Baş kəsən kişilərin qurbanları

Baş kəsən kişilərin qurbanları
18 noyabr 2014
# 12:10

Yazı sənəti yeganə məşğuliyyətdir ki, hədd-hüdud tanımır, imperativliyi qəbul etmir. Hamımıza məlumdur ki, “köhnə qvardiya”nın toxunulmaz hesab etdiyi təzahürlər uzun illər ədəbiyyatımızın inkişafına ən böyük əngəl olub. Dünyada hər yazıçının öz yazı medotu, öz “resept”i var. Yazıçı öz istedadının əsarətində yaşayan bir insandır və ona nəyi necə yazmağı izah etmək bir növ, ağaca necə yarpaqlamağı izah etmək kimi bir şeydir. Bunları yazmaqla əslində mən yeni nəsə icad etmirəm. Yazıçılıqla məşğul olan hər kəs bu adi həqiqətlərdən agahdır. O cümlədən, öz yazısıyla növbəti polemikaya start vermiş ustad yazıçımız Səfər Alışarlı da.

Səfər müəllim kiçik və həm də mahiyyətcə böyük mətləbləri özündə ehtiva edən “Yazıçı nəyi necə yazmalıdır?” yazısında yazıçını konkret bir cümləyə görə qınaq obyektinə çevirir. Bu cümlə nədən ibarətdir? “Arvadım o qələti eləsəydi, mən onun başını kəsərdim”. Polemikaya səbəb olan bu cümlədir.

Yazıçı öz personajını xarakterizə etməli deyil, o, sadəcə, nəql edəndir. Konkret situasiyanı təsvir edərkən personajın hansısa bir sözü onu xarakterizə etmək üçün kifayət edir. Obrazın diliylə söylənən hər hansı bir fikri heç vəchlə evfemizmə tabe etmək olmaz. Personajın dili redaktə olunmur. Bu bir cümlə əslində situasiyanın mürəkkəbliyini kifayət qədər ifadə edir. Oxucunu əslində macəralar, süjetlər yox, obrazın özü maraqlandırır. Şəxsən mən belə düşünürəm. Sovet dövrünün sadəlövh və könüllü olaraq aldanmaq istəyən oxucuları artıq çoxdan ömürlərini bizə bağışlayıblar. Yeni nəsil yetişib, onlar qurama dildə yazılmış əsərləri oxumurlar, ütülü-sığallı dialoqlara rast gələn kimi kitabı divanın bir küncünə tolazlayırlar. Təcrübəli oxucu isə mürəkkəb, estetik, bəzək-düzəkli cümlələrdən artıq bezib.

Personajın hər hansı bir hərəkəti və dediyi söz mahiyyətin nəticəsidir. Əsla və əsla Səfər müəllimə nəyisə izah etmək niyyətim yoxdur. Sadəcə, onun yazıda səsləndirdiyi (“Bu faciələri görən, onlara acıyan və onların azalmasını istəyən yazıçı, zənnimcə, o ifadəni elə yazmaz. Bəlkə də elə sözlər seçərdi ki, onların ifadə etdiyi fikir o qadın üçün ölümdən qat-qat acı və ağır olardı, amma baş kəsməyi yazmazdı. Yazıbsa, deməli, o, yazıçı yox, mirzə və ya qəzet reportyorudur. Yəni o, öz qəhrəmanlarından heç nəyi ilə fərqlənmir”.) fikirlərlə qətiyyən razılaşmıram. Əgər personaj bu ifadəni işlədirsə, demək situasiyanın mürəkkəbliyini anlamaq lazım gəlir, yazıçı bu bir cümlə ilə məhz Səfər müəllimin dediyi kimi, tipiklik amilinə əməl edir.

Nəsrdə zərurətdən doğan idiomatik ifadələrdən yan keçmək mümkün deyil. Baş kəsib qan tökən kişilərin qurbanı olan qadınların sayı-hesabı bilinmir. Çox təhlükəli tendensiyadır. Kor zehniyyətin doğurduğu bu insan faciələrini təsvir edərkən yazıçı hansı ifadə formalarından istifadə etməlidir? Azğınlaşmış, gözünü qan tutmuş kişi necə danışmalıdır, mən təsəvvür edə bilmirəm. Mən o qafanın yiyəsi olan adamları çox görmüşəm, arvadını motal kimi çırpan kişiləri də görmüşəm, döyüldüyü ilə müticəsinə öyünən bədbəxt qadınları da görmüşəm. Onların vulqar danışıq tərzi məndə həmişə ikrah hissi oyadıb. Yəqin ki, nə vaxtsa onların həyat tərzini əks etdirən əsər yazası olsam, onların danışıq tərzinə əsla müdaxilə etməyəcəyəm.

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #