Ceyhun Hacıbəylinin hekayəsi

Ceyhun Hacıbəylinin hekayəsi
21 oktyabr 2014
# 15:37

İş gününün axırı idi.

Abid Tahirli dedi:

- İstəyirəm səni bir yerə aparım.

Dedim:

- Yorulmuşam, halım yoxdu.

Təkid elədi:

- Təsəvvür edə bilməzsən ki, səni orada necə bir sürpriz gözləyir.

Güldüm:

- Şirnikləndirmək istəyirsən?

- Dedi:

- Yox... amma getməsən, çox, çox peşman olarsan. – O bunu elə ciddi birtərzdə dedi ki, istər-istəməz, “təslim” oldum: - Yaxşı, gedək,- dedim.

Təxminən iyirmi dəqiqədən sonra biz Bakı ətrafındakı bir istirahət mərkəzinə çatanda gördüm ki, yaxın dostumuz, “Sualtı dünya” kitabının müəllifi, elmi və mədəni səviyyəsindən, eləcə də məclislərindən xüsusi zövq aldığımız Ağalar İbrahimov qonaqlıq (artıq ənənə şəklini almış!) verir. Bu ənənəvi qonaqlıqda iştirak edənlər də elə həmişəki - ənənəvi qonaqlar idi. Masa arxasında əyləşənlərin, demək olar ki, hamısını tanıyırdım. Sualedici nəzərlərlə Abid Tahirlinin üzünə baxdım: budu sürpriz?

O, masa arxasında boş qalmış iki yeri göstərib dedi:

- Tələsmə!

Çox çəkmədi ki, o iki yerin də sahibləri gəldilər. Biri fransız dili mütəxəssisi Mirzəbala Əmrahov - biz öz aramızda ona “müsyö” deyirik - biri də tanımadığım bir adam. Onlar da yerlərində əyləşəndən sonra, Mirzəbala müəllim ayağa qalxdı və qonağı təqdim etdi:

- Ceyhun bəy Hacıbəylinin nəvəsi... Ceyli... musiqiçidir...

Nədənsə, çox mütəssir oldum, kövrəldim, gözlərim doldu və istər-istəməz Abid Tahirlinin Ceyhun bəy Hacıbəyli haqqındakı monoqrafiyasında oxuduqlarım kino lenti kimi gəlib gözlərimin önündən keçdi: “1891-ci il fevral ayının 3-də Şuşa səhərində anadan olub. Gənclik illərində Parisdə və Sankt-Peterburqda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra vətənə qayıdıb və “Azərbaycan” qəzetinin ilk redaktoru olub. Avropa dillərini mükəmməl bildiyinə görə, 1919-cu ilin yanvar ayında Parisdə keçiriləcək Versal Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müşavir təyin olunub və Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin imzası ilə general mandatı alıb. Bir il fasilələrlə davam edən həmin konfransda Antanta Azərbaycanın istiqlaliyyətini tanıyıb və bu, sovet Rusiyasının qəzəbinə səbəb olub.

Azərbaycan Xalq Cümhuriyyəti məğlub olduqdan sonra Ceyhun bəy Hacıbəyli vətənə qayıtmağın təhlükəli olduğunu nəzərə alıb, Fransada qalıb. Üzeyir bəy Hacıbəyli qardaşının Azərbaycana qayıtması üçün dəfələrlə əlaqədar təşkilatlara müraciət edib, amma təəssüf ki, istəyinə nail olmayıb.

Ceyhun bəy Hacıbəyli mühacirətdə olduğu dövrdə Azərbaycan ədiblərinin əsərlərini fransız və ingilis dillərinə çevirib. Onun tərcümə etdiyi məşhur “Arşın mal alan” komediyası ilk dəfə 1925-ci ildə Parisin “Femino” teatrında tamaşaya qoyulub.

Azərbaycan ədəbiyyatının, incəsənətinin, tarixinin yorulmaz tədqiqatçısı və təbliğatçısı Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vətən həsrəti ilə gözlərini əbədi yumub və Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb...”

Əhli –məclis Ceylini suala tutmuşdu:”Neçə yaşınız var? Evlisinizmi? Babanızın qardaşı Üzeyir bəy Hacıbəylinin ev müzeyində olmusunuzmu? Azərbaycan musiqiçilərindən kimləri tanıyırsınız? Hətta belə bayağı bir sual da verildi: Bakı gözəl şəhərdir, yoxsa Paris? O, da gülüb dedi: Bakı.”

Bu vaxt gördüm ki, sevimli şairimiz Bəxtiyar Vahabzadə ilə respublikamızın tanınmış vəkillərindən İkram Abdullayev bizdən bir qədər aralıdakı masada əyləşib çay içirlər. Ürəyimdən keçdi ki, onları süfrəyə dəvət edim. Yaxınlaşıb görüşdüm və dedim:

- Bəxtiyar müəllim, istəyirəm sizə bir sürpriz eləyim...

O, sualedici nəzərlərlə üzümə baxdı:

- Ay oğul(bu, Bəxtiyar müəllimin ən çox sevdiyi və işlətdiyi söz idi. -D.), Nazim Hikmətin belə bir misrası var: “Artıq sərxoş eləmir məni söz: nə özümünki, nə özgəninki...” İndi nə sürpriz? Mənə Qarabağı verəcəksən?

Mən tutuldum:

- Qarabağı yox, amma Qarabağdan nəsə...

- Gedək, amma incimə, beş-on dəqiqədən sonra qalxacağam... Bir az nasazam.

Mən Ceylini Bəxtiyar müəllimə təqdim edəndə, o, təəccüb və heyrət qarışıq nəzərlərlə üzümə baxdı və:

- Sürprizdi, özü də böyük sürprizdi!.

Süfrəmizə beş-on dəqiqəliyinə gələn Bəxtiyar müəllim dörd saatdan da çox oturdu və qalxanda dedi:

- Ceyli, sən tez-tez gəl-get, aranı kəsmə .

Ziyafətin axırhaaxırında mən Ceylinin sifətinin birdən-birə tutulduğunu hiss etdim və bizim “müsyö” dən soruşdum ki, buna nə oldu? Qısa sual-cavabdan sonra “müsyö” dedi ki, heç nə, hardasa “Şahnaz” çalırlar – aludə olub...

Yaxın dostumuz, qeyri-adi musiqi duyumu və gözəl səsi olan Əkrəm Qaflanoğlu ətrafı bir qədər dinləyəndən sonra dedi:

- Hə, “Şahnaz” çalırlar. Yəqin bu sağ tərəfdəki arakəsmədə televizor var, gedim deyim səsini artırsınlar.

... “Şahnaz” çağladıqca, Ceyli haldan-hala düşürdü və mən Ukrayna yazıçısı Moris Simaşkonun türk əsilli qədim Misir sultanı Beybarsa həsr elədiyi “Yemişan” povestini (povest böyük qazax şairi Olyas Süleymenova ithaf olunub -D.) xatırlayırdım. Beybars doğma dildə eşitdiyi bir sözün əfsunu ilə ana bətnindən də o üzə - əcdadlarının yaşadıqları yurda qayıdır, başqa sözlə desək, özünü dərk edir.

Ceyhun bəy Hacıbəylinin məşəqqətli həyatından Ceyli və bir də rus, fransız və ingilis dilində yazılmış böyük bir xəzinə qalıb. Mirzəbala Əmrahov altı-altda, üstü-üstdə qalmış o xəzinədən, çox təəssüf ki, cəmi-cümlətanı üç-dörd hekayə tərcümə eləyib...

Həmin hekayələrdən birini (“Nejdanovun işi” – D.) yüngülvarı ixtisar və redaktə ilə “Kulis” in oxucularına təqdim edirəm.

Dilsuz

Nejdanovun işi

Nejdanov, həmişəki kimi, qabaq partada əyləşən şagirdə astadan dedi:

- Kostya, qalx, ev tapşırıqlarını yığ.

Kostya partaların arasında dövrə vura-vura, özü kimi, əlləri işləməkdən və soyuqdan qıpqırmızı olmuş, dırnaqları gəmirilmiş kolxozçu balalarının irəli uzatdıqları dəftərləri yığmağa başladı.

Nejdanov on ildən də çox idi ki, bu mənzərəyə - ülgüclə dibindən qırxılmış yemişəbənzər başlara, əyri-üyrü, yöndəmsiz sifətlərə tamaşa eləyirdi, həmişə də, cismən və mənən yorulmuş, bitib-tükənmiş adamlara məxsus bir ah çəkirdi.

Kostyanın ev tapşırıqlarını yığması, adətən, üç-beş dəqiqə vaxt aparırdı və bu müddət ərzində Nejdanovun qəlbini qəribə hisslər bürüyürdü: o, həmişə axtarışda olan rus qəlbinin rəmzi və emblemi sayılan yol çantasını və əl ağacını götürər, təzə yerlər, təzə adamlar görmək məqsədilə xəyalən yola çıxardı. İndi də elə oldu...

Lakin sinif otağının arxa tərəfindən gələn bir səs onu bu nağılvari aləmdən ayırdı. Deyəsən, Ublyudkov yenə ev tapşırığını eləməmişdi...

- Nejdanov ona yaxınlaşıb:

- Ublyudkov, ev tapşırığın hanı?-deyə soruşdu.

Ublyudkov mızıldandı:

- Bilirsiz... mən ev tapşırığını... eləməmişəm.

Nejdanov əsəbiləşdi:

- Nəyə görə?

- Ona görə ki...

Ublyudkov susdu.

Nejdanov səsini qaldırdı:

- Axı, nəyə görə?

- Ona görə ki, ictimai işlə məşğul olurdum.

O nə ictimai işdi elə?

- Mən ziyanvericiləri – siçovulları öldürürdüm...

Uşaqlar gülüşdülər.

Nejdanov onlara təpindi:

- Sakit olun! – Sonra sakit səslə dedi:— Bura bax, Ublyudkov, bu artıq üçüncü dəfədi ki, sən cürbəcür bəhanələrlə ev tapşırığını yerinə yetirmirsən. Nə olar, cəza alarsan, ağlın başına gələr.

- Müəllim...

- Nə var?

- Mən bu tapşırıqdan heç nə başa düşmədim...

Nejdanov istehza ilə gülümsündü:

- Ah, belə de... cəzalanarsan, onda başa düşərsən...

Ublyudkov yetkin bir “mujik” hiyləgərliyi ilə dedi:

- Bu şübhəli tapşırığa oxşayır...

- Uşaqlar yenə gülüşdülər.

- Nejdanov əsəbi halda qışqırdı:

- Sakit olun!-Sonra, heç nə olmamış kimi, sakit səslə dedi: – Ublyudkov, bu dəfə sən lap ağ elədin, qaranlıq düşənə qədər burda qalacaqsan, burda!

- Yaxşı, qal deyirsiniz, qalaram, amma yenə deyirəm: bu şübhəli tapşırıqdı.

Axı, nəyə görə biz kolxozumuzu təsvir etməliyik? Düşmənlərimizə- kapitalistlərə, trotskiçilərə, qolçomaqlara məlumat vermək üçün?

Nejdanov Ublyudkovun sifətinə yağlı bir sillə ilişdirdi:

- İndi gic-gic danışmağın nə olduğunu başa düşərsən, düdük!

Ublyudkov sillənin ağrısından ah-nalə çəkdi, fəryad qopardı. Dəhlizdə o tərəf, bu tərəfə gedib-gələn nəzarətçi müəllim hay-küy, qışqırıq səsi eşidib, ayaq saxladı, bir müddət lal-dinməz dayanıb, qulaq asdı, nə baş verdiyini anlamağa çalışdı, sonra sinif otağının qapısını ehmalca açıb, içəri girdi:

- Burda nə olub?

Ublyudkov Nejdanovun ağzını açmasına imkan vermədi, cingiltili səsilə şantaj və hədə dolu ittihamları üyüdüb tökdü:

- Mən sovet məktəblisiyəm!... Vətənpərvərəm!... Düşmənlərimizə sirr vermək istəmirəm! Məgər yoldaş Stalin deməyib ki, bolşevik sayıqlığını bir an da itirmək olmaz?! Məni niyə belə döyürsünüz?!...

Nejdanov dedi:

- Bu uşaq xəstədi...

Məsələdən hali olan nəzarətçi müəllim dedi:

- Uşaqlar yerinizdə sakit oturursunuz – cınqırınız da çıxmır. Nejdanov, siz isə, müəllimlər otağına gedək.

Onlar dəhlizə çıxan kimi, nəzarətçi müəllim Nejdanovun üstünə düşdü:

- Hmm... tutaq ki, siz deyən kimi bu uşaq xəstədi, başdanxarabdı, lap psixdi, mənim buna heç şübhəm də yoxdu,- bəs, siz, siz niyə şagirdlərə bu cür mövzu verirsiniz, Aleksandr Vasilyeviç?

Nejdanov istehza ilə gülümsündü:

- Bəs, siz, Aleksey Petroviç, bu kolxozçu balalarına hansı mövzuları verməyimi istərdiniz? Amerika göydələnlərindən, Müqəddəs tarixdən, yaxud operadan, baletdən bəhs edənləri?

Nəzarətçi müəllim bərkdən qışqırdı:

- Dayan, bir dayan!- Sonra özünü birtəhər ələ alıb, mülayim səslə dedi:

- Əlbəttə, siz düz deyirsiniz... Amma bununla belə, etiraf edək ki, biz pis vəziyyətə düşmüşük... özü də heç nədən... durduğumuz yerdəcə... Şübhəsiz, bu barədə məktəbdə, hələ bəlkə başqa yerlərdə də söz-söhbət olacaq.

Nejdanov etiraz etdi:

- Aleksey Petroviç, lap gülməli söz danışırsınız...

Aleksey Petroviç dərhal razılaşdı:

- Hə, hə, doğrudan da, gülməlidir... Əlbəttə... Amma... Amma iş lap pis vaxtda baş verib... Bu tərəfdən də baytar Zveryev təzəcə tutulub, təxribatda ittiham olunur... Üstəgəl, taxıl tədarükü ilə məşğul olan idarədə də yoxlama hələ qurtarmayıb —deyilənə görə, orda da əyinti var... — Aleksey Petroviç bir-iki ağız öskürüb sakitləşəndən sonra açıq-aşkar nəzərə çarpan sıxıntı və narahatlıqla sözünə davam etdi: - And olsun, hesab edirəm ki, partiya təşkilat katibini bu işdən xəbərdar etmək lazımdır.

Nəzarətçi müəllimin inadkarlığı qarşısında mövqeyini yavaş-yavaş itirməyə başlayan Nejdanov birdən səsini qaldırdı:

Burda partiya təşkilat katiblik nə iş var ki? Lap Qoqolun “itib– batmış əyalət şəhərində xəyanətÜ məsələsinə oxşadı. Bişmiş toyuğun gülməyi gəlir...

Get-gedə rəngi qaralan nəzarətçi müəllim dedi:

- Aleksandr Vasilyeviç niyə başa düşmürsünüz ki, toyuğun gülməyi və yaxud ağlamağı bizim işimizi yoluna qoymur. Məsələ ciddidir. Unutmayın, vətənpərvər sovet adamları üçün vətəndaşlıq borcu dostluq və yoldaşlıq hisslərindən qat-qat üstündür...

Nejdanov acı-acı gülümsündü:

- Eybi yoxdur, qoy elə olsun. Amma, yeri gəlmişkən, mən bir qədim tatar zərb-məsəlini sizə xatırlatmaq istəyirəm: “Cəhənnəmə gedən özünə yoldaş axtarar”.

Nəzarətçi müəllim diksindi və təşvişlə soruşdu:

- Nə demək istəyirsiniz?

Nejdanov yenə acı-acı gülümsündü:

- Heç nə. Görünür, partiya təşkilat katibini də özümüzə yoldaş etməli olacağıq...

***

Nəzarətçi müəllim Aleksey Petroviç tərəfindən əvvəlcədən məlumatlandırılan partiya təşkilat katibi Rotozeyev Nejdanovu soyuq qarşıladı, onun sərbəstyana dediyi “Sən təsəvvür edirsən...” sözünü ağzında qoydu və çox ciddi şəkildə iradını bildirdi:

- Vətəndaş müəllim, biz burada “bruderşaft” (alman dilində “qardaşlıq” deməkdir, ruslar qollarını xüsusi qaydada çarpazlaşdırıb, tost deyir, əllərindəki içkini içir və bundan sonra bir-birinə “sən” deyə müraciət edirlər-C.H) içmirik, iyerarxiya qaydalarına riayət edin.

Bu sözdən sonra Nejdanovun məsələni izah etmək həvəsi büsbütün söndü; qəlbini qəzavü-qədərə inanan – fatalist rus təbiətinə xas mütilik və süstlük bürüdü, ürəyində öz-özünə: —“Eh, nə olar-olar”,— dedi.

O, partiya təşkilat katibinin suallarına könülsüz və soyuq cavab verdi...

Rotozeyev Nejdanovla aralarında olan məsafəni bir az da artıraraq, nəhayət, son qənaətini bəyan etdi:

- Vətəndaş, yaxşı, deyək ki, mən sizə inandım. Bəs, yuxarıdakılar? Axı, bütün bunları orda izah etməli olacaqsınız. İnciməyin, mən bu olanlar barədə onlara məlumat verməliyəm. Dostluq öz yerində, iş öz yerində...

Nejdanov ayağa qalxdı:

- Nə olar, yaşayarıq, görərik. Ancaq sizin bu zərb-məsəlinizə mən, bir zərb məsəllə cavab vermək istəyirəm. Yəqin eşitmisiniz: “Cəhənnəmə gedən özünə yoldaş axtarar”. Sağ olun.

***

Nejdanov NKVD-nin (Daxili İşlər Xalq Komissarlığı – C.H.) regional təcridxanasında bir müddət saxlanıldıqdan sonra RSFSR Ali Məhkəməsinin səyyar tribunalına göndərildi.

Məhkəmə prosesinin başlandığı gün “Qızıl şəfəq” vilayət qəzetinin baş məqaləsində aşağıdakılar yazılmışdı:

“Bu gün RSFSR Ali məhkəməsinin səyyar tribunalı pedaqoq adı altında gizlənən, sovet vətənini və böyük rus xalqını bizim təvazökarcasına “okeanın o tayındakı” etiketi ilə qeyd etdiyimiz bir Fövqəl Dövlətə satmaq istəyən bədxahlar bandasının işinə baxmaq üçün toplanmışdır. Əsas məhkum — keçmiş partiya təşkilat katibi Rotozeyev proletar məhkəməsinin önünə çıxmaqdan qorxaraq, özünə qəsd etmişdir. Onunla əlbir olan digər xainlərdən biri qaçmış, digəri isə yaxalanmışdır. Sadə əmək adamları və pedaqoji kollektivlərin nümayəndələri sovet ölkəsini daha çox pul verənəərə satan bu muzdluların — ölməkdə olan trotskiçi və znoyevçilərin iyrənc əməllərindən xəbər tutan kimi təsvirolunmaz dərəcədə hiddətlənmişlər.

Xalq düşmənləri sovet məktəbini xarici dövlətlərin xəfiyyə xidmətlərinin dayaq məntəqəsinə çevirmişlər. Bu qudurğan itlər o qədər uzağa getmişlər ki, hətta xəyanətdə onlarla əlbir olmaqdan imtina edən vətənpərvər gəncləri döymüş, söymüş və gözümçıxdıya salmışlar.

Lakin bu alçaq xarici agentlər qoy boş xülyalara qapılmasınlar. Hər gün bizim sovet elmini filantropik və humanitar kəşflərlə zənginləşdirən alim və mütəxəssislər onların adlarını ləkələyən psevdopedaqoq və psevdomütəxəssislərə ölüm cəzası tətbiq olunmasını xahiş etmək imkanını əldən verməyəcəklər. Artıq bir çox müəssisənin zəhmətkeşləri bu zərərli ilanların güllələnməsini tələb ediblər”.

***

Məhkəmə iclası ittiham aktının oxunması ilə başlandı və Nejdanova əbədiyyət qədər uzun göründü. O, məhkəmə katibinin səsini sanki yuxuda eşidirdi: “Daxili İşlər Nazirliyi “Oktyabr övladı” kolxozunda qiyam qaldırmaq istəyən casus və təxribatçı bir təşkilatı ifşa edərək sıradan çıxarılıb...”

Sonra tribunalın sədri Cinayət Məcəlləsinin terror aktı, dövlətin təhlükəsizliyinə qəsd, casusluq və təxribatla əlaqədar müvafiq maddələrini xatırladaraq soruşdu:

Müttəhim Nejdanov, ittiham olunduğunuz faktlar üzrə özünüzü təqsirkar hesab edirsinizmi?

Tribunalın sədrinin səsində əsil atalıq qayğısı duyulurdu. Odur ki, Nejdanov da əsil oğul kimi cavab verdi:

- Bəli, özümü təqsirkar hesab edirəm.

Prokuror istintaq prosesinə qoşuldu:

- Müttəhim Nejdanov, danışın görək, o xarici dövlətin agentlərinin sizə etibar etdiyi “missiyanı” necə yerinə yetirirdiniz?

İnsafən, bu səsin də ahəngi son dərəcə iltifatlı idi.

Nejdanov sanki dərsin əvvəlini danışıb, axırını unudan şagird kimi, ağzıaçıla qaldı, gözlərini döydü və əvvəlcədən şərtləşdikləritək suflyorun nə deyəcəyini gözlədi.

Suflyorun susduğunu hiss edən prokuror rəhmli müəllimlər kimi onun köməyinə gəldi:

- Sinif tapşırıqları yadınızdadırmı?

- Nejdanov rahat bir nəfəs aldı. Və qəfildən canlandı:

- Sinif tapşırıqları, bəli, əlbəttə, yadımdadı. Beləcə, biz şagirdlərə verdiyimiz- ilk baxışda tamamilə qərəzsiz görünən - ev tapşırıqları ilə xarici dövlətlərin milli müdafiə orqanlarını maraqlandıran bütün məlumatları toplayırdıq...

- Deməli, siz “sakit pozuculuq fəaliyyəti” üsulunu seçmişdiniz?

- Tamamilə doğrudur. Biz şübhə oyatmadan əhalinin, evlərin, mal-qaranın, dovşanların, quşların... haqqında məlumat toplayırdıq ki, düşmənlər bir də bizim vətənimizə hücum edəndə çətinlik çəkməsinlər, sovet quruluşunu devirib, yerində kapitalizm quruluşunu rahatca bərpa etsinlər.

- Bu hərəkətlərinizi necə qiymətləndirirsiniz?

- Eee... casusluq kimi...

Nəhayət, siz öz əməllərinizə çox düzgün qiymət verdiniz. Bəs, bu işləri yerinə yetirmək üçün direktivləri kimdən alırdınız?

- Trotskidən...

- ...çilərdən, trotskiçilərdən, - deyə prokuror onun fikrini düzəltdi.

Sonra növbəti sualı verdi: — İndisə deyin görüm, bu “şərəfli” işlə nə vaxtdan məşğul olursunuz?

- Pedaqoji institutu bitirəndən...

- Maraqlıdır... Nəyə görə bu peşəni seçmisiniz?

- Uşaqları çox sevirəm... onlara rəğbət hissim...

- Aha, onlara rəğbətiniz var... Nə qədər aylıq alırsınız?

- Yüz əlli rubl... Bu, zavodda işləyən fəhlənin də aylıq məvacibindən azdı.

Təsəvvür edirsiniz: dörd uşaq və yüz əlli rubl... Di gəl dolan...

- Pulu dövlətdən birbaşa alırdınız?

- Xeyr. Ya nəzarətçi müəllim Myaqkotelov, ya da kolxoz sədri vasitəsilə...

Bəzən pulumu aylarla ala bilmirdim. Bu barədə dəfələrlə nazirliyə müraciət etmişəm.

- Müttəhim Nejdanov, bəs, partiya sıralarına nə vaxt daxil olmusunuz?

- Yetkinlik yaşına çatan kimi.

- Nəyə görə partiya sıralarına daxil olmusunuz?

- Eee... Faydalı olmaq... məqsədi ilə.

- Aha... Deməli, məqsədlə... İndisə deyin görək, o xarici dövlətin kəşfiyyat xidmətinin agenti ilə nə vaxt və harada görüşmüsünüz?

- ?...

- Deyəsən, yaddaşınız sizə xəyanət edir...

Nejdanov istədi desin ki, niyə, suflyor... Elə bu vaxt prokuror ona yazılı bir vərəq göstərib, soruşdu:

- Bu kimin xəttidir?

- Mənim.

- Elə isə, indi sizə istintaq vaxtı yazdığınız izahatı oxuyacağam: “Mən filankəsov bəhmənkəs ərz edirəm ki, 1949-cu ilin mart ayında Moskva şəhərində xarici dövlətin agenti ilə görüşmüşəm...”. Yazdıqlarınızı inkar etmirsiniz ki?...

Prokurorun üz cizgiləri birdən-birə sərtləşdi. Nejdanov acınacaqlı vəziyyətə düşdü. Amma buna baxmayaraq, o, bütün gücünü və iradəsini toplayıb, mızıldandı:

- Xeyir, imkan etmirəm. Mən onunla, həqiqətən də, 1949-cu ilin mart ayında görüşmüşəm...

- Onunla, yəni kiminlə?

- Yapon-alman agenti ilə...

- ... okeanın o tayından gələn...

- Bəli, okeanın o tayından gələn.

- Harda görüşmüsünüz?

- Küçədə, o gəldi və məlumatları istədi.

- Siz də o məlumatları ona verdiniz...

- Bəli.

- Sonra?

- Sonra maraqlandığı yerləri göstərdim...

- ...və yeni tapşırıqlar aldınız...

- Bəli.

- Təxribatçılıq işlərinizdən də danışın...

- Təxribatçılıq... Təxribatçılıq... – Nejdanov döyükdü. Yenə suflyorun köməyinə ehtiyac duydu... Pərdə arxasından səs o qədər zəif gəlirdi ki, nə deyildiyi başa düşülmürdü...

Yaxşı ki, prokuror onu çox intizarda qoymadı:

- Təntiməyin... Yadınıza salın... Hansı sahələrdə?

Nejdanovun zehni açıldı:

- Hə, hə, əlbəttə, yadıma düşdü. Bütün sahələrdə, bizim təşkilat qarşısına məqsəd qoymuşdu ki, sosializm quruculuğu işini hər yerdə pozsun.

- Hər yerdə... Məsələn...

- Məsələn, məktəbdə, kənd təsərrüfatında — əkinçilik və heyvandarlıqda, toxuculuq sənayesində... Biz hər şeyə ziyan vururduq...

- Bu işdə şəxsən sizin rolunuz nədən ibarət idi?

- Bütün təxribatları mən planlaşdırırdım... və... və idarə edirdim...

- Bir az konkret...

- Belə də... baytar-zootexnik Zveryevlə əlbir olub, mal-qara arasında brüselyoz, qarayara, vəba, ev quşları arasında ishal və psittakoz kimi yoluxucu xəstəlikləri yayırdıq. Taxıl tədarükü ilə məşğul olan idarənin müdirinin köməyi ilə silosu korlayırdıq...

- Necə?

- Taxıla bit, gənə və kolorado böcəyi salırdıq...

- Məqsədiniz nə idi?

- Məqsədimiz?... kolxozçuları narazı salmaq... əmək məhsuldarlığını azaltmaq... Qızıl orduya at göndərilməsinə mane olmaq... Sovet hakimiyyətini devirmək ... kapitalizm quruluşunu bərpa etmək... Yenə nəsə lazımdı?

Tribunalın sədri hiddətləndi:

- Yaramaz! Hələ bir soruşur da!

Bu dəfə prokuror da nifrət və qəzəbini gizlətmədi:

- Nanəcib! Adını da pedaqoq qoyub!

Tribunal sədrinin bir az əvvəlki atalıq qayğısının, prokurorun isə, mülayim üz cizgilərinin, iltifatının yox olduğunu görən Nejdanovun dizləri əsdi, nitqi tutuldu...

***

Sonra lap qabaq cərgədə yana-yana əyləşən şahidlər dindirildilər. Onların ifadələrindən bərk qəzəblənən ziyalılar, sənaye və kənd təsərrüfatı işçiləri müttəhimə qarşı ən ağır cəzanın tətbiq olunmasını tələb etdilər. Nəhayət, prokuror ittiham nitqini söyləmək üçün ayağa qalxdı və nədənsə, birdən-birə, Marksdan, Lenindən, Stalindən güclü sitatlar gətirərək, paytaxtdan gəlmiş məşhur vəkilin parlaq müdafiə iddialarını heçə endirən, Buxarinin, Radekin əlaltılarını sürgünə göndərən həmkarını xatırladı. İndi o, bu ənənəni davam etdirməli, həm də həmkarından daha tutarlı, daha güclü arqumentlər gətirməli idi, əks təqdirdə, etibarını itirər və heç nədən xataya düşərdi. O, bütün bunları nəzərə alaraq, hakimin diqqətini imperialist dövlətlərin köməyi ilə trotskizim, sağ və sol uklonizm kimi pozucu hərəkatların ardıcıllığına çəkdi və dedi ki, bu cür rəngdən-rəngə düşən buqələmunlar, sovet xalqının xoşbəxt həyatını zəhərləmək üçün hələ çox cəhd göstərəcəklər. Buna görə də yoldaş Stalin müdrikcəsinə qeyd edir ki, sovet vətənpərvərləri bolşevik sayıqlığını itirməməli və biganəlik xəstəliyinə yoluxmamalıdılar...

Sonra o, əksinqilabçı bandanın xüsusiyyətlərini təhlil etdi və müttəhimin xarakterik cəhətlərinə toxundu:

- İndicə bu ikiüzlü sırtıq özü etiraf etdi ki, xarici dövlətlərə göstərdiyi xidmət müqabilində cəmi-cümlətanı yüz əlli rubl alırmış. Özünüz fikirləşin: bu İudanın satıldığı gümüş puldan da azdır! Bu həm də onu göstərir ki, bu bədbəxtə iş gördürənlərin səxavəti heç yox imiş!...

Sövet hakimi təxribat və cəsusluq fəaliyyətinə terroru da əlavə etmiş bu fırıldaqçının təqsirini heç cür yüngülləşdirə bilməz. O, cürət edib, fədakarlıq və qəhrəmanlıq nümunəsi olan rus balasına — gələcəyin Susanininə, Minininə, Pojarskisinə əl qaldırmışdır!

Salonda əyləşənlər prokurorun nitqini gurultulu alqışlarla qarşıladılar. Növbə müttəhimin vəkilinə - Robxixə çatdı. O, könülsüz-könülsüz ayağa qalxdı, hakimə və salonda əyləşənlərə sınayıcı bir nəzər saldı, ani tərəddüddən sonra danışmağa başladı:

- Yoldaş hakim siz prokurorun nitqini dinlədiniz. O, müttəhimin mənəvi cəhətdən tənəzzülə uğradığını, pozulduğunu məharətlə açıb göstərdi. Ölkəsinin vətənpərvəri, şanlı partiyasının üzvü olan vəkilin, yəni bəndənizin düşdüyü müstəsna ağır vəziyyəti gizlətməyəcəyəm. Burada iştirak edənləri çuğlamış dərin hiddət, qəzəb, və nifrət hissi eyni dərəcədə mənə də sirayət etmişdir. Bununla belə, sovet qanununa — Stalin konstitusiyası adını daşıyan nadir tarixi sənədə, yaradıcılıq şedevrinə əsasən, mən məcburam ki, bu yaramaz rəzilin müdafiəsini öz üzərimə götürüm. Mən faktları təkzib etmək niyyətindən çox uzağam. Yoldaş prokuror tamamilə haqlı olaraq dedi ki, bütün müddəalar üzrə-istər toplanmış material, istər müttəhim və onunla əlbir olanların istintaqı, istərsə də şahidlərin ifadələri artıqlaması ilə sübuta yetirilmişdir. Mənə qalan budur ki, şərəfli sovet gülləsinə belə layiq olmayan bu adama müəyyən rəhm diləməyə imkan verən xırda-para şeylər axtarım, əgər, onları tapmaq mümkündürsə... tutaq ki, cavanlığını və dörd uşaq atası olmasını nəzərə alıb, həyatını hifz etmək...

Son dərəcə ehtiyatla danışan vəkil lap axırda çəkinə - çəkinə təklif etdi ki, müttəhimi Sibirin və ya Solovkinin tikintisi davam edən düşərgələrindən birinə göndərsinlər və orada əməkhaqqı vermədən işlətsinlər...

Qısa fasilədən sonra tribunalın sədri hökmü oxudu:

- Müttəhim Nejdanov vətəninə və xalqına xəyanət etdiyinə görə güllələnsin...

Bunu eşidən Nejdanov qeyri-ixtiyari:

- Deməli, tribunal sədrinin atalıq qayğısı, prokurorun səsindəki iltifat, hiyləğər vəkilin canıyanımlılığı, hamısı, hamısı oyun imiş! — deyib, tappıltı ilə yerə yıxıldı...

***

Lyudmila Nikolayevna ərinin yuxuda qışqırdığını eşidib, onu yüngülcə silkələdi:

- Aleksandr Vasilyeviç, sənə nə olub?... Gözünü aç... Bir gör nə gündəsən... Tər yuyub aparır...Yəqin pis yuxu görmüsən, hə?

Nejdanov gözünü açdı və bir müddət lal-dinməz, heç nə danışmadan, döyükə-döyükə tavana baxdı. Sonra özünə gəlib :

Nu slava boqu (sükür Allaha-C.H),— deyib, xaç çevirdi. — Arvadının bərk heyrətləndiyini görüb, qorxdu və var gücü ilə qışqırdı:

- Stalinə eşq olsun!

Elə bu vaxt qapı açıldı, iri cüssəli iki milis içəri girdi. Onlardan biri şit səslə:

- Vətəndaş müəllim, bizimlə şöbəyə getməlisiniz,- dedi.

Ludmila Nikolayevna yerindəcə donub qaldı. O biri milis, Nejdanovun yataqdan çıxmadığını görüb, deyindi:

- Kişi, bir az cəld ol, işimiz çoxdu, hələ neçə evə getməliyik...

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #