Hüseyn Cavidə sevgi etirafı

Hüseyn Cavidə sevgi etirafı
23 oktyabr 2014
# 13:19

Kulis.az Aytən Yusifovanın Hüseyn Cavidə həsr etdiyi “Etiraf” məqaləsini təqdim edir.

Hər gün yanından ötüb keçdiyimiz yerlərdən, sadəcə keçməli olduğumuz üçün keçirik. Evə və ya işə tələsirik. Ətrafımızdakılara etinasız, ətrafımızdakılardan xəbərsiz. Bir çoxları üçün ora da belə bir yerdi...

Sakit və məğrur duruşu ilə, istər-istəməz ətrafına romantik bir hava yayır. Yəqin ki, qoynunda yer verərək, ana nəvazişi ilə qoruyub saxladığı şairindən olmalı... Bəli, elə bir məkan, Şərqin qapısı Naxçıvandadı. Hüseyn Cavid məqbərəsi...

Öz görüntüsü ilə ətrafına şəfəq saçır, sözün həqiqi və məcazi mənasında... Və yanından etinasız keçdiklərimizdən fərqli olaraq, burdan keçəndə istər-istəməz ayaq saxlamalı oluram. Yox, sadəcə görünüşü deyil məni saxlayan, qeyri-ixtiyari bir qüvvə elə bil mənə dur deyir. Dayanıram. Şairin məşhur misralarını pıçıldayaraq.

Hər gülün cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var.

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim tanrım gözəllikdir, sevgidir!

Sevgi və gözəllik aşiqi şair... Sənə deyəcəyim, səndən yazacağım o qədər söz var ki. Amma ürəyimdən süzülüb dilimə gəlmir ki, gəlmir. Bəlkə, elə qəlb şairi olduğun üçündür... Duyursan məni, hiss edirəm... Sənə demək istədiklərimi, sənə olan hislərimi...

Deyirlər ki, ən gözəl söz hələ deyilməmiş olandı...

İçimdən sadəcə bir hiss keçir, kaş ki şair olaydım... Sənə olan duyğularımı bir kağıza tökəydim... Hər sözü sehrli, hər sözü möcüzəli şairim...

Ya da bir rəssam olub sənə olan sevgimin rəsmin çəkərdim. Ruhum fırça, qanım rəng olaydı. Mənim ilhamım - şairim...

Yox- yox, kaş ki bir bəstəkar olub hislərimi nota köçürəydim. Notlardan boylanardı sənin xatirələrin...

Nə edim ki, acizəm qarşında! Amma sənin dünyanda yaşayıram, səndən xəbərsiz. Burda hər şey ecazkardır, burda hər şey fərqlidir. Burda hər şeyə sənin nəfəsin dəyib, sənin doğmalığın çöküb. Şeyx Sənan, Xumar, Afət, Arif, Vaqif və neçə-neçə qəhrəmanla rastlaşıram burda. Onlarla səndən danışırıq, onlar səndən xəbər verir mənə.

Ah! Necə də xoşbəxtəm mən bu dünyada. Burda azadlıqdır, burda ataya-anaya hörmət, insanlara sevgi, peyğəmbərə sayğı var. Sənin vicdanın sənə hökm edir sadəcə. O vicdan ki, səni doğru yola çıxarandır.

Hər yer günəş işığına qərq olub... Ürəkdəki qaranlıqlar belə aydınlanıb bu şüalardan. Eşq, məhəbbət dünyası sərməst edir səni burda. Uzaqdan isə yavaşca bir səs duyursan:

Bənə anlatma ki eşq, aləmi-sevda nə imiş?

Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!

Duydum artıq sənin eşqindəki məna nə imiş.

Mənə ünvanlanmadığını bilirəm bu misraları. Mən buranın sakiniyəm artıq. Məni bu dünyaya o əsərləri gətirdi. Oxuduqca kəşfə çıxmağa başladım. Tapdıqlarım isə kəşf olunmağı gözləyən xəzinələrdir. Dəfələrlə kəşf olunub, xərcləndikcə bitməyən, hər kəsin özünə uyğun daş-qaş tapdığı xəzinələr. Mən də varlanıram bu dünyada, könlüm, ruhum, hisslərim varlanır.

Sən demə bir addım yaxındaymış mən axtardığım sevgim, sadəcə bir beyt, bir misra qədər yaxın. Həm əl uzatdıqda yetişəcəyim, həm də sərhədləri aşacaq qədər uzaq. Bu məsafəni qısaltmaq, bu dünyaya varmaq məndən asılı imiş.

Təsadüfən bu yaxınlarda qəzetlərin birində "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinin elan olunduğunu gördüm. İçimdən yenə də təkrar bir hiss keçir. Kaş ki səni ifadə etməyə qadir olaydım. Durub düşündüm. Kimlər səndən yazmayıb ki?! Haqqında məqalələr, monoqrafiyalar, kitablar yazılıb, neçə-neçə veriliş sənə həsr olunub. Hələ, nə qədər açılmayan sirlər, deyiləsi nə qədər sözlər var. Amma mən buna qadir deyiləm, mənim bənzərsiz şairim! Bir həmkarının dediyi kimi:

Sənə deyiləsi deyil

Sənə deyiləsi sözüm.

***

Şairin məqbərəsinin yaxınlığında ev muzeyi də fəaliyyət göstərir. Onu daha yaxından tanımaq üçün dəfələrlə bu evdə olmuşam. Amma hər dəfə də gedəndə axırıncı olmadığını bilirəm, çünki məni bura çəkən bir hiss var: Sevgi! Hələ həyətə qədəm qoyar-qoymaz səni içəridə nələrin gözlədiyini bilirsən.

Budur, Hüseyn Cavidin molla olmaq istəmədiyi üçün qaçıb üstünə çıxdığı ağac. Elə bil ağac da onu qoruduğu üçün fəxr edərək daha da ucalır. Bu gözəl təəssüratlarla içəri daxil olub, bir anda şair dünyasının sakini olursan. Niyyətim burdakı otaqlardan, eksponatlardan danışmaq deyil.

Bu haqda asanlıqla öyrənmək mümkündür. Lakin, bildiyim bir şey var, nə qədər danışılsa da burda olmaq duyğusuna çata bilməz. Cavidə aid əşyalar, ailəsini və özünü əks etdirən fotoşəkillər, kitabları və onlar haqqında fikirlər və s. Hər muzeydə olduğu kimi... Amma elə şeylər var ki, onlar gözə görsənmir. Şair dünyasının sakini olmayan kəs heç vaxt bu gözəlliyi duya bilməz.

Otaqları gəzdikcə, burda Hüseyn Cavidin yaşadığını, əşyalara toxunduğunu, divarlara nəfəsinin dəydiyini duyduqca gözlə gördüklərindən daha çox görmək mümkün olduğunun şahidi olursan. Bir daha o duyğulu, incə qəlbli, qüdrətli sənətkara aşiq olursan. Buranı tərk edəndə isə, artıq sevginin daha da böyüdüyünə əminsən.

Bən fəqət hüsni-xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.

Ey göylərin, fəzaların şairi, mənim səma şairim. Bəlkə də səni belə romantik edib məni bu duyğuya salan elə payız fəslində dünyaya göz açmağındı. Sənə ilk və son dəfə etiraf edirəm – səni sevirəm! Mənim nakam sevgilim!

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #