Nyutonun qara magiya marağı

Peter Akroyd (1945) – çağdaş Britaniya ədəbiyyatında postmodernist cərəyanın ən tanınmış simalarındandır.  Nasir, şair və ədəbi tənqidçi kimi tanınır. Yaradıcılığa şair kimi başlasa da, “Doktor Dinin evi” və “Elizabet Kri məhkəməsi” adlı romanlarının görünməmiş uğuru onun nəsrə üz tutmasına münbit şərait yaradıb.

 

Dünya və Böyük Britaniya tarixinin ən məşhur şəxsiyyətləri (İ.Nyuton, C.Milton, E.A.Po, O.Uayld, T.Çatterton, T.S.Eliot, Ç.Dikkens, U.Bleyk, T.Mor, N.Houksmur, U.Şekspir, Platon) haqda bioqrafik romanlar müəllifidir.  

 

Kulis.Az Peter Akroydun “İsaak Nyuton. Bioqrafiya” romanından “İsaak Nyutonun son günləri” bölümünü təqdim edir.

 

1722-ci ilin noyabrında böyrəklərində yaranan daşlar ucbatından Nyutonun səhhəti xarablaşdı. Ömrünün son beş ili boyu getdikcə artan pisləşmələr üçün bu bir başlanğıc idi. Məhz bu kəskin ağrılardan sonra o, öz sadiq adamlarından Henri Pembertonu əsərlərinin nəşrindən cavabdeh şəxs təyin elədi. Aradan heç bir il ötməmiş alimin durumu daha da ağırlaşdı və o, özünə iki həkim tutdu. Konduittin yazdığına görə, sidik kisəsindəki sfinkterin zəifləməsi üzündən xəstə vaxtaşırı və bol-bol sidiyə çıxırmış. Həkimlərin məsləhət gördüyü meyvə-tərəvəz pəhrizinə Nyuton həvəslə riayət edirmiş. Hərəkət və səyahətlər əsnasında portşezdən (palankin, fransız tərzində kəcavə və ya təxti-rəvan – A.Y.) istifadəni tövsiyə etsələr də, o, deyirmiş ki, canımda can olduqca, piyada gəzəcəyəm. Onun bu cavabı bir uşaq şeirindəki: "Ayaqlarım var ki, ayaq üstəyəm" fikrini xatırladır adama. Halbuki bu vaxt o, artıq səksən bir yaşına dolmuşdu. Konduittin bildirdiyinə görə, 1724-cü ildə o, hər hansı ağrı-acı duymadan bədənindən noxud böyüklükdə daş çıxardıbmış. İki yerə parçalanan bu daş müəyyən aralarla bədəndən xaric olunub. Bu cür naxoş təfərrüatları da memuar müəllifi diqqətədəyər bilgi sayırmış.

 

Bir məqam isə Nyutonu böyründəki daşlardan artıq dərəcədə narahat etməkdəymiş: onun "Bibliya üzrə xronologiyası"nın bir versiyası həmin il Parisdə, müəllifdən iznsiz çap olunubmuş. Öz əsərindən qısa çıxarışları və ya "qısa xronologiya"nı Nyuton əvvəlcə Uelsin xanım şahzadəsi üçün hazırlayıbmış, sonradan mətnin bu yığcam versiyası dolayı yollarla, hərlənib-fırlanıb bir fransız kitab tacirinin əlinə keçir. Nyutona yer eləyən də o idi ki, onun "Abrege de la chronologie" adlanan özət mətni alimin aşkar səhvlərinin göstərildiyi "Qeydlər" ilə paralel çap edilibmiş. Səksən yaşını adlamış alim bunu özü üçün əsl təhqir sayırdı və öz müddəalarının doğruluğunu, tənqidin isə əsassızlığını isbatlamaqdan ötrü uzun bir məqalə yazmış, düz yeddi dəfə onun üzünü köçürmüşdü. Özünə xas sərt üslubla Nyuton vurğulayırdı ki, sözügedən "Qeydlər"in müəllifi məqaləni tərcümə etsə də, onun başlıca məqamlarını anlamayıb, buna görə də müəlliflə razılaşdırmağa gərək duymadan mətni öz bildiyi şəkildə oxuculara təqdim eləyib.

 

Bu hadisə alimi necə təbdən çıxarırsa, o, öz xronologiyasının tam həcmdə nəşrinə girişir. Hərçənd ölümündən bir qədər əvvəl də bu mətnin üzərində düzəlişlər eləməyindən qalmır. Vəfatından bir neçə gün əvvəl Vestminster səmtindəki Müqəddəs Martin kilsəsinin keşişi Zaxariya Pirs Nyutona baş çəkibmiş. O, xatirələrində yazır ki, görüşdükləri vaxt alim "Qədim xanədanların xronologiyası" kitabının üzünü köçürürmüş, həm gözlük taxmayıbmış, həm də yazı masası pəncərədən nisbətən uzaq küncdə yerləşirmiş, masanın üstündəki qalaq-qalaq kitab onun yazısına kölgə salırmış. Pirs alimə deyib: "Ser, məncə, siz otağın yetərincə işıqlanmayan guşəsində işləyirsiniz". Nyuton cavab verib: "Mən elə az ışıqla da keçinərəm". İnsan gözünün quruluşuna heyran olan və "Optika" kitabını yazan alimin, ahıl yaşına rəğmən, görmə qabiliyyəti güclüymüş. Pirs davam edir: "O, təzəcə yazdığı iki-üç səhifəni mənə oxuyandan sonra onların izahına keçdi… Bütün bunlar təxminən bir saat, yəni Nyutona gündüz yeməyi gətirilənə qədər davam elədi".

 

Səksən üçüncü doğum günündə, yəni 1725-ci ilin Milad bayramında, Nyuton Solomon (Süleyman) peyğəmbərin məbədinin öz əliylə çəkdiyi rəsmini Uilyam Stakliyə göstərir. O, inanırdı ki, "İlahi olan bir şey öz gizli mənasını mütləq yəhudi məbədində və yəhudi dini mərasimində büruzə verir". Nyutonun çap edilən və edilməyən qeydlərinə əsaslanaraq söyləmək olar ki, o, ilkin Məbədin Nuh peyğəmbərin oğulları tərəfindən qurulduğuna inanıb və həmin məbədin başlıca öyüdü: "Tanrını və doğmalarını sev" imiş. Bu ilkin (və ən kamil) dini inancı yəhudi patriarxlar İsrail xalqına aşılayıblar, sonradan o, Pifaqorun vasitəçiliyi ilə qədim yunanlar və misirlilər tərəfindən də mənimsənilib. Aradan illər ötsə də, ilkin dinin, ilkin xristianlığın məğzini məhz arianizm (ariaçılıq, ariusçuluq, Ariusun tərəfdaşı olma – A.Y.) özündə qoruyub, saxlaya bilibdir.

 

Anlaşıldığına görə, ahıl çağında Nyutonu "Bibliya"dakı peyğəmbərlər və tarixi xronologiya daha çox məşğul edirmiş. Bu yolla həm Qədim, həm də yaşadığı dünyanın sirrlərini açmağa can atırmış o. Ancaq bu məsələni heç cür çözə bilmir, çünki onun öz ömür xronologiyası tezliklə tar-mar olur.

 

1725-ci ilin əvvəllərində yoluxduğu kəskin soyuqdəymədən və ağciyər iltihabından sonra Nyuton Sent-Martin-stritdəki mənzilindən havası daha mülayim sayılan Kensinqton səmtinə köçməyə razı olur. Əvvəlki mənzilində alim bəzən podaqradan əziyyət çəkirdi, lakin Çörç-strit ilə Kensinqton-Hay-stritdəki təzə mənzilində onun səhhəti gözgörəsi yaxşılaşmağa başlayır. Yeri gəlmişkən, Konduitt xatirələrində yazır: "Həm Kensinqtonun havası, həm də istirahət rejimi alimə görünməmiş dərəcədə faydalı gəlmişdi və onun bu səmti tərk edərək, harayasa yollanması arzuolunmaz sayılırdı, buna rəğmən, o, şəhərə baş çəkməkdən əsla imtina eləmirdi". Bu cümlədəki "gərək duyuldu-duyulmadı" ifadəsini yazı müəllifi sonradan qaralayıbmış. Nyuton özünü bu dünyanın iş-gücündən və qayğılarından uzaq tuta, təsəvvür edə eləmirdi. Öz məmləkətindəki durumu öyrənmək üçün təğyiri-libas olub, dolaşan kral kimi, o da xəbərsiz şəkildə Sikkəxanaya və Kral Elm Cəmiyyətinə baş çəkirdi.

 

Bir kərə o, Fransadan gələn hörmətli qonağını, abbat Alarini özüylə Elmi Cəmiyyətin iclaslarından birinə aparıbmış. Orada söhbət fransız şərablarından və İsveçrənin havasından getdiyi üçün Nyutonu yuxu tutubmuş. Nyutonun 1725-1726-cı illərdə çəkilən portretlərində onda gedən dəyişimləri sezmək çətin deyildir. Hər iki portreti Con Vanderbank yaratsa da, birinci tabloda alim daha sağlam və qətiyyətli görünməkdədir, halbuki digər portretdə ahıllığın bəzi nişanələri aşkar nəzərə çarpır: Nyutonun baxışlarındakı ifadə daha dağınıqdır, sanki o, artıq konsentrasiya qabiliyyətini itiribdir.

 

Ömrünün son bir ili boyu həkimlərin ciddi nəzarəti altında bulunsa da, Nyuton fəaliyyətdən qalmamışdır. Həmin il işıq üzü görən "Principia Mathematica" kitabının üçüncü nəşriylə bağlı yazışmalarını davam etdirir, payızda isə külçə qızıl üzrə yeni idxalatçıya nəzarət məqsədiylə Sikkəxanaya bir də baş çəkir. Vaxtaşırı olmasa da, ara-sıra Kral Elm Cəmiyyətinin iclaslarına qatılır, həm də öz zəngin mirasının varislər arasında paylaşdırılması işinə girişir.

 

Həmin dönəmdə onu ən çox narahat edən məqam - keçmişlə bağlı dəlil-sübutlar imiş. Con Konduittin yazdığına görə, ahıl alim sonunun yaxınlaşdığını sezdiyi üçün xeyli kağız-kuğuzunu oda atır: bunların arasında qeydlərlə dolu qutular və bir şahidin dediyinə görə, hətta "əlyazmalar" da varmış. Lakin nə ilə bağlı olduğu hələlik sual altında qalan bu kağızlarla əlaqədar ən müxtəlif ehtimal irəli sürülür: bəziləri yandırılanların ailə məktubları, digərləri isə Nyutonun "kafir ideyaları" ilə əlaqəli olduğunu düşünürlər. Bir başqaları isə güman edirlər ki, qara magiya ilə maraqlanmasına dair bütün dəlilləri ahıl alim yox edirmiş.

 

26 fevral 1727-ci il tarixdə o, Kensinqtondan çıxıb, şərqə tərəfə, yəni Londona üz tutur və martın ikisində ömründə son kərə Kral Elm Cəmiyyətinin iclasına sədrlik edir. Səhərisi gün Konduitt ona etiraf eləyir ki, uzun illərdən bəri ilk dəfə onu çox gözəl əhval-ruhiyyədə görür. Kuzeninin ərinə gülümsəyən Nyuton bildirir ki, son günlərdə bir kərə düz gecə saat on birdən bazar günü səhər saat səkkizə qədər heç oyanmadan yatıbmış".

 

Lakin bu zahiri görüntü aldadıcı imiş. Martın 3-də, cümə günü alim özünü hədsiz pis hiss eləməyə başlayır və bu, sfinkterdən qaynaqlanır. O, təkrar Kensinqtona dönsə də, səhhəti düzəlmir ki düzəlmir. Düz bir həftə ağrıları dinmir, səngimir. Martın 11-də, şənbə günü, müayinədən sonra həkimlər belə qərara gəlirlər ki, hər halda böyrək daşı indiyədək rahat durduğu yerdən oynayıb və bu fəsad alimin son kərə Londona etdiyi çətin və yorucu səfərlə bağlı meydana çıxıb". Böyrək daşı sidik kisəsinə tərəf yer dəyişdiyindən həkimlər xəstənin sağalacağına çox da güman bəsləmirlər.

 

Yaranan spazmalar dözülməz idilər. Konduitt yazır: "Üzündən aramsız tər damlaları axsa da, o, nə bir dəfə şikayətləndi, nə də çığırdı, nə səbirsizlik sərgilədi, nə də hər hansı şıltaqlıq. Əksinə, çəkilməz ağrı qısa aralarla təkrarlandığından, səngimə anlarında o, başına yığılanlara baxıb gülümsəyir və həmişəki kimi şux danışmağa çalışırdı".

 

Uilyam Stakli isə bildirir ki: "Ağrılar bəzən o dərəcədə şiddətlənirdi ki, xəstənin can çəkişməsindən təkcə yatdığı çarpayı yox, bütün otaq lərzəyə gəlirdi".

 

Hətta ölüm ayağında olmasına rəğmən o, kilsənin ənənəvi tövbə ayinindən qəti imtina eləyibmiş və Kainatın Əfəndisi ilə görüşünə sayılı saatların qaldığı durumda da təslisi (İsa peyğəmbərin özündə eyni vaxtda üç ayrı simanı (missiyanı) - Tanrını, Oğulu və Müqəddəs Ruhu birləşdirməsini təsdiqləyən ideyanı – A.Y.) küfr sayır və qəbul etmirdi.

 

Bir ara hamıda elə təəssürat yaranmışdı ki, xəstənin halı yaxşılaşır. Şənbə günü o, hətta qəzetlərə də göz atdı, lakin həmin axşam qapıldığı huşsuzluqdan xəstə bir daha ayılmadı. Bazar ertəsi günü, 20 mart 1727-ci il tarixdə, sübh çağı Nyuton vəfat elədi.

 

Kral Elm Cəmiyyətinin iclas protokolları kitabında bununla bağlı çox soyuqqanlı bir qeyd edilib: "Ser İsaak Nyutonun vəfatı ilə bağlı onun yeri vakant elan olunduğundan cəmiyyətin bugünkü toplantısı ertələndi".

 

Vidalaşmaqdan ötrü onun nəşi Vestminster abbatlığındakı Yerusəlim zalında qoyulur, daha sonra isə tabutu alimin əbədi mənzili olacaq nefin altında torpağa tapşırırlar.

 

Ser İsaak Nyutonun özündən sonra qoyduğu maddi miras 31 min 821 funt imiş və bu məbləğ sıravi yomenin (yomen və ya yomenri - feodal İngiltərədə sahibi olduğu kiçik torpaq sahəsini sərbəst şəkildə əkib-becərən vətəndaşa deyilirmiş. Sonralar bu termin Britaniya monarxlarının cangüdən dəstələrinin üzvləri üçün də işlənibdir – A.Y.) oğlu üçün yetərincə böyük sərvət sayılırmış. Bütün cəhdlərinə rəğmən, o, özündən sonra vəsiyyətnamə qoya bilməmişdi.

 

Görünür, buna elə bir ehtiyac da duymurmuş, çünki o, bütün mirasını onsuz da Bəşəriyyətə bağışlamışdı.

LENT

17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018