Yaşlılara hörmət qoymayanlar

Yaşlılara hörmət qoymayanlar
25 sentyabr 2014
# 13:45

Bu yazı yaşlılara, özündən böyüklərə-söhbət yaşca böyüklərdən gedir-qarşı nümayişkaranə şəkildə “ hörmət qoymuram” ədası göstərənlərə ithaf olunur.

Son vaxtlar belə bir tendensiya hiss etmişəm bəzi yazarlarımızda. “Mən adət-ənənələrə qarşıyam”, “Mən böyükləri saymıram”, “Yaşlılara yer vermirəm və əcəb edirəm”, “Bizim böyüklər bir heçdir”, “Biz onlardan əmələ gəlsək də avropalılar kimi düşünürük” kimi “mahiyyət”(sizlik) daşıyan yazılar hələ formalaşmamış, amma bütün günü internet qarşısında olan yeniyetmə gəncləri potensial oxucuya çevirmək məqsədi daşıyır. Xub. Olsun, qoyun sizin yazılarınızın oxu sayı Qulu Məhərrəmlinin, İlqar Əlfioğlunun və sair bu kimi dəyərli düşüncə və qələm sahiblərinin yazı sayını üstələsin. Bununla sizin qazandığınız hər nədirsə birə beş artsın, halal xoşunuz olsun.

Amma bir neçə məqamı da düşünməyi unutmayın. Sizin oxucunuz olan bugünkü yeniyetmə elə sizin yaşlı vaxtınızın gənci olacaq. Onun bu gün internet qarşısında sizin yazılarla formalaşan beyni sabah sizin həyatınızla bağlı qərar verəcək.

İkinci məqam: Atamız, babamız, cəddabamız nədirsə, necədirsə biz onlardan əmələ gəlmişik və həyatımızın ən həlledici məqamlarında kökümüz özünü büruzə verəcək. Səviyyəmiz o qədər arta bilər ki, onları qarışqa boyda, özümüzü fil böyüklüyündə görə bilərik, amma mahiyyət dəyişməyəcək.

Hələ onu demirəm ki, səviyyəli, intellektli adam böyüyünə ağ olan kəs deyil, əksinə bunu mümkün olduğu qədər eləməyən şəxsdir, sadəcə eləyə bilməyən, tərbiyəsi, intellekti buna yol verməyən adam.

Hansısa xırda millətlərin nümayəndələri böyüdükcə, təhsil aldıqca dönüb hegemon millətlərin nümayəndəsinə çevrilmir, ya da əksinə. Nə, hansı ağacda yetişibsə elə o ağacın dibinə düşür. Alma təsadüfən diyirlənib şaftalı ağacının altına düşərsə ona şaftalı deyilməyəcək. Kimsə yanılıb şaftalı bilib götürəcək və görəcək ki, alma imiş. Bayaq dediyim mahiyyət çıxacaq ortaya.

Valideynin, böyüyünün pisdirsə, sən də pissən. Yaxşıdırsa sən də yaxşı yetişəcəksən. Bu iki vur ikinin dörd etməsi qədər çoxdanın bəlli olan həqiqətidir. Bəzən gənclər “oğlan yaxşı oğlandır, amma ailəsi pisdir-“ deyirlər, “yaxud qız yaxşıdır, anası pisdir”. Hələ həyatda elə bir təcrübəyə rast gəlmədim. Gənc çıxdığı ailənin təmsilçisidir. Sadəcə özünü yaxşı göstərmiş olur, zaman tezliklə o yaxşı maskanı cıracaq və onun ailəsinin tərbiyəsini maskanın altından aydınca görəcəksən.

Odur ki, “böyüklərimiz pisdir”, “bizi düzgün tərbiyə etməyiblər”, “amma biz böyüdük onlardan yaxşı olduq” və “indi onları bəyənmirik”- deyən qəhrəman, sən elə bununla kim olduğunu bəlli etdin.

Təbii, heç kim ideal deyil, valideynin də səhvi olar, Allah deyil. Biz böyüdükcə, valideynlərimizin səhvlərini anladıqca bunu onların üzünə vurub bizi dünyaya gətirdiklərinə peşman olmağa məcbur etməkdənsə, onların səhvinin nədən qaynaqlandığını özümüz üçün analiz edib həmin səhvləri təkrar etməməyə çalışmalıyıq. Bax, bu olur sənin valideynindən daha yuxarılara getməyinə, daha ali olmağına işarə.

Yoxsa, onun üzünə ağ olub bütün əziyyətini, sənə güvəncini puç etməklə nə qazanırsan? Kim məcbur edir ki, böyükdür deyə onun bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirəsən? Əlbəttə analiz eləmək üçün başını da əlindən alan yoxdur. Hər bir halda valideyn səni sevərək deyir dediyini, tövsiyəsini. İqtidarın çatırsa, sən də onu sevərək dediklərinə əməl etmə, öz bildiyini elə. Bunun altını sonra çəkəcəksən, ya sən haqlısan, zaman göstərəcək. Yetər ki, səni dünyaya gətirib gözünün yağını yedirən böyüyünə ağ olub, bunu da iftixar bilib özünə xal qazandırmağa çalışmaqda tələsmə. Hələ zaman gələcək, özün də təsdiq edəcəksən ki, indi etdiklərinin bir adı var-tərbiyəsizlik.

# 4267 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #