikincisi imtina etmişdi.

“Baxılası 50 film” layihəsində rejissorun Kann festivalında “Qızıl Palma budağı” alan “Anderqraund” (1995) filmini təqdim edirik.

Süjet: “Anderqraund” 1941-ci ildən 1992-ci ilə kimi dövrü əhatə edir. İkinci Dünya müharibəsi zamanı antifaşistlər zirzəmidə silah istehsal edən fabrik qururlar. Müharibə çoxdan bitsə də, onlar həyatlarına zirzəmidə davam edir. Bu illər ərzində isə zirzəmi üstündə həyat öz axarı ilə gedir.

Ssenarisini məşhur dramaturq Duşan Kovaçeviçin yazdığı filmi bəzi tənqidçilər Kusturitsa yaradıcılığının zirvəsi sayırlar. Bunun əsas keyfiyyətlərindən biri kimi ordakı həyat gücünü vurğulayırlar.

Film janr baxımından eklektikdir. Yəni faciəvi səhnələr komik və farsla qarışır. Məsələn, qadın tank lüləsində striptiz göstərir. Belə səhnələr tamaşaçıda qarışıq hisslər yaradır. “Anderqraund”u fantasmaqoriya da adlandırırlar.

Vizual nöqteyi-nəzərdən də film çox yüksək qiymətləndirilib. Müəllif əsasən qəhvəyi rəngdən və onun tonlarından istifadə edib. Eyni zamanda tarixi sənədlərə - kinoxronikaya da müraciət olunub.

Film müxtəlif simvol və metaforlardan ibarətdir. Hətta bəzi tənqidçilərə görə, rejissor filmi simvollarla çox yükləyib. Əsas simvol zirzəmidir, bu da Tito tərəfindən təcrid olunmuş Yuqoslaviyaya işarə edir.

Önəmli yerlərdən birini heyvanlar tutur. Əvvəldə dağıdılmış zooparkdan qaçan heyvanlar azadlığa can atan instinktlərin rəmzidir.

Digər vacib simvollarından biri toyda rəqs edən qonaqların sahildən aralanaraq naməlum istiqamətə üzməsidir. Bu da Avropadan qopan Yuqoslaviyaya alleqoriyadır.

Kusturitsa sevdiyi filmlərə də göndəriş edir. Bunlardan biri fransız rejissoru Jan Viqonun “Atalanta” filmdir. Rejissor deyir: “Suyun altındakı üzən gəlin “Atalanta”ya sayğıdır”.

O, “Atalanta”nı çox sevdiyi film adlandırır və Viqodan öyrəndiyini deyir.

Onun sevdiyi rejissorlardan biri Fellinidir: “Bəzi kinematoqrafik fəndləri ondan öyrənmişəm”. Yeri gəlmişkən, Kusturitsanı “Balkanların Fellinisi” adlandırırlar. O, “Qaraçı zamanı” filiminin çəkilişində Fellininin “Amarkord” əsərindən ruhlandığını deyir.

Frensis Ford Koppola da onun sevdiyi rejissorlardan biridir. Filmdə personajlardan birinin tüfənglə vertolyotu vurması Koppolanın “Apokalipsis bu gün” dramına göndərişdir.

O, eyni zamanda rus və fransız rəssamı Mark Şaqaldan da təsirlənib: “Mənə elə gəlir ki, bir az Şaqala oxşayıram, mən də eyni mövzu və rənglərdən istifadə edirəm. “Anderqraund”da gəlinin uçması Şaqala allyuziyadır”.

Filmindən sonra Kusturitsa Avropa kinosunun klassiki adlandırılıb.

Fransız filosofu Alen Finkilkro “Anderqraund”u serblərin nöqteyi-nəzərindən çəkildiyini iddia edərək onu yuqoslav tarixinin təhqiramiz mistifikasiyası adlandırıb.

Özünü təhqir edilmiş sayan rejissor kinodan getdiyini bəyan etsə də, üç il sonra “Qara pişik, ağ pişik” filmini çəkdi.

# 3699 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #