C. xalanın ruscası

C. xalanın ruscası
22 noyabr 2014
# 11:00

Elə işdən çıxmağa hazırlaşırdım ki, zəng gəldi. Telefonumu açdım, evdən idi. Anam sevinə-sevinə dedi ki, bilirsən, C. xalan gəlib, İçəri Şəhərdə, T. dayıngildədir. Gələndə onu da götür, bir yerdə qayıdın.

Çox yaxın qohumumuzdur. Üstümdə haqqı-sayı olan, mənə söz deməyə ərki çatan iki-üç adamdan biridir. Ağdam işğal olunandan sonra o, ailəsi ilə Rusiyaya köçüb. O vaxtdan da Bakıya 5-10 ildən bir ya gələ, ya gəlməyə.

Əlbəəl T. dayıgilə zəng edib, C. xalanı “Azneft” meydanına gətirmələrini xahiş elədim.

Bir azdan üçrəngli bayrağımızın altında yaşlı bir qadın qollarını açıb doğma ləhcəsi ilə “boy, sənin başına dönüm” deyərək mənə sarılır. Bu illər ərzində mən böyümüşdümsə, o da kökəlmişdi. Eynən uşaq vaxtlarımda olduğu kimi, yenə də onun ağuşunda itib görünməz oldum.

Elə bil ki, “Saa qurban olum”, “Saa mən xalan qurban” sözləri 22 il əvvəldən qulağıma gəlirdi. Heç nə dəyişməmişdi...

Taksi saxlamaq istədim. Əlimdən tutdu:

- Boy, bu nədi belə? Mən özgəsiyəm? Niyə xərcə düşürsən? Hər gün işdən evə nətər gedirsənsə, bu gün də heylə gedəssən!

İsrar elədim, dinləmədi:

- Odeeey, “astanovka” ayındadı. T. dayıngil dedi ki, 65 ordan düz sizə gedir.

Utana-utana:

- Bu saatda “Azneft” meydanında 65 tapmazsan. Onlar metronun “İçərişəhər” stansiyasının qabağından dönüb geri qayıdırlar, - dedim.

- Noolajax, ora gedərik!

Beləcə, yola düzəlirik və giley-güzar başlayır:

- Gül kimi uzun saçların var idi, darıyıf, keçi yığırdım, lent də bağlayırdım. İndi gör özünü nə kökə salmısan? Qulağıyın dibindən kəsdirmisən?

- Eh, saç saxlamağa vaxt var?

- Kəs, aaz! Niyə yoxdu? Vaxta nəəlif? Nağayrırsan ki? Uşağa baxırsan, toyuq-cücə saxlayırsan, həyət-baca təmizləyirsən, bostan əkib-becərirsən, pambıq yığırsan?

Məni gülmək tutdu. O isə daha da qeyzlənib başladı, nə başladı. Sən demə ürəyi dolu imiş:

- Elə soyumusunuz ki! Heç kimi itirib axtarmırsınız...

- Başımız açılır ki…

- Aaz, bəsdi! Axşamtərəfi işdən sonra beş dəqiqə filankəsə dəyib, sonra evə getsəniz olmaz? Erməni torpağınızı alıb, qohumluğunuzu da almayıb ki? Niyə bir-birinizdən gen gəzirsiz? Niyə heç kim bir-birinin evinə gedib gəlmir? Hansınızdan kimi soruşuram, deyir, xəbərim yoxdu. Düşmənsiz? Deeey, keçən dəfə dayın oğlunun toy kasetinə baxıram, (o DVD-yə də kaset deyir) görürəm siz yoxsuz. Hannan-hana, saat 9-da qapıdan girirsiz…

- Ara günü idi də, işdən çıxıb getmişdik…

- Aaz, yaxşı! Adam toya işdən çıxıf gedəndə saat 9-da çatır? Sevil xalanın qızının nəvəsi olub, yazıq arvad “balnisanın” qabağında tək dayanıf. Sən doğulanda onların bütün nəsli tökülüb gəlmişdi doğum evinə. Hələ bajın olanda durub Stepanakertə (əvvəl Xankəndini belə adlandırırdılar) gəlmişdilər.

- Sən də kefsən e, nə var idi Ağdamdan St... St... Xankəndinə getməyə?

- Kiri, a bala! Elə soyuqsunuz! Canınız yanmır. Deeey, əmin oğlu oğluna kiçik toy eləyib, heç biriniz getməmisiz.

Daha özümü saxlaya bilmədim. Özü də bu əmi elə adam idi ki, onun dalınca asıb-kəsmək haqq sözü idi, savaba yazılırdı:

- Axı o da çox böyük səhv eləyib. Biz vaxt tapıb ölü yerinə, diri yerinə gedə bilmirik. O da tutdurub ki, oğlumun...

- Aaz, kəs! Elin adəti var! Gəlib olmusunuz şəhərli. Axşamdan toyuq hinə girən kimi hamınız qaçıf girirsiniz evinizə. Bir adam, o birinin qapısını döyüb halını soruşmur. Mənim qapımı açan yoxdur, bilirəm ki, qərib yerdəyəm, sizə nooluf? Nətər evdə böyüdüyün yadından çıxıf? Yadında döyül babangilə axşamlar o qədər adam yığılırdı ki, o boyda stolda sizə yer tapılmırdı, mən sizə qıraxda, balaca stolda sırfa açırdım? İndi utanmırsınız bir-birinizi itirib-axtarmamağa? Bir ağacın divində, başında oynaya-oynaya böyüyən uşaxlar döyülsüz? Bir bajının nəvəsi, o birinin nəvəsini tanımır. Aaz, sizi belə böyütmüşük? Bir həyətdə neçə uşaq oynuyurdunuz, yadında döyül?

- ...İyirmi iki...

- Bəs indi nooluf uşaqlarınız bayquş kimi tək böyüyür. Elə bil, uzaq olsun internat uşağıdılar...

C. xalanın Rusiyada başqa həyatı vardı. O, bütün qohumları bir arada sonuncu dəfə, müharibə başlamazdan əvvəl görmüşdü. Bizim bu gün burda unutduğumuz adətlər belə onun üçün qutsal idi. İllər sonra qayıdıb gələndə hər şeyi Ağdamda olduğu kimi görəcəyini güman edirmiş. Bizim illərlə itirdiyimiz, yeni həyat tərzimizə uyğunlaşdırdığımız “adətlərə” qıcıq olur, havalanırdı.

Danışığı, davranışı o qədər sirayətedici idi ki, elə bil kimsə onu sehrli xalatla 22 il əvvəlin Ağdamından gətirmişdi. Onu görmək, onu dinləmək bir neçə dəqiqəlik Ağdama getmək kimi bir şey idi. Ona görə də xətrinə dəymək istəmirdim. Bir tərəfdən də elə yorulmuşdum ki, deyişməyə heyim qalmamışdı.

Beləcə, C. xalanın danlağı altında metronun “İçərişəhər” stansiyasının qarşısına gəlib çıxırıq...

Avtobusda özümüzə arxada yanaşı yer elədik.

Dərd məni götürmüşdü ki, bu arvad yüksək səslə danışır. Mikrorayona qədər bütün avtobus nəslin söhbətinə qulaq asacaq, biabır olacağam. İncəvara, 65 yerindən tərpənən kimi C. xala susdu. Özü də bu nə isə şübhəli bir sükut idi. Ha ordan-burdan söz saldım, gördüm dinmir. Onun cavanlığında da küsməyi var idi, dedim, yəqin yenə tərs damarına düşüb. Başladım özümü qınamağa. Ha düşündüm ki, görən nə dedim? Di gəl kəsdirə bilmədim. Axı mən yazıq, adamın ürəyini qırmamaq üçün nə deyibsə susmuşam. Mən ümumiyyətlə bilirəm ki, qadın hirslənəndə ən yaxşısı susmaqdı. Bəs bu arvada qəfildən nə oldu belə?

Avtobus zorla özünü şəhərin dar küçələrinə vurub, dağa dırmaşırmışcasına dartınırkən başımı çevirib C. xalaya baxıram. Görürəm ki, kök adam qapqara qaralıb, özünü elə yığıb ki, çırtma vursan qanı damar. Vicdan əzabı çəkirəm, ay allah, axı mən neylədim ki...

Kefim əməllicə pozuldu. Yenə biləm ki, indi evə çatacağıq, mövzu dəyişəcək, dərd yarıdır. Amma Tiflis prospektindəyik, axşam hamının işdən çıxan vaxtı şəhərin bu hissəsində hərəkət olur ki, evə çatasan?

Bizdən qabaqda əyləşən qadının biri də necə yuxulayıbsa, xorultusu avtobusu başına götürüb. Telefonumu çıxardıb avtobusdakı son durum haqda Facebookda status yazdım: “20 dəqiqədən çoxdu “Tbilisidə” tıxacdayıq. Bir qadın necə xoruldayırsa... Bütün avtobus da sakitliyə riayət edir, söhbət edənlər pıçıldayır. Şəxsən mən telefonun səsini almışam... Xalq budur, birlik olmalıdır”.

Pah! Dostlarım ilk dörd cümləmi görməzdən gəlib, son cümləmə şərh yazmağa başladılar: “Gürcüstandasınız?” “Gürcüstanın harasındansınız?”

Hələ iş yoldaşlarım “Səhər işdə idin, Gürcüstana nə vaxt getdin” deməzlərmi?

Qanım lap qaraldı. Deməli, C. xala durumu şişirtmir. Vəziyyət doğrudan acınacaqlıdır. Əgər biri yatanda o biri pıçıldayır, “xalq”, “birlik” deyiləndə hamı söhbətin gürcü xalqından getdiyini düşünə bilirsə, demək ki, bu baş verən nədirsə, təkcə bizim ailədə, qohumların arasında yox, bütün ölkədə baş verir.

Xeyli keçdi, elə yağış başladı ki, yatan sərnişin də şüşələrin taqqıltısına oyandı. Hər ağızdan bir avaz gəlirdi. Bircə bizimki danışmırdı. Yox ey, xətrinə çox bərk dəymişdim. Könlünü almaq üçün şirinlik edir, guya başını qatırdım:

- Bura Papanindir... Bura isə Alatava. (Lütfən, bu yerdə heç kim axı 65 Papanindən, Alatavadan keçmir deməsin).

Susdum. Onsuz da xeyri yoxdur! Nə desəm də, qadının qaş-qabağı açılmır ki, açılmır. Saata baxdım, 9-a 7 dəqiqə qalırdı. İki saata yaxın idi ki, yollarda idik. Tükənmişdim. Yorğunluq və aclığın üstünə səbəbini bilmədiyim peşmanlıq gəlmişdi. Pərt idim. Nə demişdim, bilmirəm, amma C. xalanı bu hala salacaq nə isə pis bir şey demişdim. Qadın neçə ildə bir dəfə bizə qonaq gəldi, onda da mən dilimi dinc saxlamayıb ürəyini qırdım. Heç olmasa bilərdim ki, nə demişəm, hansı sözümdən belə möhkəm inciyib. Axı niyə anam onu qarşılamağa məni göndərdi? Gərək gəlməyəydim, özümü bilirəm də, söz ağzımdan çıxanda çıxır, xəbərim olmur.

Bu yerdə 65 qarşısına çıxan ilk döngənin ortasında saxlayıb, qapıları açdı:

- Gecikmişəm, burdan geri qayıdıram. Gəlin, düşün!

Əvvəllər belə olanda sərnişinlər etiraz edir, sürücünü şikayət edəcəkləri ilə hədələyirdilər. İndi isə bu variantlar C. xalanın qohumluq adətləri kimi tarixə qovuşub. Avtobus sürücüsü şahdır! Kəlməsi qanundur! Adamlar elə sanki belə də olmalıymış kimi, içi biz qarışıq sakitcə avtobusdan aşağı, yağışa, maşınların surətlə hərəkət elədiyi şosseyə endi. Şaxta buz kimi kəsir, külək yağışı adamın gözlərinə çırpır, surətlə şütüyən maşınların təkəri altından sıçrayan palçıqlı su gölməçələrdən çılğın at kimi şahə qalxırdı.

Hələ evə dörd dayanacaq yol qalmışdı. Bir-birimizdən yapışıb iki cərgədə surətlə hərəkət edən maşınların arasından birtəhər keçəndə C. xala nəhayət hündürdən dilləndi:

- Bala, siz ki, hər gün bu cürə avtobusla işə gedib evə qayıda bilirsiz, qəhrəmansız! Qohum-öylad axtarmaq nədi...

Sevindim. Sən demə C. xala bayaqdan son dönəmlərdə dəbdə olan empati hissini yaşayırmış. Elə ağzımı açıb “gördün, biz bu kökə düşmək üçün onilliklər yaşamışıq, sənə isə ikicə saat 65-də silkələnmək bəs elədi ki, 22 ildir içində yığılıb qalmış qayım-qədim nə varsa, tökülüb getsin” demək istəyirdim ki, mənə “artıq xərc eləmə” deyib acıqlanan C. xala yolun kənarındakı taksinin qapısını açdı və şirin Ağdam ruscasıyla soruşdu:

- Qardaş, svabodnusunquz?!

# 3752 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #