Evlilik sevgidən daha vacibdir

Evlilik sevgidən daha vacibdir
15 sentyabr 2014
# 08:00

Dünya ədəbiyyatında “dedektiv janrının kraliçası” adlandırılan Aqata Meri Klarissa Miller - qısa olaraq Aqata Kristi 1890-cı ilin 15 sentyabrında İngiltərədə anadan olub. Onun ən məşhur əsərləri bunlardır: “Staylzdakı sirli hadisə” (1920), “Rocer Akroydun qatili” (1926), “Şərq ekspressində qətl” (1934). Aqata ilk əsərlərini anasının təsiri ilə yazıb. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmamağı üçün kiçik hekayələr yazmağı məsləhət görüb. O da “Gözəllik yuvası” adlı ilk hekayəsini qələmə alıb. Yazıçı daim ideal ər, xoşbəxt ailə arzusunda olub. Nəhayət, 1914-cü ildə hərbi pilot Arçibald Kristi ilə ailə həyatı qurub. “Arçi” bir müddət sonra-I Dünya Müharibəsində almanlara qarşı fransız qüvvələri ilə birgə döyüşmək üçün göndərilib. Aqata isə müharibə dövründə xəstəxanada könüllü kimi işə başlayıb. Tibb bacısı vəzifəsindən həmişə razılıq edən yazıçı müsahibələrinin birində: “Bu, insanın məşğul ola biləcəyi ən yaxşı peşədir”, - deyib.

Kulis.az Aqata Kristinin doğum günündə onunla bağlı maraqlı faktları təqdim edir.

- Aqata Kristi Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərələri dünyanın ən məşhur dedektivləridir, ümumilikdə isə kitabları “Bibliya”dan və Şekspirdən sonra ən çox nəşr olunan kitablardır.

- Yazıçının bir çox əsərlərinə filmlər çəkilib, amma Kristi onlardan cəmi birini bəyənib; bu da Albert Finninin çəkdiyi “Şərq ekspressində qətl”dir.

- Kristi 93 kitab, 17 pyes və Meri Uestmakot imzası ilə nəşr olunan 6 sevgi romanının müəllifidir. Kitabları 103 dilə tərcümə olunub. Ən çox satılan dedektiv roman müəllifi kimi Ginnesin Rekordlar kitabına düşüb. Yazıçının “Sıçan tələsi” pyesi son illərə qədər Londonda nümayiş olunmaqla, ən çox səhnədə qalan tamaşa kimi tarixə düşüb.

- Ədəbiyyat dünyasının ən məhsuldar yazıçılarından olan Aqata Kristi bir dəfə də əlinə qələm almayıb. 11 yaşına qədər məktəbə gedən Aqata yazmağı hələ 4 yaşında bacarsa da, əsərlərini özü yazmayıb, hamısını diktə edib. Səbəb isə yazıçıdakı disqrafiya adlanan, öyrənmə çətinliyi xəstəliyi olub. Bu xəstəlik onun oxunaqlı yazmağına maneçilik törədib.

- Kristi ən məşhur romanlarından olan - “Şərq qatarında qətl” romanını Türkiyənin İstanbul şəhərindəki “Pera Palas” otelinin 411 nömrəli otağında yazıb. “Aqata Kristinin otağı” yazıçının xatirəsi kimi qorunub. Yazıçıya əsər üçün ilham verən isə böyük ehtimalla gəldiyi Paris-İstanbul qatarı olub.

- Yazıçı arxeoloq əri Maks Malloenlə evlənəndə dediyi: “Ən yaxşı ər arxeoloq ərdir – qocaldıqca ona daha maraqlı olursan”, - sözünü yəqin sonralar geri götürüb. Çünki Maks Malloen də ilk əri Arçi kimi ona xəyanət etməkdən yorulmayıb. Hətta yazıçının ölümündən bir il sonra məşuqələrindən biri ilə evlənib.

- Müsahibələrinin birində yazıçı etiraf edib ki, romanlarının süjeti qab yuyanda ağlına gəlir: “Bu axmaq məşğuliyyət həmişə məni qətllər haqda düşünməyə sövq edir”. Kristi yazmazdan əvvəl isti vanna qəbul edib alma yeyərmiş. Daha əvvəl qeyd etdiyimiz kimi, yazıçı disqrafiya xəstəliyindən əziyyət çəkdiyindən əsərlərini ya diktə edir, ya da diktofona yazırmış. Ölümündən 40 il sonra nəvəsi evin çardağından nənəsinin 27 audiokasetə yazdığı müsahibələrini tapıb.

- A.Kristi avtobioqrafiyasında sevdiyi və sevmədiyi şeyləri sıralayıb. Demə, onun gözünün düşməni bunlar imiş: “Adamların arasında ilişib qalmaq, basabas, yüksək səs, çox danışan adamlar, ziyafətlər, xüsusilə kokteyl ziyafətləri, siqaret və tüstülü şeylərin çəkilməyi, içkilər, marmelad, soyuq yemək, boz səma, quşların ayaqları”. Ən nifrət etdiyi isə isti südün dadı və qoxusu olub.

Sitatlar:

- Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun.

- Xoşbəxt insanların həyat hekayələri olmur.

- Müharibə heç bir problemi həll etmir; qalibiyyət elə məğlubiyyət kimi dağıdıcı təsir göstərir.

- Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır?

- Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək.

- Əgər yeni doğulmuş körpəyə hədiyyə vermək imkanım olsaydı, mən yalnız bir şeyi seçərdim – Yaxşı xasiyyət.

# 3688 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #