Elə gülərəm yalan olduğu bilinməz

 

Bu konuda dəfələrlə yazmaq istəmişəm, amma düşünmüşəm ki, insanın, xüsusən də bir yazarın öz kədərini anlatması nə dərəcədə doğru anlaşılar? Zatən, kədərin izahı olmur, bir yazarı kədərdən çox yazmaqda qınamağın da bir anlamı olmamalıdır. Amma və lakin… Sən demə, kədərdən, yalnızlıqdan çox yazanda adama yazıq kimi baxırmışlar. Bəs deyirdilər yalnızlıq hər bir yazarın yaşam tərzidir? Təsəvvür edin, yaradıcılığı ölüm, tabut, kəfən, məzar sözləriylə ləbələb dolub daşan yazarlar səni görəndə deyir ki, ayə, yaşaya bilmirsənsə, get özünü as, bütün günü ah-nalə edib baş-beynimizi aparma! Demək istəyirsən ki, bizim beynimizi elə sizin yazdığınız “mərsiyələr” yas mağarına çevirib. O gün zarafatla yazar dostuma deyirəm ki, gedirəm “palatka”nı sökməyə. Şaqqanaq çəkib gülür.   

 

İlin-günün bu vaxtı bizim işimizə-gücümüzə baxın. Mən öz kədərim haqqında arayış vermək zorunda qalmışam. Hə, demək belə. Yazıb sizə bildirirəm ki, bu kədər mənə dədə-babadan miras qalmışdır. Füzuli babadan, Seyid Əzim külbəsindən, Vaqif zimistanından, Vahidin nəşeyi-meyindən qalıb bu qədim-qayım kədər. Dörd əllə dərd oynadıb ərşi-kürşü bir-birinə qatan, təxəllüsü Qəmli, Küsgün, Kədərli olan şairləri də bədbəxt edən elə bu rəhmətliklər olub. Nə olsun ki, yüz fikir bir borcu ödəmir, dünya elə “fikir dünyasıdır”.  Məxləs, babalarımızın çiynimizə yüklədiyi qəm şələsini gor evinəcən daşımağa məcburuq. Mətləbim ayrıdır, biz belə görmüşük ki, kədər həmişə yazarın gündəlik məşğuliyyəti olub, o, kədəri nə qədər istismar etsə də kədər azalmır, yox olmur, həmişə diri qalır.

 

Bu sosial şəbəkələr şairi, yazarı lap bihörmət edib qoydu. Yazar öz yaşantılarını sosial şəbəkələrdə dövriyyəyə buraxdıqca adiləşdi, əlçatan oldu. Şairə itin sözünü deyən kim, iqnor edən kim, uşaq kimi qabağına qoyub danlayan kim…  Qəliz məsələdir. Bu da çəkiləsi dərd deyil.

 

Bir zəruri izahat da verim. Yoldaşlar, insan öz kədərini paylaşanda bu, onun kiminsə yardımına ehtiyacı olması anlamına gəlmir. İnsan içindəki ağrını ona görə paylaşmır ki, kiminsə ona rəhmi gəlsin. Əsla belə deyil! Bu, sadəcə, insani bir hissdir, hər kəsdə bu hiss var. Mən özümü kifayət qədər güclü adam hesab edirəm və heç kəsin də yardımına və ya mərhəmətinə ehtiyacım yoxdur. Hamı kimi həyatımı yaşayıram. Yazılarımda kədərin dozası çoxdusa, bu, mənim günahım deyil. Mən sadəcə, hislərimi bu cür ifadə edirəm. Bu qədər sadə.

 

Təkcə yazarlar deyil, adi insanlar da öz kədərlərini bölüşmək, paylaşmaq istəyərlər. Kədərli insanın öz halını anlatmağa çalışması təbiidir. Buna görə insanı qınamaq nə dərəcədə doğrudu, bilmirəm. Dostoyevskinin kədərli insanlarını neyləyək bəs? Onun “Ölü evdən qeydlər”i başdan-başa kədər mənzərələri ilə zəngindir. Görəsən, Dostoyevski kədəri hörmətdən salmayıb ki?!

 

Bəzən insanlar kədərli statuslardan təsəlli tapırlar, ovunurlar. Bir dəfə kimsə bir status yazmışdı ki, sən mənim belə kədərli statuslar yazmağıma baxma, mən elə gülərəm ki, heç kəs yalan olduğunu bilməz.

 

Mən bəzən elə kədərli statuslar yazıram ki, heç kəs bunun yalan olduğunu bilmir...  

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018