Oğlunu xilas etmək istəyənin rüşvətə görə tutulması

Oğlunu xilas etmək istəyənin rüşvətə görə tutulması
20 oktyabr 2014
# 08:30

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “Dairə”

Çəkildiyi il: 1989

Xronometaj: 17 dəqiqə

Rejissor: Ziya Şıxlinski

Ssenari müəllifi: Toğrul Cuvarlı, Ziya Şıxlinski

Operator: Rövşən Quliyev

Rollarda: Əlican Əzizov, Elmira Şabanova,

Firudin Mehdiyev, Tariyel Qasımov.

İstehsalçı şirkət: “Debüt" Studiyası

Süjet: Ziya Şıxlinskinin diplom işi olan “Dairə”

müasir dövrümüzün aktual problemlərinə toxunur. Filmdə 1988-89-cu illərdə Azərbaycanda baş verən siyasi proseslərin bir ailəyə təsirindən danışılır. Baş qəhrəman Arif ziyalıdır, prinsipial adamdır. Onun oğlu meydan hadisələrində yaxından iştirak etsə də, Arif əksinə, baş verənlərdən uzaqdır. Oğlu hadisələr zamanı həbs olunur, atadan oğlunu azad etmək üçün milis idarəsində rüşvət istəyirlər. Arif rüşvət verərkən həbs olunur...

Dosye: Ziya Şıxlinski 1951-ci ildə Bakıda doğulub. 1973-cü ildə BDU-nun filologiya fakültəsini, 1989-cu ildə Ali Rejissorluq və Ssenaristlik Kursunu bitirib. Bir neçə sənədli filmin müəllifidir: “Artilleriyanın "Allah"ı sayılırdı”, “Ayrılan yollar”, “Bir həsrətin nəğməsi” ,

“Doğma diyar”, “Ruslar müharibə istəyirmi?” ,

“Səkkiz dəqiqə yarımlıq düşüncə”.

Rejissorla söhbəti təqdim edirik.

- Ziya müəllim, rejissorluq sizin ikinci təhsilinizdir. Niyə sonradan fikriniz dəyişdi?

- Mən hələ məktəbdə oxuyanda rejissor olmaq istəyirdim. Birinci təhsilimi BDU-nun filologiya fakültəsində almışam. Məktəbi bitirəndən sonra Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almaq istəyirdim. Çox adamlarla, həmçinin, Əjdər İbrahimbəyovla məsləhətləşdim. Onlar dedilər ki, kinoda işləmək üçün həyat təcrübəsi lazımdır. Bir ali məktəbi bitirin, əgər kinoya sevginiz keçməsə, o zaman iki illik Ali Rejissorluq və Ssenaristlik kursuna gəlin. Biz bu kursda 6 ay oxuyub, 6 ay çəkirdik. Azad, sərbəst yaradıcı emalatxana idi. Həm də sırf ixtisası öyrədirdilər. Bir də orda bütün dünya kinosunu izləyirdik. Mən oxuyanda 1987-89-cu illər idi. Vaqif Mustafayev və başqaları məndən qabaq oxumuşdu. Mən oxuyanda “burjua ideologiyası” sözü artıq yox idi. Yenidənqurma illəri idi. Əvvəlcə rejissor assistenti, ikinci rejissor, sonra sənədli film rejissoru oldum.

- “Dairə” filminin ideyasından, çəkilişlərindən danışın.

- Ssenarini Toğrul Cuvarlı ilə işləmişik, onunla əməkdaşlığımız çox olub. “Dairə” o dövrlə, meydan hadisələri ilə bağlıdır. Bakıda siyasi proseslərin bir ailənin taleyində necə əks olunmasını göstərmək istəmişik. Dövr qəhrəmanı məcbur edir ki, öz prinsiplərinin əleyhinə gedərək rüşvət versin.

- Diqqətimi cəlb edən bir səhnə vardı. Kişinin idealları məhv olur, xəyal qırıqlığına uğrayır. Oğlunun şəklini rəfdə dünyanın məşhur siyasi liderlərinin, ideoloqlarının fotolarından yuxarıda qoyur. Xüsusi aksent vardı buna.

- Gördüyünüz otaq Arifin oğlunun olur. Və bu hadisədən sonra kişi öz oğlunu daha yaxşı tanımağa başlayır. Əslində mövzu tammetrajlı filmin mövzusu idi. Qısametrajlı olduğu üçün çalışdıq ki, film sırf siyasi olmasın. Orda həm lirik münasibəti, həm oğulu meydana gətirən, atanı meydandan uzaqlaşdıran səbəbləri də göstərməyə çalışmışıq.

- Filmdə mitinq səhnələri sənədli idi, yoxsa?

- Arxivdə olan lent idi.

- Atanın münasibətində dövrün siyasi proseslərinə etinasızlıq vardı. Bir də o filmdə ümidsizlik hiss elədim. Halbuki, həmin dövr gələcəyə böyük ümidlərin bəsləndiyi vaxt idi.

- İnqilab haqda məşhur söz var, onu dahilər düşünür, fanatiklər həyata keçirir, fırıldaqçılar isə ondan yararlanır. Amma nəticəni istənilən halda sülh yolu ilə əldə etmək lazımdır. Çünki hərəkatın ən yaxşı nümayəndələri barrikadalarda həlak olur. Bu proseslərdə iştirak edən adamlar vardı ki, ümidlərlə yaşayırdılar, inanırdılar ki, hər şey yaxşı olacaq. Amma adamlar da vardı ki, hadisələrin yaxşılığa doğru gedəcəyinə inanmırdılar. Xalq Cəbhəsi hakimiyyətdə olanda bunu sübut etdi. Meydana ağıllı adamlar da gedirdilər. Onlar ora “oturub-durmaq” üçün getmirdilər axı.

- Film Ali Rejissorluq və Ssenaristlik Kursunda necə qarşılandı?

- Normal. Beş aldım. O dövr elə idi ki, 1989-cu ilin payızı, ölkənin çalxalanan vaxtı idi. Yəni problem olmadı.

- Filmdə qırmızı rəng dominantdır. Bu, texniki məsələ idi, yoxsa?

- Filmin əvvəlindəki mitinq səhnəsini qırmızı göstərmişdik, çünki gec-tez hər şey qana aparacaqdı. Amma ümumən qırmızı rəng kinolentin keyfiyyətli olmaması ilə bağlıydı.

- Firudin Mehdiyevin İsmət obrazı konformistliyi ifadə edirdi?

- Yox, o, guya xalqdan olan adam idi. Əslində mənfi obraz deyil. Söz gəzdirən, informasiya daşıyıcısı idi. Arifə də o, anlatdı ki, milisə rüşvət vermək lazımdır.

- Arifin oğlu Toğrul rolunu oynayan aktyor kim idi?

- İlqar Həsənov VQİK-də Aleksey Batalovun kursunu bitirib. Məncə, indi o, xaricdə yaşayır. Qız isə qonşumuz idi, yarı yəhudi, yarı rus. İndi Amerikada yaşayır.

- Çəkiliş zamanı hansısa maneələr oldu?

- Bir neçə demaqoq mane olmaq istədi. Çəkilişlər ölkədə tətil vaxtına düşmüşdü. Kinostudiyada da tətil idi. Mən onlara başa salmağa çalışdım ki, bu mənim kurs işimdir. Bir də Nizami Musayev vardı, Banditizmlə Mübarizə İdarəsinin rəisi ( eyni zamanda “Lətifə” filminin rejissoru). O, da mane olurdu. Çəkilişlər zamanı milis maşını lazım idi. Bakı Şəhər Baş Polis idarəsindən icazə alınmalı idi. BŞBPİ-in rəisi köməklikdən imtina etdi. Mənə sadəcə, maşının barmaqlığı lazım idi. Sonra tanışlıqlar vasitəsilə bunu həll etdim.

- Film o vaxt efirə getdi?

- Yox buraxılmadı, dedilər ki, milisin rüşvətxorluğunu göstərmisiniz.

- Bədii film çəkmək istəmirsiniz?

- İstəyirəm, o halda ki, mövzu məni tutsun, ssenari qane eləsin. Tonino Querranın bir hekayəsi əsasında çəkdiyim kurs işi vardı. Onu daha maraqlı hesab edirəm. Bir surəti vardı, o da Moskvada qaldı. Bilmirəm, indi qalıb, ya yox.

- Siz müstəqil işləyirsiz. İşlərinizi necə qurursuz?

- Əsas odu ki, pul verilsin, az ya çox fərqi yoxdur. Pul mənim üçün məqsəd deyil. Mənə lazımdır ki, öz ideyalarımı gerçəkləşdirim. Əliş Lənbəranski haqda ssenarim hələ 10-12 il əvvəl hazır idi. Onu Mədəniyyət Nazirliyinə vermişdim. Amma onlar maliyyələşdirmədilər. Deyirlər ki, Ziya filan sözü dedi, özünü belə apardı. Onlar mənim nə dediyimə, özümü necə aparmağıma görə qiymətləndirilər. Mən niyə filmlərə görə qohumlardan pul almalıyam.

- Pulu necə tapırsız?

- Mixalkovun dediyi kimi 50 yaşına qədər öz adına işləyirsən, 50 yaşdan sonra ad sənə işləyir. Vəziyyət təxminən belədir. Minimal büdcə ilə işləyirəm. Yura Varnovski, Mübariz Nağıyevdən də başqa mənimlə təmənnasız işləyən dostlarım da var. Pul olanda mən onlara çox yüksək məbləğ ödəyirəm.

- Onda minimal büdcə ilə kamera filmi də çəkə bilərsiz?

- Çəkə bilərəm. Amma bunun üçün məsələn, işıq olmalıdır.

- Təbii işıqda çəkin.

- Yox, interyerdə işıq və başqa şeylər olmalıdır. Bu, başqa söhbətdir. Hazırda üç maraqlı mövzu var. Sənədlidir. Onları gerçəkləşdirmək istəyirəm.

- İldə neçə film çəkirsiz?

- Puldan asılıdır. Pul olsa ildə dörd film çəkə bilərəm. Çəkilişə başlamazdan əvvəl film beynimdə hazırdır, musiqiyə kimi. Filmi hiss etməliyəm. Onu çəkməzdən öncə görməsəm, duymasam olmaz. Mən hissiyyatla çəkirəm, peşəkarlıqla yox. Hissiyyat birinci yerdədir mənim üçün.

- Bizim sənədli filmlərə baxırsız?

- Mən ancaq yaxşı filmlərə və öz filmlərimə baxıram.

Ümumiyyətlə, rejissorlar kinoya öz gözləri ilə baxmalıdırlar. Bizim rejissorlar hamısını dünya kinosundan oğurlayırlar. Kinodan öyrənmək olar, oğurlamaq yox. Onlar dünyaya başqasının gözü ilə baxırlar. Atmosfer yox, ovqat yox, əhval yox, individuallıq yox.

Filmə burdan baxa bilərsiz: https://www.youtube.com/watch?v=w_943vddp0I
# 6838 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #