Günəşin batdığı Xocalı: ƏN TƏSİRLI XOCALI FİLMİ  LAYİHƏ

Günəşin batdığı Xocalı: ƏN TƏSİRLI XOCALI FİLMİ  LAYİHƏ
10 sentyabr 2014
# 12:29

“Ən yeni Azərbaycan kinosu” LAYİHƏ

Sevda SULTANOVA

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

“Günəşin batdığı yer...”

Çəkildiyi il: 2012

Xronometaj: 56 dəqiqə

Rejissor: Elşən Zeynallı

Ssenari müəllifi: Eldar İsgəndərzadə

Operator: Ramin Bəşirov

İstehsalçı şirkət: Azad Azərbaycan TV

Süjet:

Film erməni vəhşiliyi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir.

Bakıda və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınan filmdə ayrı-ayrı insanlar tükürpədici hekayətlərini danışır. Eyni zamanda filmdə hərbi operator Seyidağa Mövsümlünün Xocalı faciəsi ilə bağlı lentə aldığı, amma geniş yayılmayan kadrlardan istifadə olunub.

Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirir. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə olunub və bir çox ölkələrdə göstərilib.

Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.

Dosye:

Elşən Zeynallı 1975-ci ildə doğulub. 1992-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Bədii kino və televiziya filmləri rejissorluğu ixtisası üzrə xalq artisti Eldar Quliyevin yaradıcılıq emalatxanasında təhsil alıb. Təhsil müddətində bir neçə tələbə-tədris filmlərini ərsəyə gətirib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb. 1999-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor kimi çalışıb. Dövlət sifarişi ilə çəkilən bir sıra filmlərin müəllifidir. “Vokal”, “Qədim hamamlar”, “Nehrəmli qız”,

“Ağ rəngin melodiyası”, “Tərəkəmə”, “Mariya”, “Bizim qəribə taleyimiz”, “Fransız qadının gündəliyi” və s. sənədli filmlərin rejissorudur. Respublika Gənclər mükafatının laureatıdır. 2011-ci ildən ATV İnternational kanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi çalışır.

Elşən Zeynallı ilə müsahibəni təqdim edirik.

- Adətən bu layihədə rejissorların fikrilərini də nəzərə alıram. Yəni rejissor müzakirə üçün istədiyi filmini təklif edə bilər. Amma siz seçimimlə dərhal razılaşdız. Bu, ən sevdiyiniz filmlərdən biridir?

- Peşəkarlıq baxımından tam əmin olduğuma görə razılaşdım. Və bu, plakat filmi də, lap elə məntiqsiz film də ola bilər. Amma filmlərim çox səliqəlidir, vergülü, nöqtəsi yerindədir, kinematoqrafik qanunlara əməl olunur. Buna görə çox tez razılaşdım. Bəlkə də, sizin təklif etdiyiniz film məcazi mənada desək, bətnimdən gəlmədiyinə görə dedim ki, elə bu olsun.

- Yəni demək istəyirsiz ki, “Günəşin batdığı yer…” sizin dilinizlə desək, bətninizdən gəlməyib?

- Amma bununla belə bu filmi doğma edə bildim. “Günəşin batdığı yer…” ATV kanalının televiziya filmləri studiyasında istehsal olunub. Bu, sifariş filmidir və layihənin rəhbərləri mənə az da olsa yaradıcı azadlıq verdilər.

- Məsələn, sifarişçilərin qoyduğu şərt nədən ibarət idi?

- Dedilər ki, film respublika əhəmiyyətli sifarişdir. Xocalıdan çox filmlər ediblər. Biz isə elə çəkməliyik ki, yeni nə isə olsun, film fərqlənsin. Filmlə səs-küy yaratdı, disklər yayıldı, səfirliklərə paylanıldı. Televiziyaya zəng edib diski xahiş edirdilər. Burda onların marağına səbəb əvvəldə və sonda bədii detalların olması idi, həm də qəhrəmanları tapmışdım. Orda qəhrəmanlar vardı ki, həm mənəvi, həm fiziki zorlanmaya məruz qalmışdılar. Onların daxilini, obrazını istədiyim kimi aça bilmirdim. Digər tərəfdən bu məqamlarla bağlı çox təfərrüata varılmasına izn verilmədi. Amma müstəqil çəksəydim, başqa şey edəcəkdim. Mən o filmdə həm içimdən ağlamışdım, həm də qəzəblənmişdim. Ekran ağdır və heç kəsə icazə verilmir ki, məhsul hazır olandan sonra çıxıb, tamaşaçıya desin ki, mən belə eləmək istəyirdim, amma belə alındı. Yəni fakt artıq alınan məhsuldur, sənin bəraətin yox. Çəkiliş zamanı elə kadrlar olurdu ki, içimi tərpədirdi, amma gəlib onu montajda kəsəsi olurdum. Çünki sifarişçiyə məhz bu məqamlar lazım deyildi.

- Məsələn, siz o filmi neçə görürdüz? Müstəqil işləsəydiniz neçə çəkərdiz?

- Birincisi, film janrına görə bədii-sənədli televiziya filmidir. Mənə qalsa idi, onu sırf sənədli film kimi lentə alardım. Filmi reportaj üslubunda yox, müşahidə metodundan istifadə edərək çəkərdim. Xocalı faciəsini yaşayan insanlarla iki-uç ay yaşayardım, o, qəsəbədə gördüklərimi dən-dən yığardım. 20 gün ərzində çəkiliş edib, bitirməzdim. Elə onların içində operatorla gəzərdim, maraqlı kadrları çəkərdik. Orda iki xanım vardı, əslində onlar yaşamırdılar, sadəcə, mövcud idilər sanki. Kamera qarşısında danışırdılar, amma kamera sönən kimi dəhşətli şeyləri bizə yaşadırdılar. Bilirsiz, belə insanlara birbaşa demək olmaz ki, sizi çəkməyə gəlirik.

- Faciəni yaşayan insanları danışmağa, çəkilişə razı salmaq çətindir. Buna necə nail olduz?

- Düzdür. Mən onların ehtiyaclarından istifadə elədim. Deyirdim ki, siz çəkilsəz məişət problemləriniz də diqqətə gələcək. Və onlara kömək üçün lazımi yerlərə müraciət edirdim. Əgər nəyisə eləyə bimədimsə məni bağışlasınlar. Azərbaycanda yaşayan fransız qadından film çəkirdim, onun evində ilanlar gəzirdi. Ən böyük arzusu o idi ki, bu problem həll olunsun. “Fransız qadının gündəliyi” filmi insan, qadın həyatının tənhalıq hekayətidir. Səfirlik də üç filmdən bizim işi istədi. Dedilər ki, ən səmimisi budur. Biz onun evində səkkiz gün yaşadıq, hardasa istədiyimiz kimi çəkə bildik. Evini də tikdilər.

- Sənədli filmin yazılmamış qanunlarından biri budur ki, onu müəyyən edilmiş konkret vaxt çərçivəsində çəkmək çətindir. Siz bu problemi necə həll edirsiz?

- Ümumiyyətlə, o imkanlar yoxdu. O halda mümkündür ki, varidatım olsun. Maddi qayğı çəkmədən maliyyə xərcləyib sənədli filmi işləyim. Moziə oxumasınlar, şərt qoymasınlar. Filmi istədiyim kimi yığım. Amma nə qədər çətinliklər olsa da, işlədiyimiz mövzudan ortaya nəsə çıxarırıq. Bu sənədli filmdə ciddi maliyyə dəstəyi olmadan 3000-dən artıq adam çəkilib. Kütləvi səhnələri nəzərdə tuturam. Sağ olsun, camaat da kömək elədi. Çəkilişlər Goranboyda olub. Həmin ərazi Xocalıya oxşayırdı relyefinə görə. Həm də Xocalı ictimaiyyəti indi orada yerləşib. Nə qədər desəm də ki istədiyimi eləyə bilmədim, amma sevə bildim onu, özümünkü edə bildim. Müəllif kinosunda belədir ki, ağırlarını, iztirablarını çəkirsən. Bir də var ki, başqasının ssenarisi. Bu, çətindir. Amma hər halda film bir çox qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin diqqətini çəkdi. Mətbuat yazdı bu haqda. Filmin qəhrəmanlarından ikisi demişdi ki, filmdən sonra təskinlik tapdıq. Rahat olduq ki, dərdimizi, faciəmizi əvvəl yüz nəfər bilirdisə, indi min nəfər bilir. Dərdimizi bölüşdüyümüz üçün yüngülləşdik.

- Xocalı faciəsi ilə bağlı istər bədii, istərsə də sənədli filmlərdə fakta birbaşa münasibət var, kinematoqrafik kontekst yoxdur. Məşhur kadrların yalnız fakt kimi göstərilməsi, montajın, rakrursların, fərqli traktovkaların imkanlarından istifadə edilməməyi həmin görüntüləri bir növ yorucu edir, yeni informasiya vermir. Müəyyən mənada sizin filmdə də vardı. Amma məsələn, sizin filmdə məni ən çox təsirləndirən danışan qəhrəmanlar idi.

- Biz bir az yaxın düşə bilmişdik onlara. Qəhrəmanlarla gərək yaşayasan, gününü onlarla keçirəsən. Onlar gərək səni özlərinə, iç dünyalarına yaxın buraxsınlar. Ümumiyyətlə, sənədli film çəkəndə qəhrəmanla həmdərd olmağı bacarmalısan. Sənədli film əslində faktdır. Bədii kinoda isə proses maraqlıdır, insan öldürülürsə, niyə və necə öldürülür sualı əsasdır. “Günəşin batdığı yer…” filmində bir çox kadrlar var idi ki, ilk dəfə tamaşaçıya təqdim olunurdu. Dəhşətli kadrlar idi, xatırlayırsınızsa. Onları bizə hərbi operator Seyidağa Mövsümlü vermişdi. O, özü ağır döyüş yolu keçərək faciəni lentə almışdı. Xocalı faciəsini ilk çəkən peşəkar operatordur. Təəssüf ki, indi onun adı heç yerdə çəkilmir. Bir az da çətin xasiyyətli insandır. Amma mənə o qədər inandı ki, bu faktoloji kadrları verdi. Ümumilikdə, haqlısız ki, bu kadrlar bəzən yorucu görünür, çünki baxmaq olmur. Bəli, film elə əslində o danışan insanların içində, gözündə, yaşadıqları iztirablarda idi.

- Filmdəki qəhrəmanlardan biri, ələ keçməmək üçün Salatın adlı qızını boğmaq istəyən qadının əhvalatı maraqlı kinematoqrafik detaldır. Çox təsirli olan bu əhvalat tammetrajlı film mövzusudur və mən, hadisəyə başqa baxış deyəndə bunları nəzərdə tuturam.

- Qadının obrazını elə televiziya variantında həll elədik ki, guya, onu efirə çağırıblar, müxbir onu danışdırır. Qadının özü filmdir, mən filmi elə qadının üzərində də qura bilərdim. Amma dediyim kimi sifariş olduğundan müəyyən çərçivələr vardı. Filmi çəkəndə tamaşaçını da düşündüm ki, çevirməsin kanalı. Janr baxımından efir üçün düşünülmüşdü. Mənə elə gəlir ki, alındı. Hər il də efirə verilir.

- Mövzuya yenidən bədii film kimi qayıtmaq istərdizmi?

- Düzünü deyim ki, bu mövzuya qayıtmaq istəməzdim. Başqa mövzularım, ideyalarım var. Bədii film çəkməyin yanğısını, susuzluq təşnəsi kimi yaşayıram. Ssenarilərim də var. Çəkə bilsəm, maliyyə tapılsa içimi boşaldardım.

- Mədəniyyət Nazirliyinə niyə müraciət etmirsiz?

- Eləmişəm, gözləyirəm, görək sonu nə ilə nəticələnəcək. Ancaq ümidlərim böyükdür. Bu gün Azərbaycanda kütləvi kino tənəzzülə uğrayır. İndi hamı kino peyğəmbərlik edir. Festivala getməyən kino sanki kino deyil. 250 milyonluq rus xalqı Eldar Ryazanov gələndə ayağa qalxır. Eldar Ryazanov heç bir festivalın iştirakçısı olmayıb. Ancaq onun filmləri ilə bütöv bir nəsil yetişib. Sadalasaq, belə ustadlar çoxdur. Onların filmlərinin ekran ömrü əlli-altmış illərlə ölçülür. Yəni bugünkü bəzi kino məmurlarının fikirləri yanlışdır.

- İndi nə üzərində işləyirsiz?

- Qafqaz İslam Ordusu və Çanaqqala savaşı haqda sifarişli filmi bitirmişəm. Üç mindən artıq azərbaycanlı Çanaqqalada vuruşub şəhid olublar. Bunu Türkiyə ilə müştərək işlədik.

İlqar Fəhminin dram əsəri üzərində işləmək istəyirəm. Müəlliflə ciddi yaradıcılıq söhbətlərimiz olub. Çox ciddi bir işin ortaya çıxacağına ümidvaram. Neyləyim, bədii yaradıcılıq təşnəsini teatrda söndürməyə çalışıram. Bədii film çəkmək imkanım olsa idi, daha rahat olardım. Çünki təfəkkür tərzim kinematoqrafdır.

Filmi burdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=YPH_kcdpDPY

# 3238 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #