Göy üzünə ana deyib hayqırmaq

Göy üzünə ana deyib hayqırmaq
30 sentyabr 2014
# 10:26

Sənə gözlərimlə göndərdiyim məktub


Tiflisdə külək əsir,
küləyi əlimlə sığalladım,
yorğunluqdan əvvəlcə
əllərim, sonra ayaqlarım
yerini dəyişdi.
Mənə bənzəyən biri
içimdən çölə çıxıb
səkidə dilənən
qadınla danışdı.
Küçədə tək-tənha
qalmış quduz
olduğunu düşünən
buna görə ona
yaxın durmayan sahibsiz
küçə iti ilə söhbətləşdi,
küləyi əlimlə sığalladım,
Tiflisin xaraba qalmış
fahişələr bəzəmiş küçəsini,
tula payına işləyən fəhlələri,
şəhərə yaraşmayan
yad, ölü sükutu
gözlərimdən oxuyacaqsan.
Sənə gözlərimlə göndərdiyim
məktubu oxudunmu?
qorxma bir az yaxın gəl,
gözlərimdə azadlıq
qışqıran adamları
polis dəyənəyi ilə döymürlər,
fahişləri küçə iti
kimi təpikləyə-təpikləyə
öz cinsi tələbatını
ödəyən yekə qarın
kişilərin olmadığı
dünyanı arzuladım.
Sənə gözlərimlə göndərdiyim
məktubu oxudunmu?
əllərinlə gözlərimi sığa,
işğal edilmiş şəhərin
döyüşdən sonrakı
mənzərəsi üzümdən saat
kəfkiri kimi asılıb.
əllərini boşluqda tərpət,
dağıdılmış bir şəhərin
içində
gülümsəyən və anasına
doğru qaçan uşaq mənəm...

Yaşlı Qadın və Balaca Qız

Əgər 28 mayın
çıxışında bir siqaret
yandırıb Səməd Vurğun
parkına düşsəniz
sıra ilə düzülmüş
skamyalarda tək-tük
adamların oturduğunu
görərsiniz, amma bir az
irəli getsəniz,
köşkün qırağında
əlində əsası olan
büzüşmüş, saçları
pırtlaşıq o yaşlı
qadını görərsiniz,
sonra köşkdən bir
siqaret də götürüb
alışdırarsınız,
tüstünü havaya
buraxdıqda qarşınızdakı
qadının öz-özünə
danışdığını görərsiniz,
şaşqın halda
gəlib-gedənləri izləyər,
bu vecsiz,
həyatda ciddi görünməyə
çalışan adamlardan bu
qadını gizlətməyə çalışarsınız,
onun anlaşılmaz, eşidilməyən
yalnız səssiz filmlərdəki
kimi tərpənən dodaqları,
yoxsul və çox uşaqlı
evinizi xatırladar,
aman, aman o qadına
yaxınlaşmayın,
hələ də sizi evdə
gözləyən qırmızı donlu
balaca bir qızınız var...

04:00 və Qəhər

Qəddi əyilmiş

ağacın qaranlığında
bir uşaq ağlayır,
göz yaşları

çöhrəlmiş yanaqlarından
balaca bədəninə süzülür,
göy üzünə ana deyə hayqırır,
ay işığında kədəri ilə boğulur...
Hardasa küçə itinin
zingiltisi eşidilir
gecənin ucsuz çöllərində,
hardasa günəş doğur,
xoşbəxtliyə bənzəyən işıq saçır
yer üzünün

cənnət bağlarına,
insanlar təbəssümlər ilə yuyunur
sərin mehin dəryalarında.
evinin tavanı

uçmuş xarabada
bir qadın yaşayır,
yoxsul və ümidsiz,
kirli əlləri ilə tozlu saçlarını darayır,
yalnızlığı ölümü salamlayır.
hardasa saz çalınır,
dağ havası kəndin

üzərində şeir yaradır,
yağış yağır, buludların arasından
günəş gülümsünür

yoxsul kəndin adamlarına,
hardasa bir kişi qüssələnir,
qəhər boğazına dolur,

vaxtsız itirdiyi övladına,
için-için əriyən günlərində

oğluna ağlayır,
hər gün ölüm arzulayır

ancaq hər gün ölür...

# 1288 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #