Mərahim Fərzəlibəyov: “İlyas Əfəndiyevsiz hazırladığım ilk tamaşa...”-MÜSAHİBƏ

Mərahim Fərzəlibəyov: “İlyas Əfəndiyevsiz hazırladığım ilk tamaşa...”-MÜSAHİBƏ
3 oktyabr 2014
# 12:13

Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin 100 ilik yubileyi münasibətilə hazırlanan “Mənim günahım” tamaşasının qızğın məşqləri gedir.

Kulis.az 3 oktyabr – görkəmli dramaturqun anım günündə tamaşanın rejissoru, Xalq Artisti Mərahim Fərzəlibəyovla müsahibəni təqdim edir.

- Mərahim müəllim, məşqlər necə gedir, tamaşayla kimlər məşğuldur?

- Stolarxası məşqlər artıq bitib. Bir azdan böyük səhnədə məşqlərə başlayacağıq. Tamaşada Məleykə Əsədova, Elşən Rüstəmov, Əjdər Həmidov, Hacı İsmayılov və başqa aktyorlarımız iştirak edəcək.

- Niyə məhz bu əsəri hazırlamaq istədiniz? Yəni, əsərin aktuallığını nədə gördünüz?

- “Mənim günahım”ın çox maraqlı bir tarixi var. 1979-cu ildən İlyas Əfəndiyevlə yaradıcı əməkdaşlığımız olub. “Mənim günahım”a qədər İlyas müəllimin 9 əsərinə quruluş vermişəm. İşlədiyimiz on beş-on altı il ərzində İlyas müəllim dəfələrlə bu pyesi mənim yadıma salırdı, onu tamaşaya qoymağımı istəyirdi. Bu pyesi bir dəfə tamaşaya hazırlayıblar, amma sonra müəllifin istəyi ilə səhnədən götürdülər. Bu hadisə İlyas müəllimdə bir nakamlıq hissi yaratmışdı. “Mənim günahım” sovet dövründə yazılıb. Bir balet aktrisasının taleyinin fonunda sovet ictimai mühiti təsvir olunub. Sovet sosrealizminin qanununa görə mənfi qəhrəmanlar sonda mütləq ağıllanmalı, islah olmalı, haqq yoluna gəlməli idilər. Bu pyesdə də elədir.

...Gənc, kasıb tələbə Sahib Nurcahan adlı balerinaya vurulur, bunların arasında sevgi yaranır. Sonra bu kasıb tələbə Sahib vəzifəyə seçilir və s. Bu əsərdə müəllif Xansu kimi obrazların dili ilə sovet quruluşunun çatışmazlıqlarını tənqid edirdi. O, Xansunu hardasa Hamletə, Kefli İsgəndərə, Romeoya bənzədir...

Məncə, bu əsər heç yazıldığı 1967-ci ildə indiki qədər aktual deyildi. “Mənim günahım”da Sahib bütünlükdə özünü işə həsr edir və ailəyə diqqəti azalır. Məmurluq onun sevgisini əlindən alır. Nurcahan sevgisini qaytarmağa çalışır. Amma Sahib və həyat yoldaşı evdə o dövrün pafosu ilə ictimai sosial məsələlərdən danışırlar. Əslində, əsərdə Nurcahan da onunla bu mövzuda söhbətlərə cavab verir, onu dinləyir, müzakirə edir, lakin mən onun cavablarını mətndən çıxardım. Mənim yozumumda Nurcahan onun ictimai pafosuna təəccüblə baxır ki, bu adam niyə bunları danışır ki... Nurcahan üçün sevgi diqqət deməkdir, amma o, bu diqqəti görmür...

- Belə anladım ki, siz əsas vurğunu ictimai mühitə yox, balerinanın məhəbbət faciəsinə vurursunuz...

- Bilirsiniz, hər insan ictimai mühitin bir parçasıdır. Mən bir məmurun məhəbbət faciəsini göstərmək istəyirəm - o, öz ömrünü işə sərf edir, amma məhəbbətini, ailəsini unudur. Nurcahan çalışsa da, məhəbbəti qaytara bilmir. Mənə rejissor kimi Nurcahanın məhəbbət dünyası maraqlıdır. O məhəbbət ki, biz həsədlə baxırıq, belə məhəbbət arzulayırıq. İnsani münasibətlər, insan obrazı yaratmaq istəyirəm.

Bu əsər rejissor üçün çox çətin əsərdir. Hamı mənə dedi ki, bu əsər çox çətin əsərdir. İlyas müəllimin güclü lirik pyesləri var. Amma mən bunu istədim.

İlyas Əfəndiyev həmişə bu əsərin səhnə taleyindən narazı idi. Əsərin ilk quruluşunda əsas qəhrəmanları Leyla Bədirbəyli və Əli Zeynalov oynamışdı. Çox gözəl aktyorlardır, amma bu əsərə uyğun gəlmirdilər...

Mən də İlyas müəllimin 100 illiyində onun xatirəsini məhz bu əsərlə yad etmək istəyirəm.

“Mənim günahım” İlyas müəllimdən hazırladığım onuncu əsərdir.

- Və deyəsən, onsuz hazırladığınız ilk işdir?

- Elədir. “Qarabağnamə”, “Hökmdar və qızı”nın təzələnmiş quruluşudur, İlyas müəllim “Hökmdar və qızı”nın premyerasından əvvəl dünyasını dəyişdi, amma məşqlərində iştirak etmişdi...

- İlyas Əfəndiyev həmişə məşqlərdə iştirak edib və öz mətninə çox həssas yanaşıb. Sizə onun sağlığında işləmək daha asan idi, yoxsa indi?

- Mən İlyas Əfəndiyevin əsərini götürəndə bilirdim ki, mənim yanımda müəllif əyləşib - çox böyük, klassik yazıçı, dramaturq əyləşib. Onun orda olması məni məcbur edirdi ki, səhnələri elə qurum ki, müəllif razı qalsın. Bilirsiniz, heç bir rejissor müəlliflə məşq etmək istəməz, xüsusən də İlyas Əfəndiyev kimi ciddi müəlliflə. Dediyiniz kimi, o, öz mətninə çox həssas idi. Lakin mən buna öyrəşmişdim. Düzdür, məşqlərimiz heç də hamar getmirdi. Olurdu ki, İlyas müəllim əsəri mənə verirdi və biz ortaq məxrəcə gələ bilmirdik. Onda o, əsəri başqa rejissora verirdi. Məsələn, “Şeyx Xiyabani” pyesini mənə verdi, amma quruluşda ortaq məxrəcə gələ bilmədik, o pyesi başqa rejissora verdi. Amma həmin rejissor da onu qane etmədi, onda yenə əsəri mənə tapşırdı. “Sevgililərin cəhənnəm vüsalı” ilə də eyni şey baş verdi...

- Ümumiyyətlə, İlyas Əfəndiyev diktator müəllif idi?

- Diktator deməzdim, o, rejissoru asanlıqla başa düşürdü. Əgər onu inandıra bilirdinsə, cavan müəlliflər kimi sənin üçün beş dəqiqəyə dialoq, monoloq yazıb gətirirdi. Elə oradaca bloknota yazırdı, cırıb verirdi aktyora...

- Dövrünün ən parlaq dramaturqu, nüfuzlu, şöhrətli yazıçı kimi İlyas Əfəndiyevin hansısa kaprizləri var idimi?

- Mehdi Hüseyndən bəri nə qədər yazıçı-dramaturq yetişdi, amma 40-cı illərdən ta öldüyü günə qədər İlyas Əfəndiyevin tayı-bərabər olmadı. O, dramaturgiyada raket sürətli sıçrayış etdi. Yanında yazılan dramlar güclü olmadı. Özünü nəsrdən çox, dramaturgiyaya həsr etdi. Rejissor işini də bilirdi, lazım olanda rejissora yaxından kömək edirdi. Kaprizləri o idi ki, misal üçün, deyirdi, bu aktyoru bəyənmirəm. “Bizim qəribə taleyimiz”də əsas rolu Həsən Turabov və Əlabbas Qədirovla məşq edirdik. Məşqi saxlayıb Turabova dedi ki, sənin oyunun mənim xoşuma gəlmir. Həsən Turabov kimi aktyora, hansı ki, silsilə rollar yaradırdı... Aktyorların ona o qədər böyük hörməti var idi ki, bir sözü ilə kənara çəkilirdilər. Amma sonra inanırdısa elə həmin Həsən Turabova deyirdi ki, səhv etmişəm, sənin ifan düz idi... Aktyora inanmırdısa, çalışırdı rejissorun əli ilə o aktyoru uzaqlaşdırsın. Bir sözü var idi: “Filankəsdən ağlım bir şey kəsmədi...”. Bu sözü dedisə qurtardı...

- Bir rejissor kimi, əsər müəllifinin tamaşaya bu qədər müdaxiləsi ilə razısınız?

- İlyas müəllimin müdaxilələri gözəl idi, lazımlı idi. O teatrı, sənəti gözəl bilirdi. Mən peşə təhsilimi Leninqradda almışam. O, mənə Azərbaycan dilinin bütün incəliklərini öyrətdi. “Mənim günahım”da onun yeri görünür. Az qala hər məşqdə ondan sitat gətirirəm. Deyirəm, İlyas müəllim olsa belə deyərdi...

- Ümumiyyətlə, İlyas Əfəndiyevlə bağlı başqa hansı xatirələriniz var?

- İlyas müəllim sərt adam idi. Heç vaxt zarafat etdiyini görmədim. Ancaq həqiqətdən danışırdı, işlərin necə olduğundan, bu kimi mövzulardan danışırdı. Yeri gələndə əsəbiləşirdi. Üzündə gülüş olurdu, amma gülüşü xəsisyana idi. Nadir halda bir aktyora deyərdi ki, səndə rol alınır. Onunla nə qədər əsər qoymuşam tamaşaya, şəxsən mən heç vaxt ondan tərif eşitmədim. Baxıb deyirdi: “Olar, gedər”. Yalnız öləndən sonra onun mənə nə qədər dəyər verdiyini öyrəndim. Ölümündən sonra yazılan xatirələrdən bildim ki, həqiqətdə mənə nə qədər dəyər verirmiş.

- İşdən kənar münasibətləriniz necə idi?

- Böyük dostluğumuz var idi. Həftədə iki dəfə mütləq görüşürdük. Bunu İlyas müəllim özü tələb edirdi, mən bilirdim ki, üç gün getməmişəmsə mütləq bu gün onlara getməliyəm. Elə olurdu, həftədə 4 dəfə görüşürdük. Bilirsiniz, İlyas müəllim ərəb əlifbası ilə yazırdı. Ərəb əlifbasından yazdıqlarını kirilcəyə köçürən makinaçısı var idi; Məhluqə Sadıqovanın bacısı idi. O qadın rəhmətə gedəndən sonra onun əlyazmalarını kimsə oxuya bilmirdi. Çox vaxt ərəb əlifbasında yazdığını diktə edirdi, mən kirilcə yazırdım. Sonralar, bu müştərək işlərimiz müddətində İlyas müəllim kirillə yazmağa başladı. Onun kirilcə əlyazmalarına rast gəlsəz, görərsiz ki, kirilcə hərfləri ərəbcəyə oxşada-oxşada yazırdı.

Ata-oğul yaşında olmağımıza baxmayaraq bizim dostluğumuz var idi. mən onun övladlarından da kiçiyəm. Onların ailə məclislərində də iştirak edirdim. Bilirsiniz, mən yumşaq qəlbli, kövrək adamam. İlyas müəllim prinsipial, iradəli, həqiqəti yüksək səslə deməyi bacaran insan idi və ona həmişə ehtiyac duyurdum. Onunla hər görüşə hazırlaşıb gedirdim. Bilirdim ki, bir sözü iki dəfə təkrar etsə, üçüncüdə əsəbiləşib müəyyən söz işlədə bilər.

- Sizcə, indi İlyas Əfəndiyevdən sonra dramaturgiya ənənələrini yaşadanlar varmı?

- Bilirsiniz, rejissor o zaman parlayır ki, onun əlində yaxşı dramaturji material olur. Dramaturgiyanın milli formaları var, ənənələri var. Demokratiya dövründə müasir və milli xarakterlər yarada bilən, bu ənənələri yaşada bilən dramaturq demək olar ki, yox idi. Amma nə yaxşı ki, Elçin son 20 ildə İlyas Əfəndiyev dramaturgiyasını davam etdirdi. Bunu ailənin dostu kimi çox səmimi deyirəm. Onun əsərlərində tam müasir obrazlar görə bilərsiniz, orada İlyas Əfəndiyevin dəst-xətti, romantik dialoqları da var. Təbii ki, yeni təqdimatda. Baxın, böyük müəlliflər var ki, bu gün əsərləri oxunmur, tamaşaya qoyulmur. Çünki onlar sovet quruluşunu süni şəkildə tərifləyiblər. İlyas Əfəndiyevin “Mənim günahım” pyesində də bunlar var, amma İlyas müəllim ona insan faktorundan, insan münasibətləri rakursundan yanaşıb.

İlyas Əfəndiyev çox böyük istedada malik dramaturq idi, böyük ideoloq idi, böyük yazıçı idi. Onun yaradıcılığı sovet dövrünə düşsə də, bu gün yenə aktualdır. Çünki, İlyas Əfəndiyev müticə quruluşu təbliğ edənlərdən olmayıb...

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #