O

O
21 oktyabr 2014
# 10:28

Əslində, qara deyildi gözləri.

Heç yaşıla da çalmırdı.

Sarının tonlarına bürünmüşdü sanki.

Bir az da bozdan almışdı.

Deyəsən, qonur idi, ya da heç o da deyildi.

Ancaq gözəl idi... çox gözəl.

Kirpikləri sıxışmışdı göz qapaqlarının uclarında.

Nə sürməsi vardı, nə də ənliyi.

Gözlərinin altında qaraltılar elə də görünmürdü.

Xəfif bir tündlük almacıqlara doğru axıb gedirdi.

Sol gözünün altında, almacıq sümüyünün tam üstündə 3 xal sıralanıb izləyirdi bir-birini.

Çili yox idi, heç bir dənə də yox idi.

Bənizi buğdayı, ya da bir az tünd və solğun görünürdü.

Üst dodağı adiydi, çox adi.

Alt dodağında nəsə sükut yatırdı.

Dolu idi, özü də büzməli.

Hər zaman qarşılaşmırsan bu dodaqlarla.

Arzusunda da olmuş olarsan nə vaxtsa.

Pis deyildi, bəlkə də lap əntiqəydi, bilmirəm.

Saçlarını bir hörüyə pərçimləməyə çalışsa da, qıvrım qara tellər sözünə baxmamışdı deyəsən.

Qalın idi hörüyü, bir az da beldən yuxarı, kürək nahiyəsində bitirdi.

Gözünə çatmayan qıvrımları gicgahlarını örtürdü.

Qəribədir, ancaq bu, ona yaraşırdı.

Gözlərim əllərini axtardı.

Biri qarşımdaydı, özü də lap mənə tərəf.

Sadə idi.

Uzun və incə barmaqlar...

Bircə üzük vardı - firuzəyi qaşlı.

Şəhadət barmağına taxmışdı.

Dırnaqları boyasızdı.

Xına çalarları qalmışdı sanki.

Səs qulaqlarıma dəyəndə təkrar üzünə baxdım.

Büzməli dodaqlarının tərpəndiyini gördüm.

Onlar mənə:

- Ay bacı, vermirsən nəzirimi? - dedi və digər masalara doğru getdi.

# 2192 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #