Əşyalarla xəyanət

Əşyalarla xəyanət
19 sentyabr 2014
# 11:05

Keçən il əlimə “Sekret” adında bir kitab düşmüşdü. Metafizika ilə bağlı. Kitabda deyilir ki , biz insanlar dayanmadan kainata enerji ötürürük. Nə qədər mənfi enerji ötürsək, o qədər mənfi enerji, nə qədər müsbət enerji ötürsək, o qədər də müsbət enerji alırıq.

Kitabı oxuduqca öz-özümə deyirdim: bunu mənə nənəm də demişdi, guya təzə söz yazıblar da... Bir neçə səhifə də ötürəndən sonra gördüm, kitabın müəllifi özü də boynuna alır ki, təzə söz demir. Bu kitabda yazılan məlumatların hamısı dində, xalq inanclarında vardır. Və bu məlumatlar tarixin böyük dühalarına məlum olub.


Kitabın təsirindən bu yaxınlarda qurtarmışam... Deyim ki, bu kitab məni xəstə eləmişdi. Hər hərəkətimdə ayaqlarını çaş-baş salan, yeriməyi yadırğayan qırxayağın gününə düşürdüm. Aman, birdən bu hərəkətim kainatın xoşuna gəlməz, filan sözümü kainat səhv anlayar, ordan mənə xoşagəlməz sürprizlər göndərər. Nəinki özüm xəstələnmişdim, yaxın dostlarımı, rəfiqələrimi, qohumlarımı da xəstələndirmişdim. Rayondakı bütün kasıb qohumlarım varlanmaq eşqilə həmin kitabı sifariş etdilər. Amma deyəsən heç biri o kitabda yazılanlara əməl eləyə bilmədilər deyə azacıq da olsa varlanmadılar.


Bu yaxınlarda da türk kanallarının birində bir qadının “Feng shui” haqqında danışdığının şahidi oldum. “Feng shui” nədir? Əşyaların interyerdə - evdə, iş yerində, restoranlarda düzgün yerləşdirilməsi elmidir. Bizim evimizdəki əşyalar belə kainata mesajlar ötürürmüş. Biz evimizdə yerləşdirdiyimiz əşyalar vasitəsilə uca kainata öz arzularımızı bildirirmişik. Məsələn, əgər siz yataq otağınızdakı çarpayını divara dirəmisinizsə, bu kainata “ər, arvad istəmirəm” mesajıdır. Yataq mütləq hər iki tərəfdən açıq olmalıdır. Yatağın ucu qapını görməməlidir, belə olanda yataq tabut effekti verir. Yataq otağında güzgü olmamalıdır. Çünki güzgü üçüncü adamı çağırır və xəyanətə yol açır. Təkcə bu cümlələr yetərlidir ki, qadınlar başını itirsin və yataq otaqlarıyla nə edəcəkləri barədə əl-haya düşsün.

Şəxsən mən ilk növbədə uşaqlarımın yataqları barədə düşündüm, qaçıb gedib baxdım instinktiv olaraq. Amma uşaq otağımız o qədər dardır ki, yatağı ağlımda min yerə qoydum, ürəyim istəyən kimi alınmadı. Onsuz da əşyaların yerini tez-tez dəyişdirən biriyəm. O “Feng shui”dən danışan qadın da elə bunu deyirdi ki, bu işdə qadınlar əvəzsizdirlər. Qadınlar rahatlıq tapmayana qədər evin əşyalarını ora-bura çəkməkdə davam edirlər. Əgər ərləri bu işdə onlara yardım eləmirsə, tezliklə hamısının belində “qrıja” yaranır.


İndi getdiyim bütün evlərdə əşyaların düzülüşünə fikir vermək xəstəliyinə tutulmuşam. Qonşuda, qohumda, hər yerdə... Kiminsə yatağı düzgün yerləşdirilməyibsə, masası düzgün qoyulmayıbsa, istəyirəm deyəm ki, bu yatağın, bu masanın yerini dəyişdirmək lazımdır. Amma baxıram ki, adamın başqa seçimi yoxdur. Nə isə ki, hər şey kimi bu “Feng shui” də varlılar üçündü. Kasıb adam dar otağında güclə yerləşdirdiyi yatağıyla neyləyə bilər ki? Ən yaxşısı bu barədə ona heç xəbər verməməkdir. Ən doğrusu bu cür məsələlərə inanmamaqdır. Əvvəllər adını xurafat qoyduğumuz çox şey günümüzdə metafizika adıyla geri gəlir və biz neyləyəcəyimizi bilmirik...


“Feng shui” bilicisi onu da deyirdi ki, evinizdə ölməkdə olan canlı bitkilər saxlamayın. Sağlıq sorunları yarada bilir. Mənsə, ölməkdə olan bitkilərimi yaxşılaşacaqları ümidiylə son günlərinə qədər tərk eləmirəm. Onları susuz, tənha şəkildə zibil qutularına ata bilmirəm. Öləndə də baş uclarında olmağı üstün tuturam. Sonra ehtiramla ölmüş bitkilərimi torpaqla qarışdırıram. Beləcə, onlar qovuşduqları torpağı zənginləşdirir, həm də dinclik tapdıqları yerə gedirlər həmişəlik. Bəziləri isə gözləmədiyim halda, yenidən cücərməyə başlayırlar. Onda ailəlikcə necə sevinirik?!


Nə isə... Gündə bir şey çıxarırlar. Nəsihət verən adamların əlindən heç rahatlıq yoxdu ki...

# 3285 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #