İki sərxoş yekəqarın

İki sərxoş yekəqarın
16 oktyabr 2014
# 10:09

Qurban bayramının səhəri məni bir qohum toyuna çağırdılar. Adam içməyəndə toy ikiqat məşəqqət olur. Hər şey bir yana, çoxdan görmədiyin pəzəvəng qohumlar səni qucaqlayıb ağzının seliyini və yağını marça-murçla sifətinə sildisə, toylara yox eee.. həyata, yaşamağa nifrət edirsən!

Bu toyda da beləcə... Təfərrüata varmadan toyun saat 10-11 radələrində, yəni içkinin hamını havalandırdığı vaxt iki yekəqarın qohumumun söhbətini təqdim edirəm. Remarka olaraq deyim ki, hər iki yekəqarın ana tərəfdən uzaq qohumdur və hər ikisi fermerdir. Mənə həmişə “bajoğlu” deyirlər. Yeyib-içən, pul xərcləyən və qoşma-gəraylı sevən adamlardır. Hadi qulaq asın görək elimin-obamın güvəndiyi pəzəvənglər nədən söhbət açır, nədən qayğılanır və nəyə şaqqanaq çəkib gülürlər:

- Nə var, nə yox! Bu nədi əəə belə... Xaxxaxaxax!!! (Barmağının ucu ilə həmsöhbətinin qarnına vurur!)

- Özündən bəri bax! Loto daşına oxşayırsan! (gəyirir)

- Ə neyniyim?! Nə qədər yeyib-içmək olar?! Kabab-araq, kabab-araq! Hələ səhərlər xaş yeməyi tərgitmişəm!

- Tərgitmisən ki belədi? Hahaha!

- Qurban bayramından bir şey çıxarda bildin?

- Şükür!

- Yerhaqqı nə aldılar səndən?

- Mənnən söz alırsan, a bic?!

- Nə söz? Hər yerin qiymətini bilirəm onsuz da. Həkimindən tutmuş, “uçaskov”una qədər...

- Çox bilsən tez qocalarsan!

- Hahahah!

- Hahahah!

- Bu qadın kimdi ə?

- Nəsirin arvadıdı daa...

- Maydan Nəsir? Ə bu lap lütdənib ki?! (Dönüb yanından keçən qadının çılpaq kürəklərini vərəvürd eləyir)

- Yiyəsinə qismət!

- Ateyin kəlləsi... məni qınayan! Sən öl millət pozulub tamam! Bu şəhər pozub adamları, eybimizi o dağ-dərələr örtürmüş!

Hərəyə bir siqaret yandırırlar

- Sənnən bir xahiş eləyim, əmoğlu! Bax bajoğlu da şahiddi bu söhbətə.

- De görüm nə deyirsən...

- Yox eee... söz ver ki, eləyəcəksən!

- Ə bir de dəəə... Bəlkə heç mümkün deyil.

- Sənin əlində mümkün olmayan şey yoxdu!

- De, de! Çəkinmə!

- Əzizi mənə qaytar!

- Nə?! Başına at təpib?!

- Bajoğlu (üzünü mənə tutur), canın üçün Əzizi mən vermişəm buna, beş ildi nökər kimi işlədir. Qardaş, indi geri istəyirəm Əzizimi! Əzizim, Əzizim! Hahahahah!

- Ə, Əziz sənin yanında yeməyə bir loxma çörək tapmırdı eee... Üzülüb gedirdi yazıq. Bilirsən ona nə qədər maya qoydum. Təzədən yığdırdım eee... Əzizi!!!

- Məzələnmə!

- Əmimin goru ciddi sözümdü! Qarnının hər iki yanında yırtıq vardı (Toppuş əllərini içində yumurta tutubmuş kimi üzü yuxarı çevirir). Qarnı hər iki yandan sallanırdı xayalarının yanına. Görmürdün “perekos” yeriyir. Apardım “operasiya” elətdirdim. Sonra dedilər qanında brusellioz var. Neçə il də onu müalicə elətdirdim. Hardasa iki minə yaxın pulum çıxdı!

- Ə, sən qışda qar verməzsən adama! Mənə nömrə gəlmə!

- Əmimin goruna and içdim, a yekəbaş!

- Yaxşı, inandım. Maya qoydun, əvəzində 5 il işlətdin.

- İşi təpəsinə dəysin! İndi fermanın toyuqlarına baxır. Qoyuna-zada da gedə bilmir.

- Qaytar Əzizimi!

- Gəl gör razıdırsa götür apar (Əl-ələ çırpıb qucaqlaşırlar).

- Yadındadı, "20 Yanvar"ın kruqunda hamısını doldurmuşduq Moskviçin budkasına. Polis yaxınlaşdı ki, nə aparırsan? Dedim, qoyun! Polis qulağını maşına yaxınlaşdıranda Əziz içəridən mələdi! Xaxxxaxxxaxxx!!!

- Xaxxxxxaxxxaxxax!!! Xxxktfu! (Divarın dibinə tüpürür). Oğuldu, dədə canı! Gedəndə özünə bir yarım araq məndən! Bu kimin qızıdı bəs?

- Bunu tanımadım. Məncə Cəfərgillərdəndi!

- Saz şeydi ama!

- Yiyəsinə qismət!

- Əmimin goru, sən çox oğraş adamsan! İndi bajoğlu elə biləcək, imam evladısan!

- Sən də azacıq aşın duzu döyülsən, narahat olma!

- Hahahah!

- Hahahah!

Qolboyun olub aşa-aşa toyxanaya tərəf addımlayırlar...

Yazı müəllifin "Xanım T" kitabından götürülüb...

# 3743 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #