Nobel mükafatı laureatı Harold Pinter: “Çalışıram auditoriyanı darıxdırmayım” 

Nobel mükafatı laureatı Harold Pinter: “Çalışıram auditoriyanı darıxdırmayım” 
22 sentyabr 2014
# 10:40

1930-cu il, oktyabrın 30-da Londonda anadan olan Harold Pinter XX əsr İngiltərə və dünya ədəbiyyatının nadir istedada sahib dramaturqlarından biri kimi tanınır. Yaradıcılığı boyu qələmini ssenarist, şair kimi də sınayan ədib zaman-zaman aktyor, teatr direktoru kimi də fəaliyyət göstərib. Dəfələrlə beynəlxalq ədəbi mükafatların qalibi olan Pinter 2005-ci ildə “Öz pyeslərində gündəmin təlaşları əsasında duran uçurumları aydınlaşdırdığına və işgəncə yerinə daxil olduğuna görə” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Xidmətçi” (“The Servant” 1963), “Fransız Leytenantın xanımı” (“The French Lieutenant’s Woman” 1981), “İttiham” (“The Trial” 1993), “Xəyanət” (“Betrayal” 1978) kimi əsərlərin müəllifi olan yazar 2008-ci dekabrın ayının 28-də Londonda dünyasını dəyişib. Beynəlxalq “PEN” ədəbiyyat mükafat fondu 2009-cu ildən dramaturqun şərəfinə “Pinter” mükafatı təsis edib. Mükafat hər il İngiltərənin ən yaxşı şairinə təqdim edilir. Ədibin “The Paris Review” jurnalından Lari Benskiyə verdiyi müsahibəni təqdim edirik.


- Dram yazmağa nə zaman başladınız, bu ciddi təşəbbüsün səbəbi nə idi?

- İlk pyesim 27 yaşımda yazdığım “Otaq” (“The Room”) olub. O zamanlar ölkə universitetləri arasında yeganə dram təcrübəsi olan Bristol Universitetinin dramaturgiya fakültəsində Henri Vulf adlı dostum oxuyurdu. Onun dram səhnələşdirmək imkanı var idi, yəni onlara icazə verirdilər. Henri mənim köhnə dostum olduğuna görə bilirdi ki, qələmə almasam da, mənim dramaturgiyaya böyük həvəsim var və hər zaman beynimdə səhnələşdirilə biləcək ideyalar olur. Həmin vaxtlar isə nəsə repə meyl göstərmişdim, replə məşğul olurdum. Bir dəfə Henri dedi ki, bir həftəyə kimi ona dram lazımdır, yəni tapşırıq belə idi. Təbii ki, bu çox gülməli səslənirdi, bir pyes altı aya ancaq hazır olur. Amma mən ilk dəfə onda yazmağa başladım və bu, dörd gün içində dram yaza bildiyim ilk və son təcrübə idi.

- Yazmaq sizin üçün həmişə belə asan olub?

- Bəlkə təsvir etməyim bu sualın cavabı olar – mən illərlə şeir yazmışam, yüzlərlə şeirin müəllifiyəm, çoxlu qısa hekayələr qələmə almışam və bunların əksəriyyəti qəzet, jurnallarda dərc olunub. Dərc olunacaq qədər yaxşı alınmasa da, roman da yazmışam. Ciddi deyirəm, o heç vaxt da nəşr olunmadı. Romandan sonra “Otaq” pyesini yazdım, o həftələrlə səhnələşdirilmədi. Amma mən onun səhnələşdirilməsini gözləmədim də, dərhal yeni bir şey yazmağa başladım – ikinci oyunum “Ad günü şənliyi” (“Birthday Party”) idi.

- Belə tələsik, dayanmadan işləməyinizin səbəbi nə idi?

- Dram yazmaq prosesi var. Məni dayanmağa qoymayan, yazmağa vadar edən o prosesin özü idi. Sonra bir dəfə “Otaq”-ı izləməyə getdim, bu çox qəribə, möhtəşəm təcrübə idi. Çünki, ondan əvvəl heç pyes yazmamışdım, öz tamaşamın nümayişini görməmişdim, onu izləməmişdim və mənim orda oturan qədər auditoriyam olduğunu bilmirdim. Yazdığım oyunları sadəcə bir neçə dostum və həyat yoldaşım görmüşdü.

- Belə gənc auditoriya ilə əlaqənin, ya da qarşılaşmanın üzərinizdə başqa nə kimi təsiri oldu?

- Universitetin işi bilən auditoriyasının rəyləri məni çox cəsarətləndirdi, buna baxmayaraq, əminəm ki, əksi də olsa, yenə də “Ad günü şənliyi”-ni yazardım, yəni reaksiyanın necəliyi mənə təsir etməyəcəkdi. O vaxtdan bəri tamaşaları bir neçə dəfə izləsəm də, ilk dəfə izləyərkən aldığım həzzi almıram. Sanki heç biri onun qədər yaxşı alınmır. Öz yazdığını ilk dəfə izləmək insanın əsəblərini, hisslərini zorlayan qəribə təcrübədir. Burada məsələ pyesin yaxşı və ya pis olmasında deyil, heç auditoriyanın reaksiyasında da deyil. Bu mənim əsərlə bağlı hiss etdiklərimdir, onu izləyərkən verdiyim reaksiyadır. Auditoriyaya qarşı o qədər də mehriban adam deyiləm – bir məqsəd üçün toplaşmış kütləni məmnun etmək məcburiyyətindən nifrət edirəm, ona görə də onlar məni o qədər də maraqlandırmır. Üstəlik bu auditoriyaların nə qədər müxtəlif olduğu, onun tərkib hissəsi olan insanların bir-birlərindən nə qədər fərqli olduqları hamıya məlumdur, ona görə də düşünürəm ki, onları nəzərə almaq, razı salmağa cəhd etmək olduqca yanlış davranışdır. Dramaturqu narahat edən, onu maraqlandıran yeganə məsələ onun qələmə aldıqlarının səhnələşdirilərkən ifadə edilib-edilə bilməməsi olmalıdır. Çox az hallarda səhnədə müəllifin göstərmək istədikləri əskiksiz əks etdirilə bilir.

- Necə düşünürsünüz, sizcə, Bristolda oxuyan dostunuzun verdiyi təkan olmasaydı, siz yenə dramaturq olacaqdınız?

- Bəli, düşünürəm ki, artıq “Otaq”-ı yazmaq üzrəydim, yəni o olmasaydı da, o oyun yazılacaqdı. Henri sadəcə bəzi şeyləri tətiklədi, onsuz da olacaq hadisə bir qədər tez baş verdi.

- Niyə oyunlarınızda sizi təmsil edən obraz yox idi?

- Məndə özüm haqqında deyiləsi bir şey olmadığı fikri var idi. Özüm haqqında danışmaq lazım olanda hardan başlamalı olduğumu bilmirdim. Xüsusilə də güzgüdə tez-tez özümə baxmağı vərdiş etdikdən sonra bu daha da çətinləşdi. Güzgüyə baxır və soruşurdum: “Bu lənətə gəlmiş kimdir?”

- Bəlkə, öz üzərinizdə yaratdığınız qəhrəmanı səhnədə görmək sizə güzgüdəki adamın kim olduğunu tapmağa kömək edəcəkdi?

- Xeyr.

- Yazmağa başladığınız illərdə aktyorluq oxuyurdunuz. Yəni əsas ixtisasınız bu idi.

- Hə, bütün ömrüm boyu da aktyor olaraq qaldım. Əslində heç universitetə getmirdim. Latın dilini bilmədiyim üçün ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul ola bilmədim. Sonra bir neçə dram məktəbinə yazıldım, amma açığı elə maraq naminə gedirdim, yəni ciddi yanaşmırdım. Zamanla bu janra olan marağım artıq bağlılıq formasına çatdı.

- Bəlkə sizi yazmağa meylləndirən elə dram məktəbləri olub?

- Yox. Bu sadəcə gün keçirmək üçün idi.

- Yazdıqlarınızda, ya da düşündüyünüz, canlandırdığınız kimi ifa edilən rollarda özünüzü necə görürsünüzmü? Yəni yaratdığınız istənilən obrazı səhnədə canlandıra bilərsiniz? Aktyorluğunuz dramaturgiyanıza necəsə kömək edirmi?

- Yazarkən onların hamısını öz-özümə yüksək səslə oxuyuram. Amma özümü hər rolda görmürəm - mən onların çoxunu heç oynaya bilməzdim. Aktyor kimi çatışmayan cəhətlərin heç biri məhdudiyyət deyil, yəni canlandıra bilmədiklərimi yazmağıma mane olmur, əksini bilmirəm. Məsələn, indi beynimdə bir oyun ideyası var – nədənsə bu tez-tez ağlıma gəlir – ancaq qadınlar haqqında olan oyun yazmaq istəyirəm, onu oynaya bilmərəm, amma bu yazmağıma mane olmur.

- Həyat yoldaşınız, Viviyan Merçant, tez-tez sizin oyunlarınızda çıxış edir. Onun üçün xüsusi parçalar yazırsınızmı?

- Yox. Heç vaxt hansısa aktyor üçün xüsusi parça yazmamışam və bu eynilə xanımıma da aiddir. Sadəcə düşünürəm ki, o çox yaxşı aktrisadır, onunla birgə işləmək çox maraqlıdır və onu öz oyunlarımda görmək istəyirəm.

- Gənclikdə teatra çox gedirdiniz?

- Yox, bəzilərinə. Donald Uolfitin oyunlarını çox bəyənirdim. Onun “Lear” əsəri mənim üçün hələ də izlədiyim ən yaxşı oyundur. Sonra uzun illər yalnız qiraətlə məşğul oldum, müasir dünya ədəbiyyatı, xüsusilə roman oxumağı sevirdim.

- Heç bir dramaturq yox idi oxuduqlarınızın arasında - Brez, Pirandello...?

- Əlbəttə ki, yox, uzun illər dramla maraqlanmamışam. Hələ erkən yaşlarımdan Dostoyevski, Ceyms Coys, Henri Miller, Heminquey və Kafkanı mütaliə edirdim. Bekketin romanlarını da oxumuşam, amma özüm pyes yazana qədər İoneskonun adını eşitməmişdim.

- Sizcə, bu yazarların yaradıcılığınıza hər hansısa təsiri var?


- Şəxsi mənada keyfiyyət, işgüzarlıq və digər cəhətlərdə oxuduğum hamının təsiri olub, öyrənməyə və mənimsəməyə çalışmışam. Amma yazdıqlarıma, üslubuma heç bir yazıçının hansısa formada təsiri olmayıb.

- Musiqini çox sevirsiniz. Sizcə, musiqi necə yazmağınıza, iş prosesinə təsir göstərirmi?

- Musiqinin yazı prosesinə necə təsir göstərə biləcəyi ilə bağlı bir fikrim yoxdur, amma ümumilikdə musiqini sevirəm, xüsusilə də caz və klassik musiqi. Yazıda isə musiqinin məndə yaratdığı xoş və qalıcı əhval-ruhiyyəni, dalğanı hiss edirəm. Bu isə birbaşa musiqidən təsirlənməkdən çox-çox fərqlidir. Hazırda daha çox Boulez və Uebernin bəstələrini dinləyirəm.

- Hansısa pyes üzərində işlədiyiniz zaman yazar-direktor münasibətləri necə tənzimlənir? Yazıçı-direktor əlaqəsində əsas detal nədir?

- Ən vacib məsələ müəllif və rejissorun aradakı özünümüdafiə məqsədli baryerləri aşa bilməsidir. Bu həm də ona görə vacibdir ki, qarşılıqlı inam və səmimiyyəti formalaşdırır. Əgər bunlar yoxdursa, nəyinsə üzərində işləmək onsuz da alınmayacaq, bu, sadəcə vaxt itkisidir.

- Yazmağa başlamazdan əlinizdə süjetin ilkin versiyası olurmu? Yoxsa hər şey yazı prosesində sıralanır.

- Demək olar ki, yox. Pyeslərimdə kimlərin, hansı tip obrazların olacağını onlar, bəli məhz özləri var olana, yaranana, mənə hardan gəldiklərini, kim olduqlarını göstərənə qədər bilmirəm. Əsla ideyanı və ya süjeti hansısa formada konspektləşdirmirəm. Sadəcə başlayanda əlimdə azar nöqtələr olur və mənim işim həmin açar detalları izləməkdir.

- Daha çox hansı hissələri yazarkən çətinlik çəkirsiniz, ya da belə deyək, bütün dramlarınızda həmin hissələr sizi yorur?


- Bilirsiniz, dramın tərkib hissələri elə qırılmaz şəkildə əlaqəlidilər ki, indi onun hansısa hissəsini mənə daha çox əziyyət verir deyə ittiham edə bilmirəm.

- Siyasi fikirlərinizi, ideyalarınızı yaratdığınız personajlar vasitəsilə ifadə etmək ağlınızdan keçibmi heç?


- Yox. Baxmayaraq ki, siyasətçilərin də ən azı mənim qəhrəmanlarım qədər çətin işlər üçün məsuliyyət daşıdıqlarını bilirəm, amma siyasət mənə qəti olaraq darıxdırıcı gəlir.

- Teatr rəqabətə ən meylli biznes sahəsidir. Yazar kimi başqa dramaturqlarla rəqabət halında olduğunuzun fərqindəsinizmi? Sizcə, həmkarlarınıza qarşı qərəzli rəqabət aparmırsınız ki?

- Yaxşı yazılar, ədəbi nümunələr məni həyəcanlandırır və həyatı yaşamaq üçün daha da dəyərli edir gözümdə. Mən istər öz sahəmdə, istərsə də ədəbiyyatda nəinki hansısa qərəzli rəqabətə, ümumiyyətlə, rəqabətə qoşulmamışam.

- Haqqınızda yazılanları oxuyursunuzmu?

- Hə. Amma çox vaxt nədən danışdıqlarını, söhbətin nədən getdiyini anlamıram, çünki hamısını izləmək imkanım olmur.

- Yazarkən auditoriyadan, onun zövqündən nə qədər xəbərdar olursunuz?

- Çox yox. Sadəcə bilirəm ki, bu fərqli insanlardan ibarət ictimai mühitdir. Çalışıram ki, auditoriyanı darıxdırmayım, onları baş verənlərin marağında, hadisələrin izində saxlayım. Bacardığım qədər maraqlı yazmağa çalışıram. Amma bunu da sırf onlar üçün etmirəm, yəni auditoriya olsa da, olmasa da edərdim.

- Yazdıqlarınızın bir neçəsini özünüz səhnələşdirmisiniz. Bu fəaliyyəti davam etdirəcəksinizmi?

- Xeyr. Belə qənaətə gəlmişəm ki, bu yanlış addım olub. Mənim işim yazmaqdır, yazanda daha məhsuldar oluram, daha çox iş görürəm. Dram səhnələşdirmək üçün mütəmadi olaraq çoxsaylı işlə paralel məşğul olmaq lazım olur. Özümü hər iki işdə sınamışam və yazıçı kimi daha işəyarar olduğumu düşünürəm.

- Səhnələşdirdiyiniz ilk pyesiniz hansı olub?

- “Kolleksiya” (“The Collection”) pyesini Piter Hol ilə birgə səhnələşdirmişik. Sonra “Sevgili” (“The Lover”) və “Cırtdanlar” (“The Dwarfs”) pyeslərini təxminən elə eyni vaxtlarda səhnələşdirdim.

- Qəhrəmanlarınızın qələminizin diktə etdiklərinə boyun əyməyib, beyninizdəki ideyanı – hətta ən dəyərli ideyanı – dəyişdirdikləri olubmu?

- Onlara səyahət, yeni fikir gətirmək imkanı versəm də, ipləri möhkəm tutur, çox uzaqlaşmaqlarına, tamamilə fərqli hekayələrlə qayıtmaqlarına imkan vermirəm. Onda yazmaq, nəyisə tamamlamaq çətin olar.

Hazırladı: Elcan SALMANQIZI

"Kaspi" qəzeti

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #