Əcnəbi dildə danışan kinoteatrlarımız ARAŞDIRMA

Əcnəbi dildə danışan kinoteatrlarımız <span style="color:red;">ARAŞDIRMA
11 sentyabr 2014
# 15:03

Milli Kinonun, dolayısı ilə kinoprokatın, kino bazarının saysız problemləri sonucda gəlib yerli tamaşaçının ilk baxışda görünən və görünməyən problemlərinə çevrilir.

Görünən problemlərdən biri də kinoteatrlarda filmlərin xarici dillərdə təqdim olunmasıdır. Bir azərbaycanlı olaraq tamaşaçının xarici filmlərə ana dilində baxmaq imkanı yoxdur. Sosial şəbəkələrdə dəfələrlə qaldırdırılmış məsələ bu günlərdə yenidən gündəmə gəldi. Kulis.az bu məsələ ilə bağlı araşdırmanı təqdim edir.

İlk olaraq “28 Cinema” kinoteatrına “Azərbaycan dilində film varmı?” kimi ilk baxışda sadə görünən sualla müraciət etdik. Yalnız türk və rus dillərində filmlər olduğunu söyləyən inzibatçı həftədə bir dəfə ingilis dilində də film göstərildiyini söylədi: “Amma Azərbaycan dilində film yoxdur”.

Bu problem təkcə “28 Cinema” kinoteatrlar şəbəkəsində yaşanmır. Kinoteatrların demək olar ki, hamısında vəziyyət eynidir. Aydınlıq gətirmək üçün ilk növbədə Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxova müraciət etdik.

Şeyxov kinoteatrlara təsir etmək üçün nazirliyin hansısa hüquqi tənzimlənmə mexanizminin olmadığını söylədi: “Biz monitorinqlər apardıq, vəziyyəti öyrəndik. Daha sonra məsələ ilə bağlı müşavirə etdik, ora kinoteatr rəhbərlərini də dəvət etdik. Onlar bu müşavirədən sonra bir müddət filmləri subtitrlə verdilər. Amma sonra yenə də filmlər başqa dildə təqdim olunmağa başladı. Bizim onlara təsir etmək üçün hansısa rəsmi-hüquqi əsasımız yoxdur. Amma nazirliyin bu istiqamətdə gördüyü başqa bir iş kinematoqrafiya haqqında qanunun hazırlanmasıdır. O qanunda kinoteatrda filmlərin Azərbaycan dilində təqdim olunması da qeyd olunub. Qanun Ədliyyə Nazirliyindən keçib, başqa nazirliklər də bu qanun layihəsinə baxmalıdır. Sonra layihə Milli Məslisə təqdim olunacaq. Yəqin qanun qəbul olunandan sonra məsələ artıq hüquqi müstəvidə həll olunacaq”.

Yusif Şeyxov həmçinin, filmlərin Azərbaycan dilində təqdim olunmamasının mənəvi tərəfindən başqa iqtisadi tərəfinin olduğunu da söylədi. Onun fikrincə, bununla kinoteatrın auditoriyası daralır və onlar çoxlu sayda azərbaycandilli tamaşaçı itirirlər.

Bəs kinoteatrların bu məsələ ilə bağlı hansı problemləri var? “28 Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnarə Rəhimova “Niyə filmlər Azərbaycan dilində təqdim olunmur?” sualına belə cavab verdi: “Əlbəttə, bunun səbəbləri var. Buna qədər iki filmi başqa studiyalarda dublyaj etdirmişik - bir bədii, bir cizgi filmi. Bir filmin dublyajı 5-7 min manata başa gəlir. Biz o filmləri səsləndirmə və ya dublyajla təqdim etsək, gərək biletlərin qiymətini qaldırıb 25-30 manat edək. Buna tamaşaçının gücü çatmaz. Həm də bizim ayrıca dublyaj studiyamız yoxdur. Subtitrə gəlincə, bunun özü də bahalı işdir. Bunun üçün müvafiq avadanlıq yoxdur, subtitrləri Rusiyada yazdırmalıyıq, bu da yenə ucuz başa gəlmir. Əgər dövlət dublyaj studiyası açsa, ora peşəkarları toplasa, biz də filmləri dublyajla təqdim edərik. Bir də, biz “28 Cinema” olaraq, yeni filmləri dünya premyerası günündən çox keçmədən təqdim edirik. Amma dublyaja vaxt sərf etsək, ən azı iki həftə gecikəcəyik”.

Paytaxtın ən iri kinoteatrı olan Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov isə dublyaj məsələsinin distribütor şirkətlərdən asılı olduğunu söylədi: “O demək deyil ki, biz Azərbaycan dilində vermək istəmirik. Əksinə, yeni filmlərin türkcə dublyajı olanda onun türk variantını təqdim etməyə çalışırıq. Türk dilində olan filmlərə rus dilindən fərqli olaraq, çoxlu sayda tamaşaçı gəlir. Amma biz gücümüz xaricində olan işi edə bilmərik.

Kinoteatrların filmləri dublyaj etməyə ixtiyarı yoxdur. Kinoteatr ancaq filmlərin prokatı ilə məşğul olur. Biz filmləri xarici distribyutorlardan alırıq. Dublyaj haqqını Fox, Disney, Universal kimi böyük film şirkətləri, distribyutorlar verməlidir. Bu filmlərin sahibləri onlardır. Onlar görməlidir ki, Azərbaycanda kino bazarı var və onlar bu filmlərə yatırım etsələr itirməyəcəklər.

Amma siz düşünməyin ki, heç kəs böyük şirkətlərə bununla bağlı müraciət etmir. Həm bu filmləri alıb Bakıya gətirən distribütor şirkətləri, həm də kinoteatrlar o şirkətlərə müraciət edir. Biz istəyirik ki, onlar dublyaja icazə versinlər. Bu mövzuda bizə film verən distribütorlarla danışıqlar aparırıq. Məncə, bu yaxınlarda bu məsələlərlə bağlı dəyişiklik olacaq.”

# 3894 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #