General təlxək olanda...

General təlxək olanda...
30 sentyabr 2014
# 11:35

Bizim general yoxsulluqdan ağlını itirib təlxək obrazında məsxərəyə qoyulan Gürcü knyazlarını xatırladır. Həmin knyaz mənə Saqarelinin “Xanuma” tamaşasından yaxşı tanışdır.

Generalın vaxtilə sağını-solunu hürküdən zəhmindən indi əsər-əlamət qalmayıb. İki nəvənin axmaq yerinə qoyduğu bu qoca zavallını bir az da gözdən salmaq istəsək, belə demək yerinə düşər: kişinin hay-hayı gedib, vay-vayı qalıb.

Generalın hörmətsiz vəziyyətini gözü ilə görmək istəyən zəhmət çəkib Milli Dram Teatrına getsin, hər şeyi danışmağa nə halım var, nə də iki saatlıq tamaşanı nağıl etmək borcunda deyiləm. Teatra getmək gözəl hissdir, siz allah, gülməyin, adam özünü tərəqqipərvər-maarifsevər ziyalı kimi hiss edir, elə bilirsən, dünyanın mədəni intibahı sinənin altında döyünür, sadəcə, dünyaya hayqırmaq istəyirsən: mən buradayam, ilahi! Əl-qərəz, Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası hələ repertuardan uzun-uzun zaman düşməyəcək, beş manatınızdan keçib, təşrif buyurun yuxarı başa.

Bunu da deyim, sonrasına özünüz baxarsınız: general dördotaqlı köhnə mənzildə özü qalır, əyyaş və ağıldankəm nəvələri isə onun ölümünü arzulayır. Qoca camaatı inandırmaq istəyir ki, məni yuxudan əmrə müntəzir əsgər şeypur səsi ilə oyadır, Qız qalasının üstündə nar ağacı bitəndə sevgilim gələcək, baş-başa verib xoşbəxt yaşayacağıq.

Akademik Milli Dram Teatrından hər dəfə ciddi, dərin tamaşa tələb etmək olmur. Onların da öz arqumentləri var və hardasa haqlıdırlar. Tutalım, teatr Azərbaycanın böyük şairi Vaqif Səmədoğlunun 75 illik yubileyini hansısa yolla təbrik etməli idi, ya yox?! Və əlbəttə, biz “Generalın son əmri”nə ciddi sənət hadisəsi kimi yox, sadəcə, ustad şairə yubiley hədiyyəsi kimi xoş məramla yanaşmalıyıq. Bilmirəm, bu böyük teatr amallarına xəyanətdir, ciddi sənətə zidd baxışdır, ya yox, hər halda, Vaqif Səmədoğlu ömrünün bu yaşında sənət qanunlarını pozmağa haqqı çatan adamdır. Və qanqaralıq olmasa deyərdim ki, yubiley ili olmasaydı, nə Ramiz Həsənoğlu bu pyesə əl bulayardı, nə də İsrafil İsrafilov öz səhnəsindən keçərdi.

Rejissorun və aktyorların zəhmətini yerə vurmaq vicdandan deyil. Tutalım, tamaşanın bəzi zamanlar arası keçid səhnələrində ustalıqla işlənən nüansları görəndə, adamın ağlına ilk gələn pyesi oxumaq istəyi olur. Görəsən, bu, müəllif texnikasıdır, yoxsa rejissor yozumudur?! “Generalın son əmri”ndə bu cür səhnələrin sayı kifayət qədər idi. Yaxud, replikaların yerinə düşməyi, dərinliyi, göndərdiyi mesajlar tamaşaçını ciddi-ciddi düşünməyə vadar edirdi. Tamaşanın üstünlüklərindən biri mistik ağırlıq fonunda yumordan bol-bol istifadə olunmağıdır. Hər halda, dərinliyə hesablanmayan tamaşaları ancaq yumorun köməkliyi ilə xilas etmək olar. Necə ki, Ramiz Həsənoğlu bunu etmişdi.

Əlbəttə, hər kəs bədii əsərdən, tamaşadan öz həqiqətini çıxara bilər, müxtəlif cür yoza bilər. Səmədoğlu və Həsənoğlunun tamaşasındakı “haqqında günahsızlıq mifi yaradılanların da günahları var” ideyası generaldan qisas almaq üçün gələn qızla dialoqlarda tamaşaçıya ciddi mesajlar ötürə bildi.

General obrazını canlandıran Füzuli Hüseynovdan tutmuş “Çal-çağır” Dilarəyə qədər aktyorların heç biri parlaq oyun göstərə bilmədilər. Yox, ədalətsizlik lazım deyil, qonşu əyyaş rolunu canlandıran Rövşən Kərimduxt və Sənubər İsgəndərlidən savayı. Mən Füzulidən daha ciddi rol gözləyirdim, olmadı. Bu aktyor oyunu daha çox, candərdi səhnəyə çıxmağa bənzəyirdi. Tamaşanın kulisindən xəbərdar olanlar nə dediyimi yaxşı bilirlər.

Təsəvvür edin, aktyorlar səhnəyə çıxanda bir qız qanad açıb Füzuli Hüseynovun üstünə uçur, əlindəki gül dəstəsini ona uzadır. Bizim general da bu çiçək topasını həmkarına – Sənubər İsgəndərliyə bağışlayır. Qız yenidən səhnəyə “qonur” və çiçəklərin içində gizlətdiyi kağızı çıxarıb aktyora şəxsən təqdim edir. Mənə elə gəldi, o qızın cəsarəti yüz general əmrinə dəyərdi. İstər ilk əmr olsun, istər son... Kim bilir, bəlkə Vaqif Səmədoğlu xəstəliyin ağrılarından aman tapıb tamaşaya gəlsəydi, o cəsarətli qız əl boyda kağızı ona yazacaqdı?! Yazacaqdı ki, sənin ağrılarını sevirəm, şeirimizin generalı...

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #