Kulis.Az Elçin Əlibəylinin səsləndirməsində Sergey Yeseninin “Şahanə” şeirini təqdim edir.
Sevimli Şahanə, gözəl Şahanə!
Ona görəmi ki, şimaldanam mən,
İstərəm söz açam sonsuz çöllərdən,
Dalğalı çovdardan söz açam sənə,
Sevimli Şahanə, gözəl Şahanə!
Ona görəmi ki, şimaldanam mən,
Elə bil böyükdür orda ay bir az.
Nə qədər füsunkar olsa da Şiraz,
O, yaxşı deyildir Ryazan çölündən,
Ona görəmi ki, şimaldanam mən?
İstərəm, söz açam sənə çöllərdən,
Çovdar saçlarıma çəkibdir xına,
Al onu, dola sən barmaqlarına,
Ağrı hiss etmərəm bir tikə də mən,
İstərəm, söz açam sənə çöllərdən.
Ay işığındakı dalğalı çovdar
Necə də bənzəyir mənim saçıma.
Əzizim, gül, danış, fəqət söz açma,
Düşməsin yadıma sevimli diyar,
Ay işığındakı dalğalı çovdar.
Sevimli Şahanə, gözəl Şahanə!
Bizim o şimalda gözəl bir qız var,
Bilsəydin, o, sənə nə qədər oxşar!
Bəlkə, indi məni anır o, yenə,
Sevimli Şahanə, gözəl Şahanə!
Tərcümə: Əliağa Kürçaylı