Axmaq necə məşhur oldu?

Axmaq necə məşhur oldu?
1 oktyabr 2014
# 10:33

Kulis.Az Qarabağlı Yəhya Məhəmmədoğlunun tərcüməsində İvan Turgenyevin “Axmaq” hekayəsini təqdim edir.

Biri var idi, bir yox idi, dünyada bir axmaq var idi. O, xeyli vaxt kef içində, firavan yaşadı. Lakin yavaş-yavaş qulağına çatmağa başladı ki, hər yerdə onu kütbeyin bir həyasız kimi tanıyırlar. Axmaq pərt oldu, gecə-gündüz fikirləşdi ki, bu könülbulandıran dedi-qodunu necə kəssin.

Birdən onun qaranlıq beynini qəfil bir fikir işıqlandırdı və o, yubanmadan bu fikri həyata keçirməyə başladı.

Küçədə bir tanışına rast gəldi, tanışı məşhur rəssamı tərifləyirdi.

- Siz nə danışırsınız? – deyə axmaq təəccüblə səsini ucaltdı. – O rəssam çoxdan arxivə verilib. Siz bunu bilmirdiniz? Ay, ay, mən sizdən gözləməzdim, siz geridə qalmış adamsınız.

Tanışı qorxdu və dərhal axmaqla razılaşdı.

-Bu gün mən necə gözəl kitab oxumuşam! – deyə başqa bir tanışı ona müraciət etdi.

- Siz nə danışırsınız, canım? – deyə təəccüblə səsini qaldırdı. – Heç utanırsınız? Bu kitabın bir qəpiklik qiyməti yoxdur. Hamı ondan çoxdan üz döndərib. Yəni, siz bunu bilmirdiniz? Siz lap geridə qalmısınız.

Bu tanışı da qorxdu və axmaqla razılaşdı.

- Dostum, filankəs necə gözəl adamdır! – deyə üçüncü tanışı ona müraciət etdi.

- Siz nə danışırsınız? – deyə axmaq yenə səsini ucaltdı. – Filankəs əclafın əclafıdır. Bütün qohum-əqrabasını soyub. Bunu kim bilmir axı?! Siz geridə qalmışsınız.

Üçüncü tanışı da qorxdu və axmaqla razılaşıb öz dostundan üz çevirdi. Axmağın yanında kimi və ya nəyi tərifləsələr, o, həmişə bu cür cavab verərdi. Yalnız ara-sıra məzəmmətlə əlavə edərdi:

- Siz hələ də avtoritetlərə inanırsınız?

- Bədxah! Acıdil! – deyə axmağın tanışları onun haqqında mühakimə yürüdürdülər. –Amma sənin onun başına, ağlına bax!

- Hələ dili! – deyə başqaları əlavə edərdi. –Çox istedadlı adamdır.
Bu söhbətləri nəticəsində bir nəfər naşir axmağa öz qəzetindəki tənqid şöbəsinin müdiri olmağı təklif etdi.

Axmaq nə öz üslubunu, nə də nidalarını dəyişmədən hamını və hər şeyi tənqid etməyə başladı. Vaxtilə avtoritetlərə qarşı hay-küy salan axmağın özü indi avtoritet olmuşdu. Gənclər isə, ona pərəstiş edir və ondan qorxurdular.

Axı, bu yazıq gənclər nə etsinlər? Doğrudur, ümumiyyətlə, pərəstiş etmək yaxşı deyil. Ancaq hünərin var, burada pərəstiş etmə. Dərhal geridə qalmış adama çevrilərsən. Qorxaqların sayəsində axmaqlar həmişə kef çəkirlər.

# 1366 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #