Qorxulu kinodan ölən şəhid oğlu

Qorxulu kinodan ölən şəhid oğlu
19 noyabr 2014
# 16:37

Bu hadisə ona görə yadımdan çıxmır ki, mən həmin il sarılıq xəstəliyinə tutulmuşdum. Daha doğrusu az qala tutulacaqdım. Əlamətləri müşahidə olunmuşdu, sadəcə anam lap tez üstünə düşdü və mən demək olar ki, bu üzdəniraq xəstəliyə yaxalanmadan qurtuldum.

Sözüm onda deyil. Danışacağım hadisə 96-ci ildə olub. Onda 5-ci sinifdə oxuyurdum. Qonşuluqda Rəşad adlı bir oğlan var idi. Məndən 3-4 yaş böyük idi. Atası 92-ci ildə Qarabağda şəhid olmuşdu. Evin yeganə kişisi artıq o idi. Anası Rəhilə xala məktəbdə işləyirdi, Azərbaycan dili və ədəbiyyatından dərs deyirdi. Özündən 1 yaş böyük olan bacısı Rəşidə isə həmin məktəbdə 9-cu sinifdə oxuyurdu, sinif nümayəndəsi idi.

Anasının müəllimə, bacısının isə əlaçı olmasına baxmayaraq, Rəşadın oxumaqla arası yox idi. 8-ci sinfə qədər də anasına hesabına gəlib çıxmışdı. Məktəbdə bütün müəllimlər Rəhilə xalaya hörmət edib Rəşadı yola verirdilər. Onun ən çox xoşladığı iki iş var idi. Birincisi futbol. Məhlədə elə bir gün olmazdı ki, qızğın futbol getməsin və Rəşad orda oynamasın, heç kimlə də dava etməsin. O qədər həvəs və əzmlə oynayırdı ki, neçə dəfə özünü şikəst də eləmişdi. Hətta bir dəfə dizindən bərk vurmuşdular. Düz iki həftə qaça bilmədi, güclə yeriyirdi. Amma gəl gör ki, onda da meydanda idi. Bəli, qapıçı dururdu.

Rəşadin ikinci sevimli məşğuliyyəti isə kinoya baxmaq idi. Özü də qorxulu kinolara - “ujas” kinolarına. Futbol oynamadığı vaxtlarda axşam baxdığı filmi məhlə uşaqlarına danışırdı. Adətən, axşamlar futboldan sonra küçənin kənarından keçən uzun və enli qaz borusunun üzərində oturub “Rəşadın kinoları”na qulaq asardıq. “Fredi Kruger”dən tutmuş, “Drakula”ya qədər hamını tanıyırdıq.

Amma bu qorxulu kinolardan biri Rəşada baha başa gəldi. Bir gecə, yenə adəti üzrə yeni tapdığı kasetə baxmağa başlayır. Evdə hamı yatmış olur. Nəcə olursa, Rəşad həmin gün kinonun sonlarına doğru elə uzandığı divanda yuxulayır. Hətta kino qurtarır, kaset bitir, Rəşad oyanmır. Bu ərəfədə bacısı Rəşidə gecənin bir aləmində su içməyə qalxır. Mətbəxdən qayıdıb otağına keçmək istəyəndə görür ki, televizor hələ də işləyir. Təxmin etdiyi kimi, gəlib görür ki, Rəşad divanda yatıb qalıb. Televizoru söndürür. Yuxulu-yuxulu bir-iki dəfə səslənir. Amma Rəşaddan səs çıxmır. Ola bilsin ki, həmin gün futbol onu çox yorubmuş və bərk yuxuya getmişdi. Hələ səhər də durub dərsə getməli idi. Yatmazdan əvvəl anası da xeyli tənbeh etmişdi.

Rəşidə Rəşadın xorultusunun sədaları altında ona yaxınlaşmağa məcbur qalır. Oyatmaq üçün adını çəkərək dümsükləməyə başlayır. Bir-iki dümsükdən sonra Rəşad gözlərini açır və olanlar olur. Bacısını əli ilə arxaya itələyən Rəşad var gücü ilə qışqırmağa başlayır və yerindən durub divarın küncünə qısılır. Bəlkə də heç vaxt eşitmədiyi qışqırıq səsinə Rəhilə xala da yerindən dik atılır. Tez otağa gəlir, amma nə o, nə də Rəşidə bu qışqırığın səbəbini anlaya bilmir.

- Rəşad nolub bala, Niyə qışqırırsan? Ay qızım noldu buna?

- Ay mama, vallah bilmirəm nə oldu. Yatıb qalmışdı divanda. Gəldim oyatmağa birən tullandı başladı qışqırmağa. Bəlkə qorxub?

- Aaaa, yazıq uşaq qorxub da...

Rəhilə xala vəziyyəti başa düşdü. Rəşidəni təcili su dalınca göndərib Rəşada yaxınlaşdı.

- Oğlum, qorxma mənəm. Noldu, pis yuxu gördün?

Amma Rəşad heç nə demirdi. Hamıya aydın olduğu kimi, çox pis qorxmuşdu. Amma bunun yuxu ilə əlaqəsi yox idi. Sən demə, Rəşadın baxdığı o qorxulu filmdə ağ paltar geymiş bir “kabus qız” obrazı var imiş və həm özünün, hə də valideynlərinin intiqamını alırmış. Bacısı Rəşidə də ağ rəngli uzun gecə paltarında, saçları üzünə tökülmüş halda (filmdəki qız kimi) yaxınlaşıb onu dümsükləyən zaman Rəşad elə bilib ki, bu, həmin o qızdı. Ondan intiqam almağa gəlib.

Bu hadisədən bir neçə gün sonra da Rəşad hələ özünə gəlməmişdi. Heç kimlə danışmırdı. Bacısı isə bir müddət xalası gildə qaldı. Evə qayıdandan sonra da saçları həmişə yığılmış vəziyyətdə olurdu. Hətta yazıq qız qorxudan gecələri də elə yatırdı.

Rəşadı bir neçə gün dalbadal həkimə apardılar, dava dərman yazdılar. Dörd gün sonra çıldağa apardılar. Yalnız iki həftədən sonra, onu yenidən normal həyatına qaytarmaq mümkün oldu. “Qorxulu kino ənənəsinə” isə qadağa qoyuldu. Heç özü də baxmaq istəmirdi.

Hadisənin üstündən təxmimən iki ay keçmişdi. Dərsdən evə gəldim. Anam evdə yox idi. Bu dəhşətli xəbəri balaca bacım mənə dedi. Rəşad ölmüşdü. İnana bilmirdim. Bayıra çıxıb onlara tərəf qaçdım. Qapılarının yanına tabut qoyulmuşdu. Pəncərədən isə aramsız ağlaşma səsləri gəlirdi.

Rəşad sarılıqdan ölmüşdü. Sonradan anam danışdı. Həmin o hadisədə bərk qorxması Rəşadın sarılıq xəstəliyinə tutulmasına səbəb olmuşdu. Mədəsi nə qədər vaxtdır ağrıyırmış, amma fikir vermirmiş, evdə də heç kimə heç nə deməyibmiş. Bütün günü ayaq üstə, futbol... Anamın dediyinə görə qaraciyəri 12 santimetr böyüyübmüş. Sonuncu gün evdə yıxıldıqdan sonra xəstəxanaya aparıblar. Amma həkimlər həyatını xilas edə bilmədilər.

Mənim başıma gələn “sarılıq hadisəsi” də bundan təxminən bir ay sonra oldu. Açığı, yaman qorxmuşdum.

# 6553 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #