Buludlar dən səpər yerə, yollar göyərçin kimi

Buludlar dən səpər yerə, yollar göyərçin kimi
17 sentyabr 2014
# 11:11

Kulis.az Emin Pirinin şeirini təqdim edir.

Bu payız sənə vurulub

Buludlar dən səpər yerə,

yollar göyərçin kimi

dənlər yağışı.

”Bayatı-şiraz” kimi

qocalmış evlər dinlər yağışı.

Dodağı çatlamış asfalt küçələr

çəkib bu yağışı dodaqlarına

dodaq boyası kimi

göy üzüylə öpüşər.

Bu payız xeyli əsəbi,

bu payız bir az hirslidi.

Küləklər söykəyib ağacları

divar dibinə

Soruşur yayın sirrini

üz-gözünə çırpa-çırpa.

Yamanca vurulub bu payız sənə

küləyi üzüktək barmaqlarına

taxıb,

saçınla oynayar

xəzələ oxşadıb sarı telini.

Mirvari damlaları

düzüb bir-birinə

asar boynundan.

Buludlar intihar eləyir bəlkə,

atır yuxarıdan özünü

başı aşağı.

Gözlərində gözəl görünər

buludların ölümü.

Bir yağış damlası qorxub ölümdən,

Qorxub başı üstə yerə dəyməkdən

Yapışar kirpiklərindən.

Düşüb ovuclarına

yalvarar sənə:

“Qaldır əllərini dodaqlarına

nəfəs ver, isit məni”.

Yağış islatmaz səni,

yağışı isladar

sənin göz yaşın.

Çırpar,

çırpar buludlar yerin başına

Zərbədən ürəyi gedib

yıxılar yollar

Sərilər ayaqların altına.

Küləklər döyər qapını,

sonra dəcəl uşaq kimi

atandan qorxub

qaçar .

Sevər,

sevər səni bu payız.

Səhər ayılarsan, bu nədi Allah?!

yağış damlaları çiçəyə dönüb

Hamıdan çox

sənin pəncərənə atılıb.

Bu payız pozulub bir az,-

külək ipdən oğurlayıb köynəyini

asıb nar ağacından

Çəkib üzünə

qoxunu alar sənin.

Axtararsan,

Axtararsan yayın qalmış son ayını,

Necə gəldi bu avqustda payız axı?

Bilirsən,

Aldatdım yer kürəsini

aldatdım hamını

aldatdım səni.

Yaya rüşvət verib göz yaşlarımı

bir ay tez gətirdim həyətinizə

bir az tez gətirdim payızı sizə…

O payız mənəm bəlkə də!

# 1400 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #