“Yeməyi qadın bişirirsə, kişi qabları yumalıdır”

 “Yeməyi qadın bişirirsə, kişi qabları yumalıdır”
12 noyabr 2014
# 13:45

Müsahibimiz Argentinada yaşayan həmyerlimiz, iqtisadçı Kənan Həsənovdur.

- Kənan, əvvəlcə sizi tanıyaq.

- Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm, hazırda Argentinada bir şirkətdə iqtisadçı işləyirəm. Şirkətin əsas fəaliyyəti çaxır və meyvə ixrac etməkdir.

- Argentinaya necə gedib çıxdınız?

- Argentinaya tanıdığım xanım üçün gəldim. Birlikdə yaşayırıq. Burda işçi vizası almışam. Düzdür, Argentina miqrasiyası işi çox uzatdı, cavab doqquz aydan sonra gəldi.

- Argentinaya gələndə hansı çətinlikləri yaşadınız?

- İlk problemim vaxt fərqi oldu. Gələndə 8 saat fərq vardı. Hazırda Azərbaycanda saatlar çəkildiyi üçün 7 saat fərq var. Vaxtından əvvəl yuxulayırdım. İspan dili ilə bağlı problemim var idi. İngilis dili əhali arasında o qədər də populyar deyil. Bir də mən paytaxtda yox, Argentinanın qərbində, San Juan şəhərində yaşayıram. Bu şəhərdə küçələr riyaziyyat dəftəri xanalarına oxşayır. Yollar hər 100-150 metrdən bir kəsişir və əksəriyyəti təktərəfli yollardır. Ona görə küçələr çox bənzərdi. Hələ də şəhəri tam tanımıram. Burda küçələri adları ilə - filan küçə ilə filan küçənin kəsişməsi ilə izah edirlər. Yəni hər hansı bank, şirkətin yaxınlığı demirlər. Bunun üçün də bütün küçələri əzbər bilmək lazımdır.

- Qadınlar, məsələn, Avropada olduğu kimi müstəqildirlərmi? Qadın zorakılığı varmı?

- Burada qadınların Azərbaycana nisbətən daha çox azadlığı var. Qadına heç kim tərəfindən təzyiq göstərilmir. O, istədiyini geyinə bilər, qadın və kişi arasında ayrı-seçkilik ola bilməz. Bundan əlavə qadınlar dəbdəbədən, qır-qızıldan uzaqdılar. Belə tələbatları yoxdur. Kişilərin kiməsə baxması, qadının geyiminin onun əxlaq "pasportu" olması kimi məsələ yoxdur. Ümumiyyətlə Latın Amerikasında əksər ölkələrində qadınların azadlığı çox yüksəkdir. Hüquqi baxımdan kişi qadın bərabər olsalar da qadın daha çox müdafiə olunur. Yəni dövlət ona daha çox dəstək verir. Cavan qızlar 70-80-ci illərin maşınını sürür. Maddi mənada yarışa girmirlər. Geyim kompleksləri yoxdur. Avtobus sürücüsü, taksi sürücüsü olan qadın kifayət qədərdi. Maçizm (ispan sözüdür, əsl kişi anlamına gəlir, eyni zamanda patriarxal, aqressiv kişi tipini ifadə edir-S.S.) daha çox şəhər kənarında yaşayan kişilərə xas xüsusiyyətdir. Amma hazırda Argentinada bu davranış artıq demək olar itib. Amma bəzi şəhərlərdə bu xüsusiyyət az da olsa qalır. Bir də 13-15 yaşlı qızların oğurluğu olur hərdən. İnsan alveri üçün. Çox vaxt modellik, reklam adı ilə aldadırlar. Bu, əsasən paytaxtda olur.

- Yeri gəlmişkən, məsələn, Meksika təhlükəli ölkələrdən hesab olunur. Bu mənada Argentinada vəziyyət necədir?

- Bu baxımdan ən yaxşı ölkələr Çili və Uruqvaydır. Argentina Meksika kimi olmasa da bəzi təhlükələr var. Xüsusilə Buenos-Ayresdə... Kasıbların yaşadığı məhəllələrdə gecə oğurluq çox olur. İnsanların dediyinə görə isə hər an oğurluq baş verə bilər, diqqətli olmaq lazımdır. Amma hələ ki, öz başıma gəlməyib. Bir də mən paytaxtda yaşamadığımdan çox da təhlükəli deyil. Burada Braziliya, Meksika kimi kimsə küçədə bir-birini öldürmür. Argentina 40 il əvvəl Meksika kimi idi. Meksikadakı kimi dövlət əmri ilə kiminsə oğurlanıb öldürülməsi halları olmur. Əsas təhlükə oğurluq ola bilər.

- Latin Amerikasını orta statistik azərbaycanlı daha çox seriallardan tanıyır. Həyat seriallardaki kimidir?

- Seriallarda əsasən ferma və təsərrüfat həyatı, sevgi macəraları göstərilir. Düzdür, yenə də burada meyvə-tərəvəz yetişdirilməsi, maldarlıq üstünlük təşkil edir. Amma daha müasir həyata keçiblər. İzlədiyimiz seriallar əsasən şəhərətrafı həyatı göstərirdi. Son illər çəkilən seriallar isə 1990-cı illərdəki seriallardan fərqlənir, çünki burda artıq həyatın özü belə dəyişib.

- Ölkədə həyat səviyyəsi, insanların sosial durumu necədir?

- Dediklərinə görə 5 il əvvəlki gəlirləri daha yaxşı idi. İndi inflyasiya həyat şəraitini bir qədər aşağı salıb. Amma işi olan şəxs ailəni dolandırmaq üçün çətinlik çəkmir. Ərzaq məhsullarının, meyvə-tərəvəzin qiyməti ucuzdur. Pensiyalar yüksəkdir. Yaşlı adamın özünü dolandırmasında heç bir çətinliyi yoxdu. Dövlət işi olmayan hər şəxsə aylıq pul verir, əgər müraciət etsən. Məsələn, evdar qadın sosial yardım alır. Uşağı varsa, daha çox yardım göstərilir. İşsiz olduğu üçün bir qadın 3 növ sosial yardım alır. Bu da əhali arasında tənbəllik yaradır. İşsizlərin sayını artırır. Fiziki problemi olan və çoxuşaqlı ailələrə ev verilir. Amma bunun üçün həm çox gözləyirlər, həm də ev sahəsində korrupsiya var.

- İsabel Peron dünyada ilk qadın prezident olub. Uzun illik fasilədən sonra Argentinada hakimiyyət başına yenə qadın keçdi. Argentinalılar Kristina Kirşnerin idarəçiliyindən razıdılarmı?

- Birincisi Peron ailəsi haqqında deyim ki, İsabel Peron Juan Peronun 3-cü arvadı olub. Ən məşhur olanı Eva Perondur. O prezident olmasa da prezidentdən daha məşhur idi və daha çox sevilirdi. Ən böyük uğuru işçilərə daha çox hüquq verilməsi və 8 saatlıq iş rejimini tanıtması, şirkətlərin işçilərə daha yaxşı şərait yaratması, daha yüksək maaş verilməsi, aşağı işçi təbəqənin səsvermə, işçilərin tətil etmək hüququnu tanıtması idi. O, öldükdən sonra Juan Peron İsabellə evlənib. Juan Peron vəfat edəndə sırf "Peron" soyadına, insanlar bu soyada etibar etdiyinə görə İsabeli prezident edib. Yəni Argentina üçün İsabel Peron o qədər də məşhur deyil. Kristina Kişner də eyni partiyanın nümayəndəsidi. Yəni siyasi yolları eynidir. Sadəcə Kristina yerli iqtisadiyyatı daha çox inkişaf etdirib. Bu gün mağazalarda demək olar ki, hər bir məhsul Argentina istehsalıdır. Amma hazırda onun hörməti getdikcə azalır. Təxminən əhalinin yarısı onun siyasətini bəyənir.

- Ailə institutu mühafizəkardırmı?

- Ailə qurmaq üçün rəsmi nikaha ehtiyac duymurlar. Yəni nikah kağızı evlilik üçün önəmli deyil. Bir yerdə yaşamaq evlilik hesab olunur. Bundan əlavə əsasən 30-35 yaşdan sonra ailə haqqında düşünürlər. Mühafizəkar deyillər. Ailədə ev işi bölüşdürülür. Yeməyi kim bişirirsə, qabları digəri yumalıdır. Yəni bu kimi işlər öncədən razılaşdırılır. Ailə hörmət üzərində qurulur, qadının ərə tabe olması ilə yox. Ailədə ər arvad arasında fərq yoxdur.

- Argentinanın, buradakı insanların sevdiyin və bəyənmədiyin cəhətləri varmı?

- Əsasən isti ölkədir, qışı mülayimdir. Çox gözəl təbiəti var. Demək olar ki, hər yaşayış yerinin yaxınlığında geniş park salınıb. Əsasən həyət evləridir. Görünüşləri səliqəli olur, hər bazar yarmarka olur parkda. Rok qrupları oxuyur, alış-veriş üçün yerlər olur. Orda hər şey tapmaq mümkündür. Amma bu şəhərdə bahalı yollar, böyük layihələr yoxdu, bahalı maşınlar azdı. Tıxac olmur. Burda deputatlar paytaxtda oturmur. Hər biri təmsil olunduğu şəhərdə oturur, onun qəbuluna düşmək üçün zəngə ehtiyac yoxdur. İstədiyin vaxt gedə bilərsən, təkliflərini deyə, cv verib iş tapmasını istəyə bilərsən. İnsanlar etiraz, mitinq etməsi üçün kimdənsə icazə almır. İstədikləri vaxt toplaşa bilər. Hətta polis onların rahat hərəkət etmələri üçün yolları belə bağlayır. Növbə mədəniyyəti var. Adi mağazada belə 5-6 nəfər qapıda ardıcıl düzülürlər.

Heç kim heç kimin şəxsi həyatına müdaxilə etmir, maraqlanmır. Sosial birlik güclüdü. İstifadə etmədikləri əşyaları, geyimləri kasıb insanlara verən təşkilatlara göndərirlər. Argentinalılar ünsiyyətcildirlər. Bir-birlərinə kömək etməyə hər an hazırdırlar. İnsanları çox sadədi. Vəzifə, pul kimliyi müəyyənləşdirmir. Belə müsbət cəhətlər çoxdu. Bəyənmədiyim, küçələrə əllərindəki zibili atmaları, evdə ayaqqabı ilə gəzməzləri, həddən çox növbə olmasıdır. Burda hər sənədə çek almaq üçün banka getmək lazımdır və növbə çox olur. Bundan əlavə dəm çayı yoxdur, paket çay işlədirlər, xama yoxdur. Kofeyə üstünlük verilir. Bir də mate adlı yerli içki var. O müxtəlif otlardan hazırlanan çaya bənzər içkidir. Bundan əlavə maşınlar piyada keçidlərində yol vermirlər, amma burda tıxac olmur.

- Argentina intellektuallar üçün Borxes, Kortasar deməkdir. Kitaba maraq kütləvidirmi? Mədəni həyat necədir?

- Teatra, kinoya çox gedirlər. Buenos-Ayresdə dünyanın ən böyük kitabxanalarından biri yerləşir. Bundan əlavə hər şəhərdə kitab tapmaq kimi çətinlik yoxdu. Amma buna baxmayaraq, çox kitab oxumurlar. Yəni insanların dedikləri kimi Avropada metro, avtobusda kitab çox oxunur kimi fikirlər bura yaddır. Müəyyən qrup insanlar kitab oxuyur. Daha çox küçədə, hər hansı tarixi gündə kiçik teatrlara, anımlara tez-tez rast gəlinir. Və ya hər hansı qrupların kiçik aksiyaları olur. Belə aksiyalarla maarifləndirmə üstünlük təşkil edir.

- Argentina mətbəxi haqda nə deyə bilərsiz?

- İnək əti yeməklərin əsasını təşkil edir. Qoyun əti tapmaq çox çətindir. Balıq və dəniz məhsullarına da üstünlük verilir. Bizim kababa oxşar barbaceu bişirirlər. Burda ət çox ucuzdu. Bizim pulla 3-5 manat arası dəyişir. Pizza və spagetti də çox yeyilən yeməklərdəndir. İçkilərdən çaxır çox məşhurdur. Yaşadığım şəhər çaxır üzrə ixtisaslaşıb. Çaxır istehsalının 40 faizi burda istehsal olunur.

- Argentinadan söhbət gedirsə, futboldan danışmamaq mümkün deyil.

- Hər şeydən öncə river-boca bölgüsü (derbi) var. Hətta futbola baxmayan adamlar mütləq birini seçir. Argentinada çox ailə aşağı yaşdan uşaqları futbola göndərir. Azarkeşlər 2-ci və ya 3-cü divizionun oyunlarına belə böyük həvəslə gedirlər. Və stadionun qazonu əla vəziyyətdə olur. Bir də burda reqbi insanlar arasında sevilən idmandır. Qızların otüstü xokkeyə maraq çoxdur.

- Ümumiyyətlə, Argentinadan gözləntiləriniz nədir?

- İqtisadi baxımdan Argentinadan gözlədiyim inflyasiyanın aşağı düşməsidir. Argentinanın Amerika ilə pis münasibəti bir qədər iqtisadi problem yaratdı, bundan əvvəlki hakimiyyətin xarici borcları yığıldı, bunlar iqtisadiyyata təsir etdi. Öz gələcəyimlə bağlı isə daimi yaşayış üçün müraciət etmişəm. Ondan sonra vətəndaşlıq almaq fikrim var.

- Həyat yoldasınız argentinalıdır. Hansısa mental problem yaşayırsız?

- Bura gəlməmişdən öncə yeganə ünsiyyətimiz internetlə idi. Və miqrasiyanın işi uzatması əsəb gərginliyinə səbəb olurdu. Qabaqcadan öhdəliklərimizə qərar vermişdik, iki tamam əks cəmiyyətin nümayəndəsi kimi bir-birimizi başa düşürük və ortaq yol tapmışıq. Məsələn, evdə ayaqqabı ilə gəzməyi xoşlamadığım üçün ayaqqabı qapı önündə çıxarılır. Bəzi məqamlarda bir-birimizə güzəştə gedib adət etdiyimiz xüsusiyyətimizi dəyişirik.

- Azərbaycana daimi yaşayış üçün qayıtmaq istəmirsiz ?

- Xeyr. Bu barədə düşünmürük. Dediyim kimi burda vətəndaşlıq almağı planlaşdırıram. Azərbaycana ailəmi görmək üçün səfər edə bilərik.

# 3266 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #